26 fevral 2019 10:26
1768

Ayrılarmı könül candan?

Soyqırımın qurbanı olan körpələrin əziz xatirəsinə...

Soyuq fevral gecəsini sevgiləri ilə isidən ana - bala. Qarın pəncərini döyəcləyən dənələri sanki vaxtsız çalınan əcəl zənginin səsini xatırladır... Arabir pəncərədən  boylanan ana ətraf aləmdə baş verən  hadisələrdən xəbərsiz halda  körpəsi ilə şeir oxumağa başladı.

- Qızım gəl oxuyaq:

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

-Sən də təkrar et, qızım:

Ayrılarmı könül candan?

Günlərdir təkrarlanan bu misralardan balaca sadəcə bir sətir əzbərləyə bilmişdi: “Ayrılarmı könül candan?”

- Sən oyuncaqlarınla oyna, atan gəlsin yemək yeyərik, yaxşımı?

- Yaxşı

Mətbəxdə iş gördükcə sanki qəlbində işıq sürəti ilə qəribə narahatlıq yüksəlirdi. Arabir o biri otaqda hər şeydən xəbərsiz oyuncaqlarla oynaya-oynaya şeiri bütövləşdirməyə çalışan qızına da baxırdı. Saat çox gec irəliləyirdi sanki.

Bir azdan qapı döyüldü. Çovğunun  evdən eşidilən səsi qapının tıqqıltısını  üstələyərdi. Balaca qapını açmaq  üçün ayaqlarını yerə vura-vura qaçdı. Körpənin gülüşə bürünmüş sevinci isə ananın içindəki narahatlığı az da olsa sakitləşdirdi.

Evdən təkcə yeməyin deyil, həm də sevginin qoxusu gəlirdi... Hər şeydən xəbərsiz yeyilən son ailəvi yemək. Həmin gecə eşidilən son sevgi və şənlik səsləri. Kim  bilərdi ki, bu ailə bir daha o masa arxasında birləşməyəcək. Hər üçü çox xoşbəxt idi. Xoşbəxtlik ən uca zirvəyə qalxmışdı. Elə bil bir azdan enən o olmayacaqdı.

Həmin axşam körpə yatmaq istəmirdi. Sanki baş verəcəklər gözlərinin yumulmasına mane olurdu.  Yəqin bir neçə saat sonra gözünü əbədi  yumacağı üçün yatmağa tələsmirdi. Daxili narahatlıqdan əlləri əsən ana körpəsinin şəkil çərçivəsini yerə saldı. Sınıq şüşə arxasından gülən körpə qızcığazın şəkli alaqaranlıqda da məsum idi.

Ananı büsbütün ağuşuna alan nigarançılıq artıq bütün evə dolmuşdu.  Bundan ata da təsirləndi. Bütün bunlar az sonra əllərindən alınacaq  sevinclərinin xəbərdarlığı idi. Gözlərini təzəcə yummuşdular ki, qışqırıq səsləri eşidildi. Bu səslər təkcə kədər, ah-nalə deyil, həm də qəddarlığın, vəhşiliyin səsi idi. Ana körpəsinin yanına qaçdı. Ata çarəsiz gözlərinə baxan ana-balanı qucaqladı və dedi:

- Siz heç yerə çıxmayın, qapını da açmayın, mən gələcəyəm.

Valideynlərinin təlaşı balacaya da keçdi. Anasının qucağından düşüb otağına qaçdı. Axşam çəkdiyi rəsmi əlinə götürdü, yenidən anasının qucağına sığındı.  Qorxunun üstələdiyi duyğular içərisində yeganə təsəlli meydanda idi.

Dayanmadan artan səslər ananın fikirlərini dinc qoymurdu. Pəncərədən ehtiyatla baxdıqda təlaşla qaçan insanları, ayaqyalın, başıaçıq  uşaqları,  nə edəcəyini bilməyən, suallar  içində o tərəf-bu tərəfə qaçan narahat adamları gördü. Nə isə baş verirdi, amma bilmirdi ki, nə? Körpə anasının pəncərədən boylanmasını görüb qapını açdı. Çölə niyə getdiyini o da bilmirdi. Bu narahatlıq, atasını soraqlamaq, qara baxmaq, ya sadəcə əcəl zəngi idi?.. Əlindəki rəsmi ilə dodaqlarının altında şeiri deməyə çalışırdı. Evlərindən o qədər də uzaqlaşmamışdı. Birdən əlindəki rəsmin üzərinə qan damcıları düşdü. Atəş sanki ananın ürəyinə  dəydi.  Körpə qarlar üzərində eyniylə  sınıq şüşədəki  rəsmdəki kimi məsum idi. Hər şeydən xəbərsiz. Əlindəki şəkli anasına verib bunları dedi: “Ayrılarmı könül candan?”

Qan içində çapalayan balasını görən ananın çəkdiyi nalə isə dağların yarılmasına  yetərdi. Dəqiqələr sonra  balasının qardan da soyuq  əllərini bağrına basan ana gözyaşları içində körpəsinə baxaraq  haqsızlığa dözə bilməyib dedi: “Qızım, indi sən də de görüm: Ayrılarmı könül candan?”...

Yaqut Ağaşahqızı, “İki sahil”