“Dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz. Biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Hamımız istəyirik, hər bir normal vətənpərvər adam bunu istəyir ki, mövqeyimiz daha da möhkəm olsun, gücümüz də artsın. Nəyə görə?! Ona görə ki, insanlar daha da yaxşı yaşasınlar. Budur, əsas məqsəd. Bizim dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcəklər, təhlükəsizlik şəraitində yaşayacaqlar. Hiss edəcəklər və edirlər ki, onların arxasında güclü Azərbaycan dövləti var ki, onları heç vaxt darda qoymaz, bütün zamanlarda onlara dəstək olacaqdır.» Ölkə Prezidenti İlham Əliyev statistik rəqəmlər əsasında sosial müdafiənin prioritetliyini açıqlayır: “Son 15 il ərzində biz sosial məsələlərin həllinə çox böyük diqqət göstərmişik. Bunu rəqəmlər də təsdiqləyir. Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur yaradılır. 3100-dən çox məktəb tikilib və təmir edilib. 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Yəni, sosial siyasət daim diqqət mərkəzindədir. Dəfələrlə bu məsələ ilə bağlı fikrimi bildirmişəm, bir daha demək istəyirəm ki, gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaq.”” O da qeyd olunmuşdur ki, növbəti illərdə daha ciddi islahatların aparılacağını nəzərə alsaq, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaq. Yoxsulluğa qarşı mübarizədə Azərbaycan böyük uğurlara imza atıb. Yoxsulluq təxminən 50 faizdən 5,4 faizə enib. İşsizlik 5 faiz səviyyəsindədir. Son 15 ildə bir milyon 900 minə yaxın yeni iş yeri yaradılıb. “Mən bunu bir daha demək istəyirəm ki, gələcək fəaliyyətimizdə biz bu amili daim diqqətdə saxlayacağıq” söyləyən ölkə Prezidenti bunu belə əsaslandırır: “Çünki bizdə mövcud olan müsbət demoqrafik dinamika tələb edir ki, iş yerlərinin yaradılması prosesi daim getsin. Əgər nəzərə alsaq ki, indi dünyada, o cümlədən Azərbaycanda yeni texnologiyalar tətbiq olunur və bu texnologiyalar bəzi hallarda insan əməyini aradan götürür, yeni texnoloji müəssisələrin yaradılması bizim planlarımızdadır. Biz yeni iş yerlərinin yaradılması ilə bağlı daha çevik və səmərəli siyasət aparmalıyıq.”
Son 15 ilin uğurlarından bəhs edərkən bu məqamı xüsusi qeyd edirik ki, Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edib. Bu, uğurlu, təkmil sosial-iqtisadi siyasətin nəticəsidir. Təkmilləşmə, yeniləşmə dövlət siyasətinin əsasını təşkil edir. 2016-cı ilin sentyabrında ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklərin bir qismi insan hüquq və azadlıqlarının qorunmasına, digər qismi isə idarəetmə sistemində təkmilləşməyə xidmət edir. Vitse-prezidentlik institutunun yaradılması, Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi ölkəmizin davamlı inkişafına xidmət edən mühüm addımlar sırasındandır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindən biri məhz əhalinin sosial müdafiəsinin gücləndirilməsidir. Uzun illərdir ölkənin ictimai-siyasi, mədəni, humanitar, sosial həyatında mühüm və fəal rol oynayan Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli Sərəncamı ilə ölkənin Birinci vitse-prezidenti təyin olunduqdan sonra qeyd olunan sahələrdə fəaliyyətini davam etdirəcəyini, bundan sonrakı işlərini sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmaq niyyətini açıqlamışdı. Qısa dövrdə bu istiqamətdə görülən işlərin miqyasına diqqət yetirmək kifayətdir.
«Sosial siyasət daim bizim əsas prioritetlərimizdən biridir» söyləyən dövlətimizin başçısı İlham Əliyev bunu belə əsaslandırır ki, iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Əmək haqlarının, pensiyaların artırılması müsbət dinamikanın göstəricisidir. Ehtiyac içində yaşayan vətəndaşlara dövlət həmişə öz yardımını göstərir və göstərəcək. Cənab İlham Əliyev eyni zamanda bildirir: «Orta təbəqənin maraqlarının qorunması üçün çox ciddi institusional islahatlar aparılır, iş yerlərinin yaradılması ilə bağlı addımlar atılır. Varlı təbəqə isə dövlətdən dotasiya, hansısa yardım gözləməməlidir. Ona görə kommunal tariflərin diferensiasiyası da bax, bu sosial ədalət prinsipini əsas prinsip kimi götürmüşdür və hesab edirəm ki, sosial məsələlərin həlli işində biz əldə edilmiş uğurlarla fəxr edə bilərik.» Uğurlu sosial-iqtisadi göstəriciləri ilə dünyanın nüfuzlu maliyyə qurumlarının hesabatlarında birinciliyini qoruyan Azərbaycanda insan amilinə verilən dəyər hər zaman təqdir olunur. Bu məqamı xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərdə günün əsas çağırışlarından olan yoxsulluqla mübarizə hər zaman önə çəkilmiş, ölkəmizin bu sahədəki təcrübəsi nümunə göstərilmişdir. Prezident İlham Əliyev bildirir ki, ən ucqar kəndlər də iqtisadi inkişafı öz həyat tərzində hiss etməlidir: «Yalnız bütün əhalimiz özünün daha yaxşı yaşadığını hiss etdiyi bir vaxtda, hökumətimiz vəzifəsini yerinə yetirmiş hesab edə bilər. Budur, bizim məqsədimiz-vətəndaşlara eyni şərait yaratmaq.» Regionların, həmçinin Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası dövlətimizin başçısı İlham Əliyevin rayonlara səfəri çərçivəsində açılışı və təməlqoyma mərasimləri keçirilən sosial obyektlərin say təkibindən də daha aydın görünür. Ölkə Prezidenti bildirir ki, regionların inkişafı daim diqqət mərkəzində olmuşdur. Ötən il, eyni zamanda cari ilin ötən dövründə bölgələrə səfərlərin, həmçinin səfərlər çərçivəsində açılışı və təməlqoyma mərasimləri keçirilən yeni müəssisələrin say tərkibinə diqqət yetirsək, yüksək rifahın dövlət siyasətinin əsası olduğu özünü qabarıq şəkildə büruzə verir. Ölkə Prezidenti bu fikri böyük inamla qeyd edir ki, biz diqqəti xüsusən gələcək iqtisadi inkişafımıza yönəltməliyik. Görüləcək işlər, yeni, infrastruktur layihələrinin, sosial proqramların icrası nəticəsində yoxsulluq səviyyəsi daha da düşəcək və 15 il bundan əvvəl qarşıya qoyulan vəzifə təmin ediləcək- Azərbaycanda yoxsulluq tamamilə aradan götürülməlidir: «Növbəti illərdə biz daha çox şaxələndirməyə diqqət yetirməliyik və bizim hökumətimizin diqqət yönəltdiyi sahələr müasir texnologiya və kənd təsərrüfatıdır.»
Ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı istiqamətində görülən işlər də göz önündədir. Bölgələr üzrə ixtisaslaşmanın aparılması və dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə müşavirələrin keçirilməsi, cari ildə qeyd edilən sahələrin inkişafına dair Dövlət proqramlarının təsdiqlənməsi qarşıya qoyulan məqsədlərə geniş yol açır. «Çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı», «Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı», «Çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqamı» və s kimi sənədlər iqtisadiyyatın şaxələndirilməsinin dövlət siyasətinin əsası olduğunu bir daha təsdiqləyir. Təkmil islahatlar fonunda yeni hədəflərin gundəmə gətirilməsi və həyata keçirilməsi istiqamətində atılan addımlar da davamlı inkişafı şərtləndirir. Ölkə Prezidenti İlham Əliyevin «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji Yol xəritələrinin təsdiq edilməsi haqqında» Fərmanı və bu sənədə əsasən müxtəlif istiqamətləri əhatə edən yol xəritələrinin hazırlanması və icrası deyilənlərə bariz nümunədir. Strateji Yol xəritələri arasında əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edən addımlar xüsusi diqqət çəkir. Bu, cənab İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində «Əhalinin sosila müdafiəsini prioritetdir» cağırışının təsdiqidir. Bu vacib məqam da qeyd olunmuşdur ki, iqtisadi inkişafa uyğun olaraq əmək haqları, pensiyalar ildə ən azı iki dəfə artırılmalıdır. Xatırlasaq, dünyada iqtisadi və maliyyə böhranının yaşanması ilə əlaqədar bəzi ölkələrdə sosial ödənişlərin azaldığına baxmayaraq ölkəmizdə müxtəlif sahələrdə çalışanların əmək haqları, pensiyaları mütəmadi olaraq artırılır. Cari ilin ilk aylarından başlayaraq bu istiqamətdə imzalanan fərman və sərəncamlara diqqət yetirək. «Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında», sonra sosial müavinətlərin, fəxri adlara görə aylıq təqaüdlərin, gənc istedadlar üçün xüsusi təqaüdün, uşağa qulluğa qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin, ali məktəb tələbələri üçün Prezident təqaüdünün, doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri, AMEA-nın magistratura səviyyəsi üzrə tələbələr üçün müəyyən edilmiş təqüdlərin artırılması, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi, şəhid ailələri üçün, həmçinin müharibə əlillərinə, 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Prezident təqaüdünün artırılması, 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncamlar yüksək rifahın dövlətin ali məqsədi olduğunun təsdiqidir.
Qısa təhlil ölkə Prezidenti İlham Əliyevin «İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır» tezisinin davamı olaraq söylədiyi «İqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır» fikrinin reallıqlara əsaslandığını təsdiqləyir. Son günlər ölkəmizin enerji təminatında yaranan probemlərə dövlətimizin başçısı İlham Əliyevin diqqəti, bununla bağlı keçirilən müşavirədə dövlət məmurlarının qarşısında qoyduğu tələblər insan amilinə dəyəri bir daha nümayiş etdirdi. «Bu işlərdə günahı olan bütün insanlar müəyyən edilməlidir və onlar cəzalandırılmalıdır» söyləyən cənab İlham Əliyev bu məqamı da xüsusi qeyd etmişdir: «Azərbaycan vətəndaşları bu məsələ ilə bağlı böyük məsuliyyət, böyük vətəndaş həmrəyliyi göstərmişlər. Bütövlükdə Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bilmişdir. Fürsətdən istifadə edərək, bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bilirəm ki, vətəndaşlar bir-birlərinə gömək göstərmişlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan cəmiyyəti çox yetkin cəmiyyətdir və Azərbaycanda, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur.»
Yeganə Əliyeva,
«İki sahil»
Prezidentin İlham Əliyevin şəxsi uğurunu xalqın və Qarabağın gələcəyinə yönəldən əlamətdar qərar
Kamran Bayramov: Ermənistan tərəfinin revanşist mövqeyi bölgədə davamlı sülhə maneədir