21 yanvar 2019 10:02
1317

Müasir tariximizin şərəfli səhifəsi

Yanvarın 18-də “BOS Şelf” MMC-də 20 Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib. Əvvəlcə 20 Yanvar və Qarabağ müharibəsi zamanı şəhid olan soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış barelyefin önünə gül-çiçək dəstələri düzülüb.

Anım mərasimində çıxış edən “BOS Şelf” MMC-nin Baş direktoru İxtiyar Axundov bu günü ölkəmizin müasir tarixinin şanlı səhifələrindən biri kimi qiymətləndirib. Bildirib ki, qanlı Yanvar şəhidləri Azərbaycanın müstəqilliyinin, azadlığının əldə edilməsində böyük rol oynayıblar: “Tarixə baxsaq, dünyada bu cür qanlı faciələrə rast gəlmək mümkündür. Bizim də tariximiz bu baxımdan istisna deyil. Sözsüz ki, imperiyanın süquta uğradığı bir dönəmdə prosesin qarşısını almaq üçün SSRİ rəhbərliyi ayrı-ayrı xalqlara divan tutmaq yolunu seçdi. Çox təəssüf ki, həyata keçirilən bu çirkin siyasətin böyük bir hissəsi Azərbaycan xalqının payına düşdü. Beləliklə 20 Yanvar faciəsi baş verdi. Ancaq bütün bunlar müasir Azərbaycan tarixinin qanlı, eyni zamanda şərəfli səhifələrindəndir.”

“BOS Şelf” MMC-nin Baş direktorunun müavini Nazim Hüseynov isə qeyd edib ki, 20 Yanvar faciəsinə ilk olaraq xalqımızın ümummilli lideri Heydər Əliyev hüquqi-siyasi qiymət verib: “Faciənin törədildiyi günün sabahısı Moskvada yaşayan ulu öndər Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq, Azərbaycanın bu ölkədəki səfirliyinə gələrək kəskin şəkildə öz etirazını bildirdi. Bu faciə Ümummilli Lider tərəfindən dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Uzaqgörən siyasətçi, dahi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra hadisəyə dövlət səviyyəsində də münasibətin bildirilməsinə nail oldu. Bununla da 20 Yanvar faciəsi dövlət səviyyəsində hüquqi-siyasi qiymətini aldı, həmçinin şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirildi.”

Tədbirdə çıxış edənlər dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıblar, buna görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildiriblər.

Zamin Məmmədov, “İki sahil”