Dövlətimizin başçısı Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bir daha uğurlarımıza yol açan “Əsrin müqaviləsi”nin iqtisadi və siyasi əhəmiyyətindən bəhs edərək bu fikri böyük inamla bildirmişdir ki, bu gün biz müstəqil dövlət kimi ayaqda möhkəm dayanmışıq, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edirik
26 ildən artıq müstəqillik tarixinə malik olan Azərbaycanın son 15 ildə qazandığı uğurların miqyasına diqqət yetirsək, ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirildiyini böyük fəxr hissi ilə qeyd edərik. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisini irəli sürərək, ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsini təmin etmək məqsədilə səylərin birləşdirilməsinə, qarşılıqlı təcrübə mübadiləsinə xüsusi önəm verən ulu öndər Heydər Əliyevin səyləri nəticəsində tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsi imzalandı. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi bu günə qədər görülən işlərin zirvəsidir. Təbii ki, çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələri olmasaydı, bu gün Cənub Qaz Dəhlizindən danışmaq qeyri-mümkün idi.
Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının iqtisadi əhəmiyyətindən çox daim onun ölkəmizə qazandırdığı siyasi divident geniş müzakirə olunur. Azərbaycana artan inam ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin, şirkətlərin sayının artmasına səbəb oldu. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ölkə iqtisadiyyatına 230 milyard dollar investisiya qoyulub. Bu investisiyaların yarıdan çoxu xarici investisiyalardır. İqtisadi imkanlarını artıran Azərbaycan beynəlxalq münasibətlər sistemində yeri və rolunu da günbəgün möhkəmləndirir. Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində ölkə Prezidenti İlham Əliyev bildirmişdir: “Bu gün biz müstəqil dövlət kimi ayaqda möhkəm dayanmışıq, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edirik, belə nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edirik və Avropanın enerji xəritəsini yenidən tərtib edirik.”
Dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə Prezident kimi jurnalistlərə ilk müsahibəsində də iqtisadi amilin qarşıdakı illər üçün perspektivlərin müəyyənləşdirilməsində rolunu xüsusi qeyd etmişdir. Jurnalistin “Hesab etmək olarmı ki, iqtisadiyyatın inkişafı üçün yeni mərhələ başlayır. İlk növbədə Sizdən hansı addımları gözləyəcəyik ki, iqtisadiyyatın inkişafı üçün bunlar zəruridir” sualına cavab olaraq ölkə Prezidenti bildirmişdir ki, hər şey iqtisadiyyat üzərində qurulur. Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaq. Ölkə Prezidenti bu reallığı da vurğulamışdır ki, artıq bu istiqamətdə çox böyük işlər görülüb. Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bu günümüz üçün möhkəm baza formalaşdırıb. “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi imkanlarının artmasına yol açdı. Azərbaycanın bütün iqtisadi göstəriciləri onu göstərir ki, ölkə dinamik şəkildə inkişaf edir.
2003-cü ildən sonrakı dövrdə qeyri-neft sektorunun inkişafının prioritetliyi uğurlu neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilir. Dövlətimizin başçısı İlham Əliyev enerji sektorundan asılılığın minimuma endirilməsini qarşıya mühüm vəzifə kimi qoydu. Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi görülən işlərin nəticəsində qazanılan uğurların təqdimatı oldu. Dövlətimizin başçısı bildirmişdir: “Bu gün Azərbaycan ayaqda möhkəm duran bir ölkədir, müstəqil ölkədir, müstəqil siyasət aparan ölkədir, güclü iqtisadiyyata malik olan bir ölkədir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Ölkə iqtisadiyyatına son 15 il ərzində 230 milyard dollardan çox sərmayə qoyulmuşdur. Azərbaycanda xarici dövlət borcu çox aşağı səviyyədədir, ümumi daxili məhsulumuzun cəmi 20 faizini təşkil edir. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Yəni, biz istənilən vaxtda bütün borcları rahatlıqla ödəyə bilərik. Azərbaycanda son 15 il ərzində yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,4 faizə düşüb, işsizlik 5 faiz səviyyəsindədir. Bu, onu göstərir ki, qara qızıl, neft və qaz insan kapitalına çevrilib. Onu göstərir ki, bizim siyasətimiz ondan ibarət olmuşdur ki, biz neft-qaz əməliyyatlarından əldə olunan gəlirləri cəmiyyətdə bərabər, ədalətli şəkildə bölək və ölkə iqtisadiyyatının inkişafı üçün lazım olan layihələrə yönəldək.”
Uğurlu iqtisadi islahatlarımız beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır. Ölkəmizin islahatçı ölkə kimi nüfuz qazanması, Dünya Davos İqtisadi Forumunun hesabatında iqtisadiyyatının dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görülməsi təkmil sosial-iqtisadi islahatların nəticəsidir. Ölkə Prezidenti bildirir: “Bu, onu göstərir ki, biz iqtisadi şaxələndirmə siyasətini uğurla aparırıq. Neftdən əldə edilmiş gəlirlər iqtisadiyyatın qeyri-neft sektoruna yönəlib. Davos Forumunun hesablamalarına əsasən inkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan üçüncü yerdədir. Bu işlərin təməlində bizim uğurlu neft-qaz siyasətimiz dayanır. Ancaq, eyni zamanda və böyük dərəcədə bu işlərin təməlində düşünülmüş siyasət dayanır. Bir çox ölkələr var ki, onların bizdən qat-qat böyük neft resursları, neft hasilatı var. Ancaq ölkələrin uğurlu inkişafını təbii resurslar həll etmir. Düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir.”
Son 15 ildə əldə olunan uğurlar, eyni zamanda, hər vədin konkret əməli işdə öz təsdiqini tapdığının göstəricisidir. Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bu da ölkəmizin hərtərəfli inkişafını təmin edir. Bugünkü reallıqlarımız dövlətimizin başçısı İlham Əliyevin 2003-cü ildə irəli sürdüyü “neft kapitalını insan kapitalına çevirək” tezisinin gerçəkliyə çevrildiyini təsdiqləyir. Nəzərə alsaq ki, reallığa çevrilən hər bir layihə ölkəmizə böyük investisiyalar gətirir, bu halda qarşıdakı illərin uğurlarını təsəvvür etmək çətin deyil. Beynəlxalq Valyuta Fondu belə bir proqnozla çıxış etmişdi ki, yaxın zamanlarda neft-qaz layihələrindən dövlət büdcəsinə 200-250 milyard dollar vəsait daxil olacaq. Azərbaycanda inkişaf tempi bu şəkildə davam edərsə, qısa zamanda ölkədə yoxsulluq səviyyəsi heçə enəcək. Artıq bu gün yoxsulluğun səviyyəsi 5 faizdir. Həyata keçirilən Dövlət proqramları dövlətimizin başçısı İlham Əliyevin “Yoxsulluq kimi sosial bəla aradan götürülməlidir” məqsədinin gerçəkliyə çevrilməsinə xidmət edir. Məşğulluq probleminin həllinə yönələn davamlı tədbirlər də bu məqsəddən irəli gəlir. Cənab İlham Əliyevin iqtisdaiyyatın şaxələndirilməsində regionların malik olduğu potensial imkandan səmərəli istifadə etmək məqsədilə imzaladığı regional inkişaf proqramlarının uğurlu icrası nəticələrdən də aydın görünür. İlk Dövlət Proqramı qəbul olunanda qarşıya əsas məqsəd kimi 600 min yeni iş yerinin yaradılması qoyulmuşdur. Proqramın icrası başa çatanda bu rəqəm 700 mindən artıq idi. Son 15 ildə ümumilikdə bir milyon 500 mindən artıq yeni iş yeri yaradılıb. İşsizlik, yoxsulluq probleminin həllinə yönələn addımlardan biri də özünüməşğulluğun təmin edilməsidir. “ABAD” mərkəzlərinin yaradılmasında da məqsəd kiçik və orta sahibkarlığın inkişafına dəstək olmaqdır. İqtisadi tərəqqi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımları addımların atılmasına geniş imkanlar açır. Görülən tədbirlər insan amilinin dövlət siyasətinin əsasında dayandığı əsaslı şəkildə nümayiş etdirir. Cənab İlham Əliyev bildirir: “Ölkə iqtisadiyyatının dayanıqlı inkişafını ancaq bu amillər - qeyri-neft sektoru, sahibkarlıq, idarəetmədə aparılan və aparılacaq islahatlar müəyyən edəcək.” Cari ilin ötən dövrünün sosial-iqtisadi göstəricilərinə söykənərək belə bir əminlik ifadə olunur ki, 2018-ci il sürətli inkişaf ili olacaq.
Gündəmə gətirilən və uğurlu sonluqla başa çatan enerji layihələri ölkəmizin iqtisadi imkanlarını genişləndirməklə həm maliyyə imkanlarını artırır, həm də siyasi mövqeyini möhkəmləndirir. Cənub Qaz Dəhlizinin rəsmi açılışı, eyni zamanda bu dəhlizin əsas seqmentlərindən olan TANAP boru kəmərinin bu ay istismara verilməsinin nəzərdə tutulması da deyilənlərin təsdiqidir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi həm bizim üçün, həm də Avropa üçün strateji əhəmiyyətə malik olan bir layihədir. Azərbaycan öz liderlik missiyasını uğurla icra edir: “Biz bu tarixi layihəni - 7 ölkəni, qitələri birləşdirən, 3500 kilometr məsafəsi olan və dənizin altından, dağların başından keçən qaz kəmərini uğurla həyata keçiririk... Bu, tarixi layihədir və ölkəmizin uğurlu, dayanıqlı inkişafı üçün əsas resurs bazasıdır.”
Gerçəkləşdirdiyi layihələrlə dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirən Azərbaycan etibarlı tərəfdaş kimi nüfuz qazanır, çoxtərəfli əməkdaşlığın təşəbbüsçüsü və onları gerçəkləşdirən ölkə kimi tanınır. “Əsrin müqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizinin təməlinin qoyulması, 23 illiyi ərəfəsində “Yeni əsrin müqaviləsi”nin imzalanması, XXV Beynəlxalq Neft və Qaz sərgisinin keçirilərək 25 ilin uğurlarına baxış keçirildiyi bir zamanda Cənub Qaz Dəhlizinin rəsmi açılışının olması Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Məhz keçilən yola söykənərək cənab İlham Əliyev “Yeni əsrin müqaviləsi”nin imzalanması mərasimində bildirmişdir: “Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var. Son illər ərzində biz bu potensialı gücləndirmişik və bu potensialın inkişafında “Əsrin kontraktı”nın xüsusi rolu vardır. İndi təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik. Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim həm güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin kontraktı” yaratdı.”
Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu reallığı da diqqətə çatdırır ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar heç də onlara uğur gətirməmişdir. Əhali arasında təbəqələşmə prosesi sürətli hal alıb. Lakin Azərbaycanın iqtisadi inkişaf strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun müəyyənləşdirməsi bu kimi problemlərin yaşanmamasını şərtləndirir. Neft gəlirlərinin təyinatı üzrə xərclənməsi, ədalət prinsipinin yüksək səviyyədə qorunması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımların davamlılığından da aydın görünür. Ölkə Prezidenti bildirir: “”Əsrin kontraktı” bizə imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək. Hesab edirəm ki, bu sahədə də bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi. Çünki neft həm xeyir, həm də başağrısı, problem gətirə bilər. Biz bilirik ki, dünyada neft üstündə əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq. Neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün.”
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, ulu öndər Heydər Əliyevin müəllifi olduğu, Azərbaycana nəfəs verən, canlanmasına xidmət göstərən neft strategiyasının son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu icrası yeni-yeni hədəflərin müəyyənləşdirilməsinə yol açır. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz reallıqdır.
Yeganə Əliyeva, “İki sahil”
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır
Diplomatik səfərə münasibət: yeni reallıqların qəbul edilməsi sülhün əsas şərtidir