18 yanvar 2019 11:12
986

Xalq qanı bahasına müstəqilliyini qazandı İKİSAHİL TV

İki sahil.Tv-nin “Bizimlə həmsöhbət” verilişində AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov 20 Yanvar - qürur tariximizlə bağlı bir çox mətləblərə aydınlıq gətirdi


- Cəbi müəllim, bu gün faciə adlandırdığımız və eyni zamanda ümummilli qürur tariximizdən - 20 Yanvar qətliamından danışacağıq. 20 Yanvara aparan yol haradan başladı?

- Çox doğru qeyd etdiniz, 20 Yanvar milli tariximizin çox şanlı bir səhifəsidir. Bütün tarixi dövrlərə nəzər salsaq görərik ki, bizim heç bir xalqın,  heç bir dövlətin ərazisində, sərvətində gözümüz olmayıb. Amma tarix boyu torpaqlarımıza, maddi sərvətlərimizə qarşı təcavüzlər və soyqırım aktları həyata keçirilib.  Bir millət olaraq bizə qarşı ağır cinayətlər törədilib. 20 Yanvara gedən yol haradan başlayır?

Qeyd edim ki, bunun tarixi uzun illər əvvəllərə gedib çıxır. Bu proses  200 illik dövrü əhatə edir.

- Xalqın günahı nə idi?

- Əslinə baxanda 20 Yanvar hadisələri də soyqırım siyasətinin bir hissəsidir. Məsələ ondadır ki, bu cür təcavüzlər  hələ 1801-ci ildən də əvvəlki dövrlərə gedib çatır. 1723-cü ildə Rusiya imperatoru I Pyotrun əmri ilə onun generalı Matyuşkin Bakını üç gün ərzində top atəşinə tutaraq, şəhərin qala divarlarını dağıtmış, əhalinin böyük hissəsini məhv etdikdən sonra şəhəri ələ keçirmişdi. I Pyotr qələbə xəbərini aldıqdan sonra Peterburq şəhərində atəşfəşanlıq etmişdilər. 1806-cı ildə Bakı şəhərində növbəti qətliamlar başlandı. Gürcü əsilli general Sisyanov  Bakıya hücum edərkən burada qətlə yetirildi.  

- Haqlı olaraq qətlə yetirildi... Onun özgə torpağında nə işi vardı?

- Əlbəttə, haqlı olaraq qətlə yetirildi. Çar hökumətinin əmri ilə regiona səfər edən Sisyanov Gəncəni ələ keçirdikdən sonra Bakıya hücum edir. Bakı şəhərinin açarlarını alarkən qətlə yetirilir. Təbii ki, Çar hökuməti bunu cəzasız qoymur. Azərbaycanlılara çox ağır divan tutulur. Necə ki, Gəncəni qan içində boğmuşdular, eləcə də Bakını  o günə qoydular.

- Bütün bunlar planlı şəkildə davam etdirilirdi...

- Əlbəttə. 1806-cı ildə Bakı, Quba və digər əraziləri də ələ keçirəndən sonra xanlıqları ləğv edirdilər. Həmin ərazilərdə uzunmüddətli hərbi idarəetmə üsulu olan komendant üsülü tətbiq etdilər. Bu idarəetmə üsülu çox uzun çəkdi, 1841-ci ilə qədər davam etdi. Ancaq Azərbaycan xalqı işğalı qəbul etmir. Zamanı gəldikdə öz sözünü deməyi bacarır. 1906-cı ildə Rusiya Dövlət Dumasına deputat seçilən Ziyadxanov Dövlət Dumasında Çar hökumətini müstəmləkəçilikdə, Azərbaycan xalqına qarşı törətdiyi cinayətdə ağır şəkildə ittiham edir. O zaman Azərbaycan  ərazisindən II Dövlət Dumasına deputat seçilən Ziyadxanov öz haqq səsini ucaltdı. Həmin dövrdə Dövlət Dumasında onları işğalçılıq siyasətində günahlandırmaq hər adamın işi deyildi.  Amma Azərbaycan xalqının belə mərd oğulları var idi. Bu insanlar gələcəkdə Azərbaycan Xalq Cümhuriyyətini yaratdılar. 

Qeyd etdiyim kimi, azərbaycanlılara qarşı ən ağır cinayətlər silsilə xarakteri daşıyıb. Onlardan biri də 1918-ci il qətliamı idi. Təkcə Bakı şəhərində 30 mindən çox əliyalın dinc sakin qətlə yetirilmişdi. Bütöv Azərbaycan ərazisində isə iki il ərzində qətlə yetirilənlərin sayı 700 min nəfərdən çoxdur.

- Məqsədli soyqırımı deyirlər buna...

