Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında Xocalı soyqırımının 27-ci ildönümü qeyd olundu. Tədbirdən əvvəl iştirakçılar YAP Yasamal rayon təşkilatı qərargahının foyesində təşkil olunmuş Xocalı soyqırımının dəhşətlərini əks etdirən rəsmlərdən ibarət sərgi ilə tanış oldular.
Akt zalında davam etdirilən anım tədbirində Azərbaycanın Dövlət himni səsləndirildi. Xocalıda qətlə yetirilən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov çıxış edərək sovetlərin 366-cı alayının, həmin hərbi hissədə toplanan erməni zabitlərinin və xarici ölkələrdən gətirilmiş muzdluların iştirakı ilə Xocalıda törədilən qətliamı insanlığa, bütünlükdə bəşəriyyətə qarşı cinayət adlandırdı:
- 1992-ci il 25 fevraldan başlayaraq ertəsi gün də davam edən faciə zamanı 106 qadın, 70 ahıl, 63 uşaq olmaqla 613 Xocalı sakini ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi. 487 nəfər şikəst oldu. 1275 nəfər ermənilər tərəfindən əsir, girov götürüldü, ağla gəlməyən zülmə, təhqirlərə məruz qaldılar. Onlardan bəzilərinin taleyi hələ də bəlli deyil. Soyqırım zamanı 8 ailə bütünlüklə məhv edildi. 24 uşaq hər iki valideynini, 130-u isə bir valideynini itirdi. Diri-diri qurban kəsilən azərbaycanlılar da az olmadı. Daşnakların əsrlərdən bəri arzusunda olduqları ideyalarını reallaşdırmaq üçün türklərə, azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərin ən dəhşətlisi olan Xocalı faciəsi erməni faşizminin tərətdiyi daha bir tarixi soyqırım aktı idi. Dağlıq Qarabağı Azərbaycandan ayırmaq, əsrlərdən bəri hazırladıqları planlarını həyata keçirmək üçün SSRİ-nin dağılmasından istifadə edən erməni millətçiləri Qərbi Azərbaycanda soydaşlarımıza qarşı etnik təmizləmə siyasətlərini Xocalıda davam etdirdilər. 1988-ci ildə Dağlıq Qarabağda başlanan və Qərbi Azərbaycanda - Vardenisdə, Qukarkda, Qacaranda, Qafanda, Gorusda, Alaverdidə törədilmiş qanlı aksiyalar 250 mindən artıq soydaşımızın doğma yurdlarını son nəfərinə qədər tərk etməsi ilə nəticələndi. Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ, ona yaxın ərazidə yerləşən 7 rayon Ermənistan və havadarlarının yardımı ilə işğal edildi. Bir milyondan artıq həmyerlimiz evlərindən didərgin, qaçqın düşdü.
Tağı Əhmədov Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün görülən işlərdən bəhs edərək bildirdi ki, hazırda dünyanın 12 ölkəsi, ABŞ-ın 22 ştatı hökumət və ya parlament səviyyəsində, Böyük Britaniya və Şimali İrlandiya Krallığına daxil olan Şotlandiyanın parlamenti, Paraqvay Deputatlar Palatası, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanıyıb. Avropa İnsan Haqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarı ilə Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsini “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib. NATO-nun Zirvə toplantılarının yekun kommünikelərində Cənubi Qafqazdakı münaqişələrin ölkələrin ərazi bütövlüyü, suverenliyi və Helsinki Yekun Aktına əsaslanaraq həlli prinsipinin öz əksini tapması Azərbaycanın mənafeyinə cavab verir.
26 mart 1998-ci ildə (1918-ci il mart hadisələrinin 80-ci ildönümü ərəfəsində) “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı imzalayan ümummilli lider Heydər Əliyev Xocalı soyqırımına siyasi qiymət verməklə daha bir tarixi missiyanı yerinə yetirdi.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq səviyyədə aparılan ideoloji təbliğatın əsas prioritetləri Dağlıq Qarabağ haqqında həqiqətləri, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış, bütün dünya birliyi tərəfindən dəstəklənən “ Xocalıya ədalət!” kampaniyasını genişləndirməkdə də məqsəd ermənilərin soydaşlarımıza qarşı törətdikləri soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının teatr bölməsinin müdiri Hicran Sadıqzadə çıxış etdi.
Sonra gimnaziyanın müəllimləri Sevinc Hüseynovanın və Validə Cəlilovanın rəhbərliyi ilə şagirdlərin İftixar Piriyevin eyniadlı əsəri əsasında hazırladıqları “Soyqırımı tarixinin dastanı: İftixar” adlı ədəbi-bədii kompozisiya göstərildi.
Xuraman İsmayılqızı,
Vüsal Cahanov, (foto) “İki sahil”
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib