Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı və S-1 peşəkar döyüş liqasının birgə təşkilatçılığı ilə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş idman yarışı keçirilib. Pirallahı Rayon İdman Kompleksində baş tutan turnirə Bakı və Sumqayıt şəhərlərini təmsil edən 90 nəfər aşağı və orta çəki dərəcələrində idmançılar qatılıb.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri və S-1 peşəkar döyüş liqasının prezidenti Hikmət Şikarov bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr tarixli “Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” Konvensiyasını rəhbər tutaraq, Ermənistana qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilib. Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq. Ölkə Prezidenti cənab İlham Əliyevin 24 yanvar 2019-cu il tarixli Sərəncamı ilə Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün qeyd olunması haqqında tədbirlərin keçirilməsi bunun bariz nümunəsidir.”
H.Şikarov çıxışının sonunda Azərbaycanda idmanın inkişafının dövlətimizin inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu qeyd edərək turnir iştirakçılarına uğurlar arzulayıb.
Gənc məşqçilər Zaur Əsgərov, Muxtar Allahyarov, Elnur Cəfərov və Emin Əsgərovun rəhbərlik etdikləri “Əli fayt”, “Hüseyn” , “Uraqan” və “Zağulba” idman klublarının aşağı və orta yaş qruplarında döyüşən idmançılarının çıxışları Pirallahı idmansevərləri tərəfindən böyük coşqu ilə qarşılanıb.
Turnirin sonunda qaliblərə medal və diplomlar verilməklə yanaşı, yarışın təşkilində xidməti olanlar S-1 peşəkar döyüş liqasının Fəxri fərmanı ilə təltif olunublar.
Orxan Vahidoğlu, “İki sahil”
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib