Azərbaycanın müasir tarixində 1990-cu il yanvarın 20-si qanla yazılmış ən faciəli günlərdən biri olsa da, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Vətəninin, torpağının, doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin o müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. İttifaq dövləti tərəfindən törədilən qanlı qırğından 29 il keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan o vaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq, buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.
Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur. Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır
20 Yanvar hadisəsindən sonra həyatı təhlükədə olsa da Ulu öndərimiz Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gələrək, bəyanatla çıxış etdi. Həmin bəyanatda bu hadisənin əsas səbəbkarı Mixail Qorbaçov başda olmaqla, faciədə əli olan bütün vəzifəli şəxsləri kəskin şəkildə tənqid etdi. Bu hadisəni bəşəriyyətə qarşı amansız cinayət adlandırmaqla, faciəni törədənlərin cəzalandırılmasını tələb etdi.
Ümummilli Lider qanlı 20 Yanvar faciəsi ilə bağlı kəskin bəyanatı artıq Azərbaycan tarixində siyasi dövrün başlanmasını bildirirdi. 1991-ci il martın 7-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən ümummilli lider Heydər Əliyev 20 Yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə şərh etdi. Həmin çıxışında Ulu Öndər qatillərin aşkarlanması məsələsini yenidən qaldırıb, 20 Yanvar faciəsinə Ali Sovetin sessiyasının qiymət verməli olduğunu vurğuladı. Ulu öndər Heydər Əliyevin növbəti sərt addımı isə SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1991-ci il tarixli ərizəsidir. O,Kommunist Partiyası sıralarından çıxmasına dair ərizəsində bu rejimin ölkəni uçuruma apardəğını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq şəkildə bəyan etmişdir. Həmçinin SSRİ rəhbərlərinin Bakıda 20 Yanvar qırğını törətməklə Azərbaycan xalqının azadlıq və müstəqillik əzmini qırmağa uğursuz cəhd göstərdiyini vurğulamışdır. 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməməsi Ulu Öndəri çox düşündürən məsələlərdən biri idi. 1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, respublika əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla bağlı 1993-cü ilə qədər faktiki olaraq, heç bir tədbir görülməmişdir. Yalnız Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. “20 Yanvar faciəsinin 4-cü il dönümünün keçirilməsi haqqında” Azərbaycan Prezidentinin 5 yanvar 1994-cü il tarixli Fərmanında deyilirdi: “Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir.”
Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəyahət ki, 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
Ümummilli Lider hər zaman 20 Yanvar faciəsini mahiyyət etibarılə bəşəriyyətə, hümanizmə, insanlığa qarşı yönəldilmiş ən qanlı terror aktlarından biri kimi qiymətləndirmişdir.
Müstəqil Azərbaycan dövləti, onun rəhbərliyi bütün tariximizə, mədəniyyətimizə, adət-ənənələrimizə olduğu kimi, 1918-ci ilin mart, 1990-cı ilin 20 Yanvar, 1992-ci ilin Xocalı kimi faciəli tarixlərin anılmasına da xüsusi həssaslıqla yanaşır və bununla bağlı müvafiq tədbirlər görür. Azərbaycan xalqına qarşı tarixən törədilən cinayətlərin daim yaddaşlarda qalması, xüsusən də son onilliklərdə yaşanan faciələrdən zərər çəkənlərə - şəhid ailələri, məcburi köçkün və qaçqın ailələrinə qayğı göstərilməsi dövlətin diqqət mərkəzindədir. Bu gün Azərbaycan dövlətinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz tərəfindən məmnunluqla qarşılanır. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və sərəncamlar çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Prezident İlham Əliyev demişdir: “Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq”.
Hüseyn Vəliyev,
YAP Qaradağ rayon təşkilatının İdarə Heyətinin üzvü
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib