25 fevral 2019 19:19
1524

“Xocalı soyqırımını unutmadıq”

Fevralın 25-də Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında bu adda tədbir keçirildi. Tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov bildirdi ki, 27 il əvvəl Azərbaycan tarixində ən dəhşətli faciələrdən biri baş verib: “Bir gecədə erməni-daşnak silahlı qüvvələri, onlara havadarlıq edənlər tərəfindən Xocalı şəhəri tamamilə məhv edilib, yer üzündən silinib. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirib. Qətlə yetirilən insanlar dinc, köməksiz insanlar olub. Bu mənada bu qətliam təkcə Azərbaycan xalqının başına gətirilən faciə deyil, Xocalı soyqırımı XX əsrdə dünyanın ən dəhşətli qətliamlarından biridir, insanlığa qarşı cinayətdir. Hər il xalqımız bu faciəni, onun qurbanlarının xatirəsini anır”.

Əli Əhmədovun sözlərinə görə, qarşımızda duran vəzifələrdən biri ondan ibarətdir ki, Xocalı faciəsi Azərbaycan xalqının tarixi yaddaşına çevrilsin: “Azərbaycan xalqı heç zaman qisasçı olmayıb, amma bizim istəyimiz odur ki, bu qətliamı törədənlər layiqli cəzalarını alsınlar, qanun qarşısında cavab versinlər. Eyni zamanda, məqsədimiz Xocalı faciəsini dünyaya tanıtmaqdır. Bu istiqamətdə dövlət tərəfindən, ictimai təşkilatlar tərəfindən işlər görülür, bəzi ölkələr artıq Xocalı soyqırımını tanıyıblar. Güman edirəm ki, bu faciəni soyqırımı kimi tanıyanların sayı artacaq. Ona nail olmalıyıq ki, bütün dünya bu soyqırıma siyasi qiymət versin. Bunun üçün hər bir vətəndaşın, o cümlədən gənclərin üzərinə vəzifələr düşür. Biz bir millət kimi səfərbər olaraq bu istiqamətdə səylərimizi daha da gücləndirməliyik”.

YAP Sədrinin  müavini qeyd etdi ki, Xocalı faciəsindən ibrət dərsi də götürmək lazımdır. Onun fikrincə, bu faciənin baş verməsinin digər bir səbəbi o zaman dövlətin gücünün zəif olması idi: “İnsanların təhlükəsizliyinin təmini üçün dövlətin gücü olmalıdır. Dövlət zəif olanda torpaqlarını qoruya bilmir. Dövlətin gücü olmayanda kimlərsə onun torpağını işğal edirlər. 1990-cı illərin əvvəllərində bu hadisələrin baş verməsinin səbəblərindən biri də dövlətin öz torpaqlarını qorumaq üçün lazımi gücə malik olmaması idi. Erməni tərəfinin məqsədi o idi ki, öz havadarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğal etsin. O dövrdə dövlətimizin gücünün olmaması onları öz məqsədlərinə çatdırırdı. Bilirsiniz ki, 1990-cı illərin əvvəlində respublikamızda daxili çəkişmələr nəticəsində dövlət çox zəifləmişdi. Ona görə də dövlətin strukturları öz üzərinə düşən vəzifələri yerinə yetirə bilmir, müxalifət isə hakimiyyətə gəlmək üçün hər cür vasitəyə əl atırdı. Bunun nəticəsində də sərhədlərimiz, torpaqlarımız lazımi səviyyədə qoruna bilmirdi. Ona görə də, bu gün həmin hadisələrdən  dərs almalıyıq. Kimlərinsə ölkəmizdə sabitliyi pozmasına imkan verməməliyik”.

“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov bildirdi ki, Xocalı soyqırımı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir. Bu gün Azərbaycan dövləti Ermənistanın cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görür:  “XX əsrin sonlarına doğru Azərbaycan xalqının tarixində çox faciələr baş verib. Ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddialarının açıq müstəviyə keçdiyi 80-ci illərin sonlarında, müstəqilliyimizin ilk illərində xarici və daxili qüvvələr xalqımızı dəfələrlə ağır sınaqlara məruz qoyublar. Təəssüf ki, bəzən bu sınaqlar dinc insanların məhvinə səbəb olub. Ermənilərin havadarları və müstəqil dövlətimizin olmasını qəbul edə bilməyən məkrli dairələr bununla xalqımızı öz yolundan çəkindirməyə cəhd göstəriblər. Çox təəssüf ki, həmin dairələr müəyyən dövrdə taktiki uğur qazana biliblər. Sumqayıt hadisələri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı,  Dağlıq Qarabağın və ətraf rayonların işğalı o illərdə yaşadığımız acı faciələrdir. Bütün bunların əsas səbəblərindən biri də Azərbaycan xalqının 80-ci illərinin sonlarında və müstəqillik illərinin ilk çağlarında özünün həqiqi rəhbərindən ayrı qalması idi. Ulu öndər Heydər Əliyev həmin zaman müvəqqəti olaraq böyük siyasətdən ayrılmışdı. Ermənilər məhz Heydər Əliyevin SSRİ rəhbərliyindən istefa verməsindən sonra fəallaşdılar, Dağlıq Qarabağda separatçılığa başladılar, Sumqayıt hadisələrini törətdilər”.

Bəxtiyar Sadıqov bildirdi ki, Xocalı soyqırımı öz miqyasına, vəhşətinə və dəhşətinə görə yaşadığımız digər faciələrdən xüsusilə fərqlənir: “Bunun da bir neçə səbəbi var. İlk növbədə həmin dövrdə iqtidarda olanlar Xocalının müdafiəsini təşkil edə bilmədilər. Çünki Xocalı iqtidarla müxalifət arasında hakimiyyət uğrunda mübarizə məkanına çevrilmişdi. İqtidar bu faciənin baş verməsinin qarşısının alınması istiqamətində heç bir əməli iş görmədi. Ermənilər sovet hərbi birləşməsinin köməyi ilə Xocalı sakinlərinə vəhşicəsinə divan tutdular. Əliyalın insanlar, körpələr, qadınlar düşmən qarşısında müdafiəsiz qaldılar, qətliam edildilər. XX əsrin ən böyük faciəsinə imza atan ermənilər 613 nəfər dinc azərbaycanlını qətlə yetirdilər. Ermənilər Xocalı sakinlərini məhz azərbaycanlı olduqları üçün soyqırımına məruz qoyduqlarını gizlətmirlər. Açıq şəkildə bildirirlər ki, Sumqayıt hadisələrinin qisasını alıblar. Düşmən Xocalı soyqırımını törətməklə həm də Azərbaycan xalqının gözünü qorxutmaq istəyirdi. Digər tərəfdən, Xocalı çox mühüm strateji ərazidə yerləşir. Ona görə bu şəhəri işğal etməklə digər rayonlara edəcəkləri hücumlar üçün əlverişli zəmin hazırladılar. Buna qədər isə Xankəndiyə gedən yolda xocalılılar ermənilərə çox ciddi zərbələr endirirdilər. Prezident Ayaz Mütəllibovun istefaya göndərilməsi ilə hakimiyyətə yiyələnən AXC-Müsavat qaragüruhu bu faciənin üstündən sükutla keçdi. Çünki dinc insanların müdafiəsiz qalmasında onların da günahı az deyildi. Ona görə nəinki soyqırımının araşdırılmasına təşəbbüs göstərmədilər, hətta faciəyə siyasi-hüquqi qiymətin verilməsinə belə cəhd etmədilər. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın tələb və istəyi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi ilk işlərdən biri Xocalı soyqırımının araşdırılmasından və bu hadisəyə hüquqi-siyasi qiymətin verilməsindən ibarət oldu. Dahi lider Azərbaycan ətrafındakı informasiya blokadasını dağıda bildi. Həmin vaxta qədər dünya Azərbaycanı o qədər də tanımırdı. Erməni lobbisi isə hər yerdə xalqımızı “vəhşi, qaniçən” kimi qələmə verir, erməniləri isə “məzlum, zülmə məruz qalmış” xalq kimi təqdim edirdi. Ulu öndərin ölkəyə rəhbərlik etməsindən sonra erməni təbliğatının qarşısının alınması istiqamətində çox mühüm və ardıcıl işlər görüldü, erməni yalanlarının qarşısı alındı. Bu gün Azərbaycan rəhbərliyinin həyata keçirdiyi fəaliyyətin ən mühüm istiqamətlərindən biri ermənilərin dünyada ifşasıdır. Son illərdə bu istiqamətdə qazanılmış uğurlar Prezident İlham Əliyevin hücum diplomatiyasının nəticəsidir. Prezident İlham Əliyevin başçılığı ilə Xocalı faciəsinin ildönümləri ilə əlaqədar Bakıda möhtəşəm yürüş keçirilir. Bu hadisəni bütün dünya izləyir, dünya mətbuatı bu yürüşdən ətraflı yazır. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət!” kampaniyası və dünyanın müxtəlif ölkələrində yaşayan, təhsil alan azərbaycanlı gənclərin bu kampaniyaya dəstək olması nəticəsində beynəlxalq ictimaiyyət ermənilərin əslində kim olduqlarını öyrənməyə başlayıb. Təsadüfi deyil ki, son illərdə bir sıra ölkələrin parlamentləri, beynəlxalq qurum və təşkilatlar Xocalı soyqırımını tanıyıb və getdikcə bunun miqyası artır”.

Hazırda Azərbaycan rəhbərliyi, Heydər Əliyev Fondu və xarici ölkələrdəki Azərbaycan diasporu tərəfindən Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə tanıdılması və ermənilərin ifşası üçün sistemli və ardıcıl işlər görüldüyünü deyən Bəxtiyar Sadıqov əmin olduğunu bildirdi ki, ermənilərin törətdikləri bu soyqırımı tarix qarşısında cavabsız qalmayacaq və öz təsdiqini tapacaq, faciənin günahkarları cəzalarını alacaqlar: “Bunun üçün hər bir Azərbaycan vətəndaşı da çalışmalı, imkanlarını səfərbər etməlidir. Bu sahədə əsas fəaliyyət istiqamətlərindən biri kitablar nəşr edilməsi və xarici dillərə tərcümə olunmasıdır. Ona görə də hesab edirəm ki, Xocalı faciəsi ilə bağlı Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən 4 dildə hazırlanmış belə kitablara hər zaman ehtiyacımız var”.

Tədbirdə şəhid övladı Almaz Həsənova, ADA Universitetinin tələbəsi Murad İsmayılzadə və Azərbaycan Dillər Universitetinin tələbəsi Mərhəmət Həsənli çıxış etdilər.

Şəfiqə Dadaşova,
Vüsal Cahanov (foto) 
“İki sahil”