Azərbaycan xalqının tarixinə qanla yazılmış Xocalı faciəsindən iyirmi yeddi il ötür. Xalqımızın yaddaşında tariximizin ən faciəli günlərindən biri kimi dərin iz buraxmış Xocalı faciəsinin ildönümü Qax rayonunda da silsilə tədbirlərlə qeyd olunub. Tədbirlər planına uyğun olaraq, rayonun müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında anım tədbirləri, konfranslar, müsabiqələr keçirilib, sərgi və guşələr təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Qax şəhərində keçirilən anım tədbirinin iştirakçıları əvvəlcə Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı uğrunda canlarından keçən igid həmvətənlərin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsini ehtiramla anıblar.
Sonra tədbir iştirakçıları YAP rayon təşkilatının inzibati binasının foyesində məktəblilərin Xocalı mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.
Rayonun rəhbər işçilərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirin əvvəlində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri amansız qətliamın bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu bildirib. Diqqətə çatdırılıb ki, həmin gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutublar. Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613 nəfəri, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.
Rayon icra hakimiyyəti aparatının məsul nümayəndəsi Nəzirməhəmməd Nəsirovun “Xocalı qətliamı insanlığa qarşı yönəlmiş amansız cinayətdir” mövzusunda məruzəsində erməni millətçilərinin xalqımıza qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı siyasətindən ətraflı bəhs olunub.
Çıxışlarda Xocalı soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında, faciəyə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri xatırlanıb, hazırda bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyi vurğulanıb. Bildirilib ki, Xocalı haqqında həqiqətlərin üzə çıxarılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımlar atılır.
Tədbirin sonunda Xocalı faciəsindən bəhs edən film nümayiş olunub.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib