Azərbaycanın dövlətçilik salnaməsində vaxtilə böyük bir dönüşün əsasını qoyan çox əhəmiyyətli bir tarixin ildönümü yaxınlaşır. Düz 25 il bundan əvvəl iyun günlərində Azərbycan təlatümlü dənizi xatırladırdı. Hakimiyyət sevdasının bəzi ambisiyalı insanlarda yaratdığı eyforiya Azərbaycanı gözgörəsi böyük bir fəlakətə sürükləyirdi. Ölkənin suverenliyi, ərazi bütövlüyü məsələsi sual altında idi. Separatçı radikal qüvvələr ölkəni ləzzətli tikə kimi hərəsi bir tərəfə dartışdırırdı. Müstəqillik yolunda ilk kövrək addımlarını atan Azərbaycan öz siyasi mövcudluğunu itirmək təhlükəsi ilə üz-üzə idi. Xalqın ziyalı insanları, fikir öncülləri və aydınları vəziyyətin ciddiliyini dərk edərək xilas yolunu ulu öndər Heydər Əliyevi hakimiyyət başına gətirməkdə görürdülər.
Yazıçı Hüseynbala Mirələmov və rus ədibi Viktor Andriyanovun həmmüəllifi olduqları “Heydər Əliyev” kitabında həmin günlər belə xatırlanır: “1993-cü ilin may ayındakı Azərbaycanla iyun ayındakı Azərbaycan bir-birindən fərqlənirdi. Onları Gəncə hadisələri ayırırdı. Bu tarixi hadisələrə bir qədər ətraflı diqqət yetirək. Heydər Əliyev hələ Naxçıvandadır. Elçibəy ona gündə iki-üç dəfə telefon açıb Bakıya gəlməsini, ölkəni xaosdan qurtarmasını təvəqqe edir.
Polkovnik Surət Hüseynovun tankları camaatın canına vəlvələ sala-sala Bakıya doğru şütüyür.
Elçibəy iki dəfə Heydər Əliyevi gətirmək üçün öz təyyarəsini göndərir - ekipaj dəvət olunan şəxssiz geri qayıdır.
İyunun 7-də Heydər Əliyev muxtar respublikanın Ali Məclisini və Nazirlər Kabinetini təcili iclasa yığır. Bakıdan və Gəncədən qarışıq informasiyalar gəlir.
“Mən Prezident Elçibəylə telefonda danışdım”, - deyə Heydər Əliyev öz həmkarlarına bəyan edir: “O mənə dedi ki, Surət Hüseynov qiyam qaldıraraq dövlətin əleyhinə çıxıb. Bizim bildiyimizə görə, bir neçə nüfuzlu ağsaqqal onunla danışıqlar aparmaq üçün Gəncəyə gedib. Bu danışıqların nəticələri barədə hələlik heç bir məlumat yoxdur. Buna baxmayaraq, təklif var ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bu məsələyə öz münasibətini bildirərək bəyanat qəbul etsin.”
Bəyanat layihəsini hazırlayanlar hamını barışığa və Prezidentin ətrafında birləşməyə çağırırdılar.
Hakimiyyətsizliyin və xaosun arxada buraxdığı izlər təlaş və vahimə doğururdu. Ermənistanın təcavüzü genişlənir, Azərbaycan strateji mövqelərini bir-bir əldən verirdi. Müharibə aparan ölkənin nizamlı ordusu yox idi. Siyasiləşdirilmiş ordu hissələrində intizamsızlıq, qarşıdurma əhval-ruhiyyəsi onun düşmənə qarşı döyüş qabiliyyətini heçə endirmişdi. Hakimiyyət kürsüsü uğrunda gedən çəkişmələr, qruplararası ziddiyyətlər, tayfa münasibətlərini kəskinləşdirən ədavət hissləri, xəyanət və satqınlıqlar dövlət idarəçiliyini heçə endirmişdi. Əbülfəz Elçibəy Bakıda prezident idi, Surət Hüseynov isə Gəncədə hakimi-mütləq. Ölkədə anarxiya hökm sürürdü.
Dövlətin sabit xarici siyasət kursu olmadığından ölkənin beynəlxalq aləmdə nüfuzu heçə endirilmiş, strateji baxımdan mühüm əhəmiyyət daşıyan qonşu ölkələrlə münasibətlərdə soyuqluq yaranmışdı. Müharibə aparan ölkənin iqtisadi durumu böhran həddinə çatmış, xarici iqtisadi əlaqələr pozulmuş və nəhəng sənaye müəssisələri dayanmışdı.
Aparılan səriştəsiz daxili siyasətin nəticələri daha ağır idi. Milli münasibətlər bilərəkdən kəskinləşdirilmiş və Azərbaycan parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Ölkə həqiqi mənada vətəndaş müharibəsinin astanasında idi. Hakimiyyət ermənilərin işğalçı hücumlarının qarşısını almaq əvəzinə, Gəncəyə hücum planı hazırlayırdı... 1993-cü ilin iyun günləri belə idi...
Bu millətin əsgərləri torpağına yeriyən düşməndən yox, kürəyinə açıla biləcək “qardaş” gülləsindən ehtiyatlanırdı.”
Müəlliflərin də qeyd etdikləri kimi, ən çətin dövrdə Vətəni Azərbaycanın və doğma xalqının taleyini öz taleyi bilən Ulu Öndər özünü yetirdi. Sözügedən əsərdə vurğulanır ki, onu qarşılayan izdihamı görmədən, bəlkə də, bu dahi şəxsiyyətin xalq arasında hansı hüsn-rəğbətə, hansı məhəbbətə sahib olduğunun gerçək mənzərəsini təsəvvürə gətirmək və dərk etmək çətin olardı: “Millət atası nə qədər qamətli, vüqarlı, əzəmətli görünsə də, xalqın baxışlarındakı sevincdən daxilən kövrəlmişdi. Amma bunu çox az adam görə bildi. Onun baxışları izdihama böyük bir toxtaqlıq verdi. Çöhrələr açıldı, alqış sədaları zilə qalxdı. Böyük qayıdışdan QURTULUŞA yol başladı...”
1993-cü il, iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilən zaman Milli Məclisdəki çıxışı isə hər cümləsi ilə gənc nəsil üçün örnək sayıla bilər. Həmin geniş çıxış yetişməkdə olan gənc nəsil üçün həm həmin dövrün mənzərəsi, həm Azərbaycanın hansı əziyyətli zamanlardan keçib bugünkü sabitliyə və inkişafa aparan yol haqqında, həm də bu inkişafın müəllifinin dahiliyi haqqında bir daha aydın təsəvvür yaradır: “...Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harda olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək .
...Azərbaycanda gərginlik bir tək Qarabağ problemi ilə, yəni Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar olan səbəblərdən deyil. İndi Gəncə hadisələri baş verdi. Təəssüf ki, gərginliyi yaradan səbəblərdən biri də Azərbaycanda uzun illər bir yerdə yaşayan millətlər, etnik qruplar arasındakı münasibətlərin bir qədər pozulmasıdır. Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır. Azərbaycan Respublikasının ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bu məfhumları rəhbər tuta bilsək və bunu əməli surətdə həyata keçirə bilsək, biz Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik.
Mən qeyd etdim, bir də bildirmək istəyirəm ki, Gəncədə vəziyyət həddindən artıq gərgindir. Bu məsələlərin həll olunması böyük səylər tələb edir. Mən Naxçıvandan bura özüm gəlməmişəm. Məni bura dəvət eləyiblər, məndən dəfələrlə İsa Qəmbər, Pənah Hüseynov və Azərbaycanın prezidenti Əbülfəz Elçibəy xahiş eləyiblər ki, gəlim burda bir vəzifə tutum, bərabər bu məsələlərin həll olunmasında iştirak edim.
Mən bu yola ancaq xalqın ağır vəziyyətdən çıxmasında müəyyən fəaliyyət göstərmək üçün gedirəm. Azərbaycan xalqı müdrik xalqdır. Millətimizdə böyük potensial var, hamını birləşdirib, bu vəziyyətdən çıxmaq olar...”
Tarix Ümummilli Liderin fikirlərinin doğruluğunu bütün aspektlərdə təsdiqlədi. Milli qurtuluşumuzun dialektikasının dəqiq konturlarını çəkən və ölkəni uçurumdan inkişafa doğru aparmağı bacaran Ulu Öndər məhz bu səbəbdən o vaxtdan bəri müasir Azərbaycanın memarı və xalqın xilaskarı mənəvi ünvanının daşıyıcısıdır. Zaman ölçüsündən asılı olmayaraq bu mənəvi titul həmişə Azərbaycan xalqının qürur yeri olacaq.
Sevinc Mürvətqızı, “İki sahil”
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır
Diplomatik səfərə münasibət: yeni reallıqların qəbul edilməsi sülhün əsas şərtidir