09 iyul 2018 15:19
1279

Vətəndaş həmrəyliyi xalq-iqtidar birliyinin təzahürdür

 Prezident İlham Əliyev  ölkədə enerji sisteminin nasazlıqla bağlı   keçirilən müşavirədə bir daha məmurlardan işlərinə məsuliyyətlə  yanaşmağı tələb etdi

         Bir neçə gün əvvəl ölkəmizin enerji təminatında baş verən nasazlıq müəyyən çətinliklər yaratsa da   Azərbaycan xalqı  bu sınaqdan da   birlik və həmrəyliyi sayəsində şərəflə çıxdı. Mingəçevirdə  yerləşən «Azərenerji» Açıq Səhimdar Cəmiyyətinə  məxsus «Azərbaycan  İstilik Elektrik  Stansiyası» Məhdud Məsuliyyətli Cəmiyyətinin yarımstansiyalarının birində baş verən qəza paytaxtda, bölgələrdə müvəqqəti  çətinlik yaratdı.  Məişətimizə daxil olan enerjinin həyatımız üçün nə qədər  əhəmiyyətli rolu olduğunu hər bir vətəndaş aydın hiss etdi.   Şəhər və rayonlararası nəqliyyatda, xüsusilə  daha çox  sərnişindaşıma imkanına malik metroda   yaranan çətinliklər  hiss olundu. Ölkəmizdə insan amilinin dövlət siyasətinin əsas istiqaməti olduğunu  hər zaman diqqətdə saxlayan  Prezident İlham Əliyevin  göstərişi əsasında  yaranan Xüsusi Dövlət Komissiyasına daxil olan strukturların nümayəndələri, mütəxəssislər səbəbləri araşdırmış, ilkin rəylər nəzərə alınmışdır. Nəticədə yaranan fövqəladə vəziyyət qısa müddətdə aradan qaldırıldı. Görülən tədbirlər nəticəsində   Bakı da daxil olmaqla regionlarda enerji, içməli su ilə fəsiləsiz təminat bərpa olundu.

 Bu günlərdə  dövlət başçısının iştirakı ilə ölkədə enerji sistemindəki nasazlıqla bağlı   keçirilən müşavirədə  yaranan vəziyyət daha geniş təhlil olundu,  təkliflər nəzərə alındı. Qeyd olundu ki, ən çətin məqamlarda  birlik və həmrəylik göstərən Azərbaycan xalqı  enerji ilə təminat nəticəsində yaranan çətinliyi də anlayışla qarşıladı, insanlar fərdi qaydada belə biri-birinə  dəstək göstərdi. Ən əsası odur ki,     insanlar arasında  ağır xəsarət alma halları baş verməmiş,  çətin, riskli  məqamlarda əziyyət çəkən insanlara kömək göstərən Fövqəladə   Hallar Nazirliyinin kollektivi  ikiqat fədakarlıq göstərərək «sos» çağırışlarına vaxtında yetişmişdir.  «Deyə bilərəm ki, bütün dövlət orqanları bu vəzifənin icrasında böyük peşəkarlıq göstərmişlər» söyləyən cənab İlham Əliyev vurğulamışdır ki, Fövqəladə Hallar Nazirliyi təxliyə işlərini tez və düzgün şəkildə aparmış, xilasedicilərin çox uğurlu fəaliyyəti nəticəsində metroda, liftlərdə qalmış vətəndaşlar vaxtında  təxliyə olundu. Enerji ilə bağlı yaranan çətinliklər nəqliyyatın idarəolunmasını tənzimləyən işıqforların fəaliyyətinə də təsir etmişdir. Daxili işlər orqanlarının yol nəqliyyat hərəkətlərini tənzimləyən əməkdaşlarının  operativliyi sayəsində  ağır itkilərə səbəb olacaq halların qarşısı alınmış, hərəkətin nizama salınması tənzimlənmişdir. Nəqliyyatın  tənzimlənməsi üçün Bakı Nəqliyyat Agentliyi dərhal operativ tədbirlər gördü, xətlərə yeni avtobuslar çıxarıldı, sərnişinlərə böyük diqqət və qayğı göstərildi.

Müşavirədə  ölkəmizin enerji təchizatında  yaranan ciddi problemlər  operativ tədbirlər nəticəsində aradan qaldırılsa da bu kimi halların təkrar olunmaması üçün qəzanın səbəblərinin aşkarlanması da komissiya üzvlərinə  ciddi vəzifə kimi tapşırıldı: « Onların arasında əsas vəzifə məsələni araşdırmaq və qəzanın səbəblərini aşkar etməkdir. Eyni zamanda, komissiya günahkarları müəyyən etməli, onlara qarşı görüləcək tədbirlər haqqında təkliflər verməlidir və gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlamalıdır» söyləyən dövlət başçımız İlham Əliyev bir daha məmur məsuliyyətinin vacibliyini diqqətə çatdırdı.

    Ən əsası odur ki, Azərbaycan vətəndaşları bu məsələ ilə bağlı böyük məsuliyyət,  vətəndaş həmrəyliyi göstərmiş,  cəmiyyətin hər bir üzvü  bu çətin sınaqdan şərəflə çıxmışdır. Adi təskinlikləri ilə  çətinliyi birlikdə aradan qaldıran Azərbaycan xalqı birlik və həmrəylik göstərdi. Bununla belə  qısa müddətdə iki dəfə baş vermiş qəza çox ciddi araşdır tələb edir. «Çünki son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulub. Son 15 il ərzində Azərbaycanda onlarla yeni elektrik stansiyası istifadəyə verilmişdir. Son 15 il ərzində 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilmişdir. Bizim enerji potensialımız hazırda 6400 meqavata bərabərdir. Onun 2500 meqavatı, qeyd etdiyim kimi, son 15 il ərzində yaradılıb. Ölkəmizin bütün bölgələrində yeni elektrik stansiyaları tikilmişdir - Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Quba rayonlarında. Eyni zamanda, bölgələrdə su elektrik stansiyaları yaradılmışdır. Yəni, bu stansiyaların coğrafiyası onu göstərir ki, biz çalışırdıq ölkəmizin bütün bölgələrində yeni stansiyalar tikilsin ki, enerji sisteminin dayanıqlılığı təmin edilsin» söyləyən Prezident İlham Əliyev  bütün enerji sistemini sıradan çıxaran səbəblərin araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb edir.

«Ancaq bu qəzalar baş verməməli idi. Əgər baş versəydi belə, fəsadlara gətirib çıxarmamalı idi. İndi qəzalar olur, həm bu sahədə, həm başqa sahələrdə. Dünyanın hər bir ölkəsində heç kim qəzadan sığortalı deyil. Ancaq qəza lokal xarakter daşımalıdır. Bir stansiyada baş vermiş qəza bütün enerji sistemimizə çox böyük zərbə vurdu. Ona görə, çox ciddi araşdırmalar aparılmalıdır, günahkarlar məsuliyyətə cəlb edilməlidir. Bir daha qeyd etmək istəyirəm, elə bir tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə biz bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özümüzü qoruya bilək» söyləyən cənab İlham Əliyev bir daha bildirir ki, ümumi sistemə təsir edən hallara diqqətlə yanaşılmalıdır.

  Ötən illərdə enerji ilə təminatda çətinliklə üzləşən Gürcüstana dost köməyini əsirgəməyən  Azərbaycanın  yardımı gürcü xalqı tərəfindən həmişə dəyərləndirilib. Azərbaycanın üzləşdiyi bu çətin günlərdə  Gürcüstanın, Rusiyanın ölkəmizə  qardaş yardımı birgə əməkdaşlığa sadiqliyin əməli təsdiqi oldu.  «Fürsətdən istifadə edərək, bu vəziyyətdə bizə kömək göstərən Rusiya və Gürcüstan tərəfinə öz təşəkkürümü bildirmək istəyirəm. Onlar belə bir vəziyyətdə bizə kömək göstərdilər. Bildiyiniz kimi, Azərbaycan bu ölkələrlə sıx əlaqələr saxlayır, bizim dostluq əlaqələrimiz var və hər hansı bir qəza baş verdikdə biz də kömək göstəririk, onlar da kömək göstərirlər. Bu, hesab edirəm ki, çox önəmli amildir və bir daha öz təşəkkürümü bildirmək istəyirəm» söyləyən  cənab İlham Əliyev tövsiyələrini də bildirdi - Əsas vəzifə isə strateji obyektlərdə-  Bakı Metropoliteninin stansiyalarında, səhiyyə müəssisələrində enerji ilə təminat diqqətdə saxlanılmalıdır.

 Yaranan vəziyyətdən  istifadə edərək Azərbaycan əleyhinə  təxribat aparan daxili və xarici düşmənlərimizə  layiqli cavab olan xalq-iqtidar birliyi qərəzli qüvvələrə növbəti dərs oldu. Azərbaycanın son illərdə  dünyada  qazandığı nüfuza kölgə salmaq üçün həqiqətə  əsaslanmayan böhtanları ilə diqqət çəkməyə çalışanlara  cavab  çətin anlarda belə iqtidarın siyasətini dəstəklədiyini bildirən Azərbaycan xalqının mətinliyi, dövlət başçısının insan amilinə  göstərdiyi diqqət oldu. Təcrübə göstərir ki,  heç bir dövlət təbii fəlakətlərdən, risklərdən, qəzalardan, hətta sunamilərdən sığortalanmayıb. Ən qüdrətli dövlətlərdə  baş verən  fırtınalar, meşə yanğınları nəticəsində minlərlə   insan yaşadıqları ərazilərdən dislokasiya olunur, hətta insanların ölüm halları baş verir.  Təyyarə, qatar qəzaları  nəticəsində  minlərlə