06 iyun 2018 00:42
1338

Biz son illər ərzində güclü hərbi potensial yarada bilmişik

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə çıxış edən Prezident  İlham Əliyev o dövrdə AXC fədailərinin müstəqilliyimizin əbədiliyi naminə apardıqları islahatlardan bəhs edərkən ordu quruculuğu istiqamətində  atılan ilk addımları da  yüksək dəyərləndirdi:

“Azərbaycan Xalq Cümhuriyyəti 23 ay ərzində fəaliyyət göstərmişdir. Ancaq bu müddət ərzində böyük işlər görə bilmişdir. Azərbaycanın dövlət bayrağı təsis edilmişdir, Azərbaycan vətəndaşlığı təsis edilmişdir, milli ordumuz yaradılmışdır. Gələn ay biz ordumuzun 100 illiyini qeyd edəcəyik. Azərbaycanın Milli Ordusu 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik dəstələrindən, işğaldan azad etmişdir və bizim qədim tarixi şəhərimiz olan Bakını Azərbaycan xalqına qaytarmışdır.”

1993-cü ildə hakimiyyətə qayıdışı ilə bu siyasətə sadiq qalan, ilk növbədə ölkənin iqtisadi qüdrətinin möhkəmlənməsinə çalışan ümummilli lider Heydər Əliyev ordu quruculuğu istiqamətində həyata keçirdiyi islahatlara da  böyük önəm vermişdir. Nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini göstərdi. Bu gün  qüdrəti, şücaəti ilə iftixar duyduğumuz Silahlı Qüvvələrimizin nizami ordu kimi  formalaşması üçün siyasi və dövlətçilik  təcrübəsinə əsaslanan Ulu Öndər  hərbi sahədə də  liderliyini təsdiqlədi.

Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmana əsasən 26 İyun - Silahlı Qüvvələr Günü Azərbaycanda ümumxalq bayramı kimi qeyd edilir.  Milli kadrlar hesabına möhkəmlənən ordumuzda xidmət  edən zabitlərin əksəriyyəti  ulu öndər Heydər Əliyevin   sovetlər dövründə yaratdığı və Azərbaycanın hərb tarixində xüsusi yeri olan Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunlarıdırlar. 

XX əsrdə ikinci dəfə müstəqilliyini əldə edən, şərəfli yol keçərək inkişaf edən ölkə kimi beynəlxalq münasibətlər sistemində özünün layiqli yerini tutan Azərbaycan  hərbi qüdrəti ilə də  regionda  fərqlənir. Ulu öndər Heydər Əliyevin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycan bütün çətinlikləri arxada qoyaraq iqtisadi inkişafı, beynəlxalq aləmdə  artan nüfuzu ilə tərəqqi dövrünə qədəm qoymuşdur. Müasir dünyamızda  gərginləşən siyasi  vəziyyət,  münaqişə ocaqlarında  susmayan atəş səsləri bir həqiqəti özündə ehtiva edir. O həqiqət ki,  Azərbaycanı dünya miqyasında  güclülər sırasına  çıxaran Prezident İlham Əliyevin çıxışlarında da  əksini tapır. “Bugünkü dünyada güc amili əsas rol oynayır. “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsipdir. Bu, reallıqdır. Biz real dünyada yaşayırıq. Əlbəttə, beynəlxalq davranış qaydaları, beynəlxalq hüquq normaları var və beynəlxalq təşkilatlar fəaliyyət göstərir. Ancaq biz bu fəaliyyətin konkret nəticələrini görmürük” sözləri ilə  dünyada ikili standartların hələ də “söz sahibi” olmasını bildirən  dövlət başçımız  bir çox hallarda dövlətimizə, xalqımıza qarşı ədalətsizlikləri qətiyyətlə pisləyərək dünya düzəninin tələbinə  uyğun ölkənin  güclənməsini daim diqqətdə saxlayır. Təbii ki, dövlətin qüdrəti iki amillə müəyyənləşdirilir: iqtisadi müstəqillik və güclü, nizami ordu. İqtisadi qüdrətin artması özlüyündə ordu quruculuğu istiqamətində aparılan islahatların müsbət nəticələnməsini təmin edir. Real vəziyyəti çox düzgün təhlil edərək  təhlükəsizliyimizin qorunmasını, Azərbaycanın işğal altında  qalan torpaqlarının azad olunmasını daxili və xarici siyasətimizin başlıca vəzifəsi kimi  diqqətdə saxlayan Prezident,  Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi  taleyüklü məsələlərin həllində yalnız iqtisadi gücümüzə, hərbi  qüdrətimizə, Azərbaycan xalqının  birlik və həmrəyliyinə  arxalanmalıyıq. Eyni zamanda  müstəqilliyimizin qorunmasının başlıca şərti olan güclü orduya malik olmalı,  Silahlı Qüvvələrimizin  hərbi avadanlıq və silah sursatla təminatına  xüsusilə diqqət artırılmalıdır. Ərazisi işğal olunan, müharibə şəraitində yaşayan Azərbaycanın ordu quruculuğu ilə bağlı islahatların aparılması,  dövlət büdcəsindən ayrılan vəsaitlərin artırılması da vacibdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində  həllini tapması üçün  mövcud variantlardan,  işğala məruz qalsa belə sülh danışıqlarından istifadə etməklə həllinin tərəfdarı olan, nahaq qan tökülməsini istəməyən Azərbaycan dəfələrlə bildirib ki, nə Azərbaycan xalqı, nə də Azərbaycan dövləti Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına razı olmayacaq: “Baxmayaraq ki, qeyd etdiyim kimi, bugünkü Ermənistan ərazisi bizim tarixi torpağımızdır. Ancaq biz öz torpağımızı heç kimə verməyəcəyik və heç vaxt bu vəziyyətlə barışmayacağıq.” Ali Baş Komandan Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin, ordumuzun hərbi avadanlıq və  silah- sursatla təminatının daha da artırılmasını ölkəmizin daxili işi olduğunu da vurğulayır.  İslahatların məqsədyönlü aparılmasının nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları arasında 50-ci yerdədir. Münaqişənin tezliklə, ədalətli həlli  üçün daha da güclü olmaq şərti  dövlət siyasətimizin dəyişməyən prioritetidir. Bu gün Azərbaycan dünya miqyasında qüdrətli dövlət kimi tanınır.

2014-2016-cı illərdə təmas xəttində təxribat törətməyə cəhd göstərən düşmənə layiq olduğu cavabı verən Azərbaycan əsgəri  hər zaman döyüş əhval-ruhiyyəsindədir. Həmin təxribatlar zamanı çoxsaylı itki verməklə geriyə çəkilən Ermənistan ordusu aprel döyüşlərinin zərbəsindən hələ də özünə gələ bilmir. Aprel döyüşləri zamanı əsgərlərimizin şücaətini, hərbi hazırlıq qabiliyyətini yüksək qiymətləndirən  Ali Baş Komandan İlham Əliyev düşmənin məğlubiyyətini də  tarixi qələbəmiz kimi dəyərləndirdi: “Bizdə olan məlumata görə, düşmən indi təlaş içindədir, isterikaya qapılıb. Təmas xəttindəki məğlubiyyətindən sonra bizdən qisas almağa çalışıb, ancaq o cəhdlər də uğursuz olub. Nə qədər çox təxribat törədəcəklərsə, o qədər də çox itki verəcəklər. Bir daha demək istəyirəm ki, bu gün Azərbaycan Ordusu öz üstünlüyünü göstərir. Bizdə olan vətənpərvərlik ruhu, döyüş qabiliyyəti, texniki imkanlar əlbəttə ki, üstünlüyümüzü şərtləndirir. Azərbaycan Ordusunun arsenalında mövcud olan texnika, silah-sursat Dağlıq Qarabağda və Ermənistanda istənilən hədəfi yüksək dəqiqliklə məhv edə bilər.”

Aprel döyüşləri  hərb tariximizə  böyük qələbəmiz kimi  həkk olundu. Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının torpaqlarının bir hissəsini işğalçılardan azad etdi, minlərlə hektar torpağa  hazırda Azərbaycan əsgəri nəzarət edir. Düşmənə göz dağı olan Azərbaycan xalqının gücünü, yenilməz ruhunu göstərən bayrağımız Lələtəpədə dalğalanır. İşğaldan azad olunan torpaqlarımızda  həyat qaynayır. İnsanlar  yaşamaq üçün   işğaldan azad olunan  Cocuq-Mərcanlıda salınan yeni qəsəbələrdə  məskunlaşırlar. Bu günlərdə  qəsəbəyə növbəti  köç başlayıb.  Bütün Azərbaycan xalqı əmindir ki, Cocuq Mərcanlı qəsəbəsində aparılan quruculuq işləri böyük qayıdışın ilk addımları,  dirçəliş rəmzimizdir.

Azərbaycan Ordusunun əsgərləri  düşmən üzərində üstünlüyünü bu günlərdə bir daha  göstərdi. Ötən ay   Naxçıvan MR-ə  səfəri zamanı muxtar respublikanın təhlükəsizliyinin təminatı, müdafiə qabiliyyətinin vəziyyəti ilə də tanış olan dövlət başçımız, Ali Baş Komandan İlham Əliyev  bildirdi ki, son illərdə  Azərbaycan Ordusunu böyük dərəcədə  gücləndirə bilmişik. Küçədən  hakimiyyətə gələn və  sərsəm  proqnozları ilə   münaqişə ilə bağlı vəziyyəti daha da gərginləşdirən Ermənistanın baş naziri Nikol Paşinyana tutarlı cavabı işğalçının kabusuna çevrilən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əsgərləri  verdi. Arpa (Areni) bağları və tərk edilmiş Günnüt kəndi istiqamətində irəliləyən Azərbaycan Silahlı Qüvvələri strateji əhəmiyyətli təpələrə, əsas magistral yola nəzarəti ələ alaraq bir daha üstünlüklərini, düşmənin miskinliyini və torpaqlarımızı hər an azad  etməyə hazır olduqlarını bildirdilər.    Fərəhləndirici haldır ki, digər sahələrlə yanaşı, ordu quruculuğunda da  aparılan islahatlar, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi nəticəsində Azərbaycan Ordusu  NATO standartları səviyyəsində  güclənmişdir.

Ermənistanla təmas xəttində üstünlüyü əldə edən və düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusunun təminatını daha da gücləndirmək məqsədilə yaradılan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi bəzi  hərbi avadanlıqların idxalını da  azaldıb. 

Aprel döyüşləri zamanı düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində  Azərbaycan istehsalı olan hərbi təyinatlı məhsullar mühüm rol oynamışdır.

Azərbaycanda müxtəlif növ silahlar, sursatlar, hərbi texnika istehsal olunur və bu istiqamətdə işlər təkmilləşdirilir. Patronlar, silahlar, mərmilər, tapançalar, avtomatlar, pulemyotlar, minaatanlar, snayper tüfəngləri, zirehli texnika bütün Azərbaycanda istehsal olunur. Azərbaycan  iki dəfə “ADEX” adlı beynəlxalq  müdafiə sərgisinə ev sahibliyi edib. Bir neçə il bundan əvvəl qarşıya vəzifə qoyulmuşdu ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün xərclərinə bərabər olmalıdır. Bu vədlər artıq reallaşıb. Bu gün Azərbaycanda müdafiə xərclərinə sərf olunan vəsait Ermənistanın bütünlükdə dövlət  büdcəsindən 50 faiz artıqdır.   Müharibə şəraitində yaşayan Azərbaycan   hərbi potensialını gücləndirməklə münaqişənin  sülh yolu ilə həlli üçün də səylərini artırır. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, ərazi bütövlüyümüzün bərpası üçün başqa variantlar da  istisna deyil.

Silahlı Qüvvələrimizin daha da güclənməsi naminə müasir tipli döyüş təyyarələri, döyüş və hərbi nəqliyyat helikopterləri, artilleriya qurğuları, zirehli texnika, rabitə vasitələri, pilotsuz təyyarələr alınır.

Separatizmə qarşı  yaranan yeni yanaşma nəticəsində Avropa İttifaqında münaqişələrlə bağlı Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrin konfransında qəbul edilmiş qətnamə də ədaləti və beynəlxalq hüququ əks etdirir. Qətnamədə bu proqrama daxil olan ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı bir daha təsdiqləndi. Bununla bərabər, Azərbaycan  Dağlıq Qarabağ  münaqişəsinin həlli ilə bağlı bütün  istiqamətlərdə ardıcıl siyasət aparır. Siyasi yanaşma ilə bərabər hərbi amil əlbəttə ki, öz rolunu oynayır və oynayacaqdır.  Müharibə  şəraitində yaşadığımız üçün ordu quruculuğu  hər zaman aktuallığını  saxlayır.  Azərbaycanın güclü hərbi potensialı beynəlxalq  qurumlar, hərbi ekspertlər tərəfindən də  təsdiqləyir.

Azərbaycan Ordusu  keçirilən genişmiqyaslı hərbi təlimlərdə  gücünü göstərməklə  düşməni qorxuya salır. Ermənistan da aydın başa düşür ki,  Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızı hər an işğaldan azad etmək qüdrəti  reallıq, həqiqətdir. Hərbi amil münaqişənin ədalətli həlli üçün mühüm rol oynayır və  Azərbaycan  bundan sonra da müdafiə qüdrətini, potensialını gücləndirəcək.  Yoxsul Ermənistandan fərqli olaraq  Azərbaycan  müdafiə qüdrətini öz vəsaitləri hesabına  gücləndirir. Düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu göstərmişdir.

Xuraman İsmayılqızı, “İki sahil”