Fevralın 25-də 132-134 saylı Təhsil Kompleksində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. YAP Səbail rayon təşkilatı və 132-134 saylı Təhsil Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə həmin məktəbin direktoru Sara Xanlarova bildirdi ki, əsas məqsəd tarixi qan yaddaşımıza həkk olunmuş Xocalı soyqırımı haqqında həqiqətlərin məhz gənc nəslin nümayəndələrinin, məktəblilərin dilindən səsləndirilməsi və bu faciəli hadisələrdən gələcəyimizin təminatçısı olan uşaqlarımızın ibrətamiz dərslər çıxarmasıdır.
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev gənc nəslin təlim-tərbiyəsində, vətənpərvərlik ruhunda böyüməsində və Azərbaycan tarixinin dərindən öyrənilməsində belə tədbirlərin əhəmiyyətini xüsusi vurğuladı: “Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük xidmətləri olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hər il silsilə tədbirlər keçirilir. Məhz bu tədbirlər nəticəsində Xocalı soyqırımı bu gün dünyanın 13 ölkəsində parlament səviyyəsində, ABŞ-ın 22 ştatında parlament səviyyəsində və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən rəsmən tanınıb”.
Tədbirdə Xocalı faciəsinin şahidləri ağrılı-acılı xatirələrini tədbir iştirakçıları ilə paylaşdılar. Sonra məktəb şagirdlərinin ifasında Xocalı soyqırımı qurbanlarına həsr olunmuş və bu faciənin səbəbkarı olan erməni cinayətkarlarını ifşa edən ssenari əsasında qurulmuş ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Cavid Əkbərov, “İki sahil”
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib