Yanvarın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi ilə birgə rayon ərazisində yaşayan 20 Yanvar şəhidlərinin ailələri və əlilləri ilə görüş keçirib.
Partiyanın rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, 1990-cı ilin 20 yanvarında ermənipərəst Sovet ordusunun ölkəmizdə mülki və dinc insanlara qarşı amansız cinayət törətməsindən 29 il ötməsinə baxmayaraq, Azərbaycan xalqının qan yaddaşına əbədi yazılmış bu qəhrəmanlıq tarixi ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə hər il qeyd edilir. Bununla bağlı Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”nın təsdiq edildiyini xatırladan M.İbrahimqızı qeyd edib ki, tədbirin təşkilinin məqsədi 20 Yanvar qəhrəmanlıq tarixinin ölkəmizin dövlət müstəqilliyinin qazanılmasındakı rolunun və əhəmiyyətinin yetişməkdə olan gənc nəsillərə çatdırılmasıdır.
Sədr vurğulayıb ki, ulu öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar faciəsinə əsl siyasi-hüquqi qiymət verməklə bərabər, “20 Yanvar şəhidi” fəxri adı da təsis edib: “Ümummilli Lider bu faciənin qurbanlarının sosial müdafiəsini daim xüsusi diqqət mərkəzində saxlayırdı. Dahi şəxsiyyətin hakimiyyətdə olduğu dövrdə, eyni zamanda, şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında, həlak olanların ailələrinə yardım göstərilməsi istiqamətində müxtəlif fərman və sərəncamlar imzalanıb. Şəhid ailələrinin və əlillərin sosial müdafiəsi ilə bağlı dövlət siyasəti hazırda Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam edir.”
YAP Mənzil İnşaatı Dövlət Agentliyi ərazi ilk partiya təşkilatının sədri Fərman Qurbanlı da Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda, o cümlədən 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə və bu qanlı qırğında əlil olmuş insanlara Azərbaycan dövlətinin diqqət və qayğısından danışıb.
20 Yanvar Cəmiyyətinin Nəsimi rayon şöbəsinin sədri Tahir Fətullayev 20 Yanvar əlillərinə və şəhid ailələrinə göstərilən qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirərək, ölkəmizdə sosial siyasət sahəsində görülən işləri yüksək qiymətləndirib. O, eyni zamanda, bildirib ki, xalqımızın qan yaddaşına silinməz faciə olaraq yazılmış 20 Yanvarın milli matəm, hüzn günü kimi qeyd edilməsinə baxmayaraq, eyni zamanda, xalqımızın tarixində qəhrəmanlıq səhifəsidir.
Daha sonra tədbirdə iştirak edən 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərini maraqlandıran məsələlər dinlənilib.
Sonda 43 nəfər şəhid ailəsi və əlillərinə ərzaq yardımı edilib.
Ceyhun Piriyev, “İki sahil”
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib