18 yanvar 2019 17:25
1105

Müasir tariximizin şərəf və qəhrəmanlıq səhifəsi

Yanvarın 18-də Əmlak Məsələləri Dövlət Komitəsində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirildi. Öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov bildirdi ki, müasir tariximizə ən faciəli günlərdən biri kimi daxil olan 20 Yanvar, eyni zamanda, xalqımızın müstəqillik, azadlıq uğrunda apardığı mübarizədə yüksək şücaətini və qəhrəmanlığını nümayiş etdirdi: “1990-cı ilin 19-20 yanvar tarixlərində totalitar Sovet rejiminin süqutu ərəfəsində dinc əhaliyə qarşı tutduğu divan, yüzlərlə günahsız insanın amansızlıqla qətlə yetirilməsi və yaralanması ilə nəticələnən hadisələr imperiyanın cinayətkar mahiyyətini bütün dünyaya bəyan etdi. Faciə günü ölkəsinin azadlığı, şərəf və ləyaqəti üçün canından keçməyə hazır olan Azərbaycan övladları təpədən dırnağadək silahlanmış Sovet ordusunun cəza tədbirlərinə məhəl qoymadan pozulmuş hüquqların və suverenliyin bərpası uğrunda şəhidlik zirvəsinə ucaldılar. Beləcə, 20 Yanvar ölkənin müstəqillik və azadlıq mübarizəsində xalqın birlik, qəhrəmanlıq salnaməsinə çevrildi”.

R.Şahbazov diqqətə çatdırdı ki, keçmiş Sovet hərb maşınının ölkəmizdə həyata keçirdiyi cinayətə 1993-cü ilə kimi hakimiyyətdə olan şəxslərdən heç biri hüquqi-siyasi qiymətin verilməsi üçün tədbir görmədi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışı ilə 1994-cü ildə 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verildi: “Ulu Öndər təzyiq və təqiblərə baxmayaraq, 20 Yanvar faciəsinin törədilməsində məsuliyyət daşıyanları ictimaiyyətə tanıtdırdı, bütün dünyanın gözü qarşısında xalqın faciəsində məsuliyyət daşıyanları ittiham etdi. Ümummilli lider Heydər Əliyev repressiya maşınının sərt formada isə düşdüyü bir vaxtda rejimin gerçək simasını açaraq keçmiş SSRİ və respublika rəhbərliyinə, eləcə də aparılan anneksiya siyasətinə qəti etirazını ifadə etdi, xalqımızın suveren hüquqlarına qəsd olunduğunu bildirdi. Bununla da ölkə qarşısında cəsarətini, mərdliyini, müdrikliyini bir daha sübut etdi, dərin sarsıntı içində olan xalqına dəstək oldu”.

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, keçmiş SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqının yenilməz iradəsini qırmaq, demokratiya və azadlıq uğrunda mübarizəsini boğmağa yönələn bu amansız cinayət nəticəsində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda görünməmiş vəhşiliklər törədildi. Günahsız insanlar, o cümlədən uşaqlar, qocalar və qadınlar qətlə yetirildi, yüzlərlə adam müxtəlif dərəcəli bədən xəsarəti aldı: “20 Yanvardan sonrakı günlərdə də Bakıda qırğın davam etdirildi. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. Bütün bunlar Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədi. Ona görə də 20 Yanvar Azərbaycan tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu Öndərimizin siyasətini layiqincə davam etdirir. Belə ki, dövlət başçısı tərəfindən 1990-cı il yanvar ayında faciəli hadisələr zamanı Azərbaycanın suverenliyi uğrunda həlak olanların əziz xatirəsi daim yad  edilir. Şəhid ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə müvafiq Fərmanla “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqüdü” təsis edilib.”

Sonra Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Ramiz Quliyev, Komitənin Bakı Ərazi Şöbəsinin rəisi Eldəniz Qafarov və digərləri çıxış edərək bildirdilər ki, gündən-günə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənir, ölkəmiz sürətlə inkişaf edir, qüdərtlənir, ordumuz güclənir. Bütün bunlar isə torpaqlarımızın erməni işğalından azad ediləcəyi günü yaxınlaşdırır. Şəhidlərin müqəddəs qanının yerdə qalmaması üçün hər bir azərbaycanlı öz üzərində daim çalışmalı, Vətənə layiqli övlad olmaq üçün bütün qüvvə və bacarığını əsirgəməməlidir. Yalnız bu halda şəhidlərimizin ölməz ruhları qarşısındakı mənəvi borcumuzu yerinə yetirmiş olarıq.

Şəfiqə Dadaşova,
Vüsal Cahanov (foto),
“İki sahil”