Ötən gün 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə rayon ictimaiyyətinin 4 mindən çox nümayəndəsinin iştirakı ilə Daşkəsəndəki Şəhidlər Xiyabanında ümumrayon anım mərasimi keçirilib. Rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, ictimaiyyət nümayəndələri, sakinlər tərəfindən şəhid məzarları ziyarət olunub. Daşkəsən Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Əhəd Abıyev ümumrayon anım tədbirində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və veteranları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. Daha sonra icra hakimiyyətinin inzibati binasında Daşkəsən ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib.
20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, faciənin mahiyyətini özündə əks etdirən “Ağrılı xatirələr” adlı sənədli film nümayiş etdirilib. “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyevin rəhbərliyi altında hazırlanmış filmin ideya müəllifi Daşkəsən RİH-in başçısı Əhəd Abıyevdir.
Daşkəsən RİH-in başçısı Əhəd Abıyev 20 Yanvar faciəsinin mahiyyətindən bəhs edib. Bildirib ki, bu il xalqımız 20 Yanvar hadisələrinin 29-cu ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla anır. Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, əziz ruhları şad olsun!
Cavid Əkbərov, “İki sahil”
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib