19 fevral 2019 11:22
2068

Aprel döyüşləri, Lələtəpə və Günnüt əməliyyatları

İnsanların kütləvi qətliamı ilə tarixə yazılan soyqırımlar çox olub. Xatın, Liditse, Treblinka, Ruanda, Serebrenitsa... Amma onların içərisində Xocalı soyqırımı xarakteri və dəhşəti ilə fərqlənir.

...27-28 fevral 1988-ci ildə Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün Kremlin, SSRİ DTK-nın xeyir-duasını alan ermənilərin ssenarisi əsasında Azərbaycanın ikinci sənaye şəhəri olan Sumqayıtda baş verənlərdə azərbaycanlılar günahkar hesab olunsa da, əslində hadisələr ermənilərin təxribatlarına, planlarına uyğun həyata keçirildi. Xocalı faciəsini “Sumqayıt hadisələrinə cavab” hesab edən daşnaklar illərdən bəri hazırladıqları “Dənizdən-dənizə” böyük Ermənistan ideyalarını reallaşdırmaq üçün dağılmaq ərəfəsində olan SSRİ-nin düşdüyü böhranlı vəziyyətdən ustalıqla istifadə etdilər. Ermənipərəst M.Qorbaçovun məsələ ilə əlaqədar xeyir-duasını başbilənləri A. Aqanbekyan vasitəsilə alan ermənilər ilk mərhələ kimi Qərbi Azərbaycanda yaşayan soydaşlarımızı doğma yurd yerlərindən zorla çıxardılar. Vardenisdə, Qukarkda, Qacaranda, Qafanda, Gorusda, Alaverdidə törədilmiş qanlı aksiyalar  250 mindən artıq soydaşımızın  doğma yurdu Qərbi Azərbaycanı son nəfərinə qədər tərk etməsi ilə nəticələndi.

20 Yanvar 1990-cı ildə Azərbaycanın demokratiya və milli müstəqillik harayını silahların gücü ilə yatırmağa çalışan imperiyanın dəstəyi ilə ermənilərin torpaqlarımıza hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və ona yaxın ərazidə yerləşən 7 rayon  işğal edildi. Bir milyondan artıq həmyerlimiz didərgin, qaçqın düşdü, minlərlə soydaşımız qətlə yetirildi, 10 minlərlə günahsız azərbaycanlı şikəst oldu, yaralandı, əsir düşdü.

O dövrdə kreslo, hakimiyyət davası aparan kəmfürsətlərin yaratdığı daxili çəkişmələr, hələ formalaşmamış, hərbi sursat və avadanlıqla təchiz olunmamış, könüllülərdən təşkil edilmiş orduya nəzarətin istənilən səviyyədə olmaması torpaqlarımızın işğalı, Xocalı soyqırımı ilə nəticələndi. Dəhşətli soyqırımların müəllifi olan ermənilər və keçmiş SSRİ-nin 366-cı alayındakı havadarları Xocalıda qətliam törətdilər.

26 fevral 1992-ci ildə yer üzündən silinən bu şəhərin 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri ahıl olmaqla 613 sakini qətlə yetirilmiş, 487 nəfər şikəst olmuş, təhqirlərə məruz qalmışdır. 24 uşaq hər iki valideynini itirmiş, 130 körpə isə bir valideynindən məhrum olmuşdur. Soyqırım qurbanlarından 56 nəfəri amansız vəhşiliklə qətlə yetirilmişdir.

Bütünlükdə isə  XX  əsrdə ermənilərin müxtəlif vaxtlarda törətdikləri soyqırımlar nəticəsində 2 milyondan artıq azərbaycanlı amansızlıqla qətlə yetirilmişdir.

Artıq Xocalı soyqırımını tanıyanların sayının artması ilə ermənilərin məkrli siyasəti dünya ictimaiyyətinə çatdırılır. Pakistan, Kolumbiya, Meksika Xocalı soyqırımını rəsmən tanıyıb. ABŞ-ın 15 ştatında, Çexiya, Rumıniya parlamentlərində , Paraqvay Deputatlar Palatasında  faciə ilə bağlı qərarlar qəbul olunub, Türkiyə Böyük Millət Məclisində dinləmələr keçirilib. İslam Əməkdaşlıq təşkilatı Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edib. Avropa Şurası, ATƏT, BMT səviyyəsində Xocalı faciəsi ilə bağlı sənədlər yayılıb.