- Bəli. Səbəblərdən birinin Azərbaycan ərazisinin çox əlverişli yerdə yerləşməsidir. Avropa ilə Asiyanı birləşdirəcək ən qısa və əlverişli yoldur. İkinci mühüm amil ondan ibarətdir ki, bu torpaq çox zəngindir. Dünyanın bütün sərvətləri burada toplanıb. Ən qiymətli təbii sərvətlərdən olan neftlə zəngin olması isə hər şey demək idi. Azərbaycan XX əsrin əvvəllərində dünya neft hasilatının 52 faizini  təmin edirdi. Rusiyada hasil edilən neftin 95 faizi Azərbaycandan gedirdi. Təsadüfi deyil ki, bura Avropanın ən tanınmış şirkətləri gəlirdi.  Qeyd edim ki, gələn Avropa şirkətləri isə  Azərbaycan xalqının tərəqqisi üçün, çiçəklənməsi üçün gəlmirdilər.  Məlumdur ki, Rusiyanın müstəmləkəsi olduğuna görə burada rus sahibkarları da çoxluq təşkil edirdi. Rus sahibkarı  Vasili Aleksandroviç Kokarevin təklifi ilə dünyamiqyaslı tanınmış alim Dmitri Mendeleyev Bakıya gəlir və Nobellərin burada fəaliyyətini gördükdə onları yırtıcı adlandırır. Görür ki, bu sahibkarları ancaq kapital maraqlandırır. Heç bir ekoloji  vəziyyət və fəhlələrin ağır iş rejimi onların vecinə deyil. “Qara şəhər” adının ortaya çıxması da məhz o zamanlardan yaranmışdı. Bu da Azərbaycan xalqının təbiətinin soyqırımı idi.

1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan zaman Ulu Öndər çıxışında bu məsələyə diqqət yetirdi.  Ekoloji məsələləri çox diqqətlə analiz etdikdən sonra belə bir fikir söylədi ki, vaxt gələcək biz “Qara şəhəri” ləğv edəcəyik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə indi həmin ərazi “Ağ şəhərə” çevrilib. Bütün bunlar təsadüf deyil.

20 Yanvara gedən yol elə də asan deyil. Apardığımız araşdırmalara əsasən bildirim ki, 1920-ci ildə Bakıya qoşun yeridən Sovet Rusiyası, təsəvvürünüzə gətirin, 1920-ci ilin may ayından 1921-ci ilin avqustun 21-nə kimi Azərbaycanda 48 min nəfəri güllələyiblər. Bütün bunlar soyqırımı deyilmi?

Onun davamı olaraq bu millətin fikir daşıyıcıları olan alimlərə, ziyalılara qarşı repressiyalar, deportasiyalar həyata keçirməyə başladılar. 1936-1937-ci illər ərzində 70-80 min nəfər Azərbaycan ziyalısını güllələdilər. Akademik Ziya Bünyadovun “Qırmızı terror” kitabında bu hadisələr dolğunluğu ilə öz əksini tapıb.  1948-53-cü illərdə yenidən azərbaycanlılara qarşı repressiyalar apardılar. O zaman onların bir məqsədi var idi: bütün azərbaycanlıları Özbəkistan və Qazaxıstana deportasiya etmək. İosif Stalin 1947 və 1948-ci illərdə iki fərman imzalayır. Həmin fərmanlar Ermənistan SSR adlanan Qərbi Azərbaycan torpaqlarında yaşayan azərbaycanlıların deportasiyası ilə bağlı idi. Əhali öz torpaqlarından çıxmaq istəmirdi. Məcbur etdilər.

Nəhayət, 20 Yanvar hadisələri də bunların bir davamı oldu. Sovet hökumətinin Azərbaycana qarşı törətdiyi cinayətləri saymaqla qurtarmaq olmur. Azərbaycan torpaqları olan Zəngəzurun qərb hissəsinin Ermənistan SSR tərkibinə verilməsi xalqımıza qarşı ən ağır zərbələrdən biri idi. 1990-cı ildə də Azərbaycan xalqı öz haqqını tələb etdiyinə görə ona qarşı bu ağır cinayət törədildi. Amma çox təəssüflər olsun ki, bu cinayəti törədənlər layiqli cəzalarını almadılar. Çox inanıram ki, Azərbaycan xalqının haqq davası öz yerini alacaq.

- Tarix İnstitutu 20 Yanvar hadisələri ilə bağlı hansı yeni materialların üzə çıxmasına nail olub?

- Tarix İnstitutunun nəşrləri çox geniş miqyasda dərc etdirilir və yayılır. Azərbaycan xalqına qarşı törədilən cinayətlər 20 Yanvar cinayəti ilə müqayisə edilərək həm tarixi, həm də siyasi qiymət verilir. Təbii ki, hüquqi qiymət hüquq mühafizə orqanlarının işidir. Biz faktları ortaya çıxarırıq.

- 20 Yanvar hadisələrindən uzun müddət  keçib. Necə hesab edirsiniz, gənclərlə bağlı maarifləndirmə işləri uğurla aparılırmı?

- Azərbaycan xalqı hər zaman imperiya ilə mübarizə aparıb. 1990-cı il də yaxın tarixdə baş verən mübarizənin əksi idi. Azərbaycanlılar  nə tankdan, nə güllədən qorxmadan imperiyaya “yox” dedilər. Atılan güllələr qəddimizi əyə bilmədi. 1918-ci ildə xalqımız necə çətinliklər bahasına AXC qurulmuşdusa, 1990-cı ildə o dövrün təkrarı oldu. Xalq qanı bahasına müstəqilliyini qazandı. Görünən odur ki, heç bir imperiya xalqımızın müqavimətini qıra bilməz. Ona görə də, bu hadisələrin doğru və düzgün çatdırılması əlbəttə ki, kütləvi informasiya vasitələrinin də birinci vəzifəsidir. Hesab edirəm ki, onlar da vəzifələrini layiqincə yerinə yetirirlər. Mən “İki sahil” qəzetinin kollektivinə də bu şərəfli işləri həyata keçirdiklərinə görə minnətdarlığımı bildirirəm. Biz alimlər də hər hansı məlumatların əldə edilməsində hər zaman mətbuatın yanındayıq.

Şəmsiyyə Əliqızı, “İki sahil”