Həmin sənədələrdə qeyd olunur ki, Xocalı qətliamında müşahidə olunan- insanların diri -diri yandırılması, torpağa basdırılması, ermənilərin qəbirləri üzərində azərbaycanlı gənclərin qurban kimi başlarının kəsilməsi yalnız erməni faşizminin dözülməz və inanılmaz vəhşiliklərdir. Amma bu vəhşilikləri görməyən, daim erməniləri dəstəkləyən avropalı parlamentarilər Xocalı soyqırımı qurbanlarının harayını eşitmirlər. Ölkəmizə münasibətdə ikili standartlara daha çox meyil edən Avropa Parlamenti “insan hüquqlarının qorunması adı” ilə yumşaq güc siyasətinə istinad edərək Azərbaycana qarşı qərəzli mövqelərinə sadiqdirlər.  Bütün məsələlərə ikili standartlar prinsipləri ilə yanaşmaqda  xüsusilə fərqlənən bu qurum bundan əvvəl baş verən saxta “erməni soyqırımı”na patoloji sevgisini bildirən avropalı parlamentarilər ermənilər tərəfindən öldürülən azyaşlı Fariz Bədəlov və Aygün Şahmalıyevanın taleyinə biganə qaldılar. Kəlbəcərdə doğmalarının məzarlarını ziyarət edən və ermənilər tərəfindən saxlanılan, hələ də Ermənistanda məhbus həyatı yaşayan Şahbaz Quliyev və Dilqəm Əsgərovun hüquqlarının qorunmasını düşünmək belə istəmirlər. Qanlı 20 Yanvar faciəsi zamanı 130-dan çox insan həlak olub, 744 nəfər yaralanıb, onlarla insan itkin düşsə də, dinc əhaliyə qarşı qeyri-insani qəddarlıq tətbiq edilsə də, Vilnüsdə və Tbilisidə baş vermiş hadisələri pisləyən  Qərb və Avropa dövlətləri daha dəhşətli olan 20 Yanvar qırğınını SSRİ-nin adi daxili işi kimi qiymətləndirərək Xocalı faciəsini də sükutla seyr etdilər. Halbuki Xocalı hadisələri yaxın keçmişimizdə, dünyanın gözü qabağında baş vermişdi. Bu laqeydlik sübut etdi ki, millətçi və separatçı erməniləri təmizə çıxarmaq və cəzalandırılmaqdan qorumaq üçün onların cinayətkar əməlləri barədə susmaq güc amilinə üstünlük verən dünya siyasətinin ikili standartlar  prinsiplərinə əsaslanır.

İkinci Dünya müharibəsində alman reyxinin yəhudilərə qarşı törətdikləri soyqırımından - Holokostdan (yunanca “holos” (bütün) və “kaustos” (yanmış, köz olmuş) daha dəhşətli olan Xocalı qətliamının daha geniş məkanda tanınması üçün bu istiqamətdə təbliğatı genişləndirmək hər bir azərbaycanlının borcudur. Heydər Əliyev Fondu tərəfindən xarici ölkələrdə təşkil olunan aksiyalarda, təbliğat kampaniyalarında Xocalı faciəsini törədən erməni terrorçuları ilə bağlı əyani vasitələrdən istifadə olunmaqla məlumat verilsə də, hələ də dünya ictimaiyyətini Xocalı soyqırımının dəhşətləri ilə hərtərəfli məlumatlandırmaq baxımından tam istəyimizə nail olmamışıq.

İqtisadi, siyasi, diplomatik uğurları ilə dünyada yüksək mövqe tutan Azərbaycan həqiqətlərinin dünyada təbliğ olunmasının vacibliyini bu günlərdə REAL televiziyasına müsahibəsində bildirən Prezident İlham Əliyev xarici ölkələrin KİV-lərinə daha çox müsahibə verməsinin səbəblərini də açıqlayır: “Bunun iki səbəbi var... Çünki bu gün dünyada informasiya mübarizəsi gedir. Azərbaycana qarşı bir sıra hallarda çox əsassız ittihamlar irəli sürülür, qərəzli, saxta məlumatlar dərc edilir. Bunun məqsədi ölkəmizin imicinə zərbə vurmaq, ölkəmizi inkişaf, müstəqillik yolundan döndərmək və Azərbaycanı geridə qalmış ölkə kimi təqdim etməkdir. Ona görə xarici mediada bizim mövcudluğumuz, sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır. Yəni bizə qarşı aparılan bütün bu təbliğatın qarşısında öz həqiqətlərimizi ortaya qoyuruq, Azərbaycanı müasir, güclü dövlət kimi tanıtdırırıq və ölkə haqqında həqiqətləri çatdırırıq.” Təbii ki, həmin müsahibələrdə xalqımızın tarixi, Dağlıq Qarabağ ilə bağlı həqiqətlərin açıqlanması məqamında Xocalı faciəsi də xatırlanır.

“Mən Lələtəpədə olanda, orada Azərbaycan bayrağını görəndə qürur hissi keçirirəm. Hər bir Azərbaycan vətəndaşı qürur hissi keçirir. Bizim əsgər və zabitlərimiz əsl qəhrəmanlıq göstərmişlər. Aprel döyüşləri tarixi hadisədir. Bu döyüşlər Ermənistanın uzun illər ərzində yaratdığı mifi tamamilə darmadağın etdi” söyləyən cənab İlham Əliyev bildirdi ki, Naxçıvanda uğurla başa çatdırılan Günnüt əməliyyatı taktiki baxımdan daha möhtəşəm oldu. Dünyada “kim güclüdür, o da haqlıdır” prinsipinin hökm sürdüyünü ikili standartların, ədalətsizliyin nümunəsi adlandıran Prezident İlham Əliyev bildirir ki, Azərbaycanın artan  iqtisadi və hərbi qüdrəti, əsgərlərimizin döyüş hazırlığı, yüksək əhval-ruhiyyəsi qələbə əzmini daha da artırır. İşğal altında qalan torpaqlarımızın, Xankəndinin, Xocalının azad olunduğu gün bütün dünya Azərbaycanın nəyə qadir olduğunu görəcək. Prezident, Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa ediləcək: “Şuşada, Xankəndidə Azərbaycanın dövlət bayrağı qaldırılmalıdır və gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq.”

Xuraman İsmayılqızı, “İki sahil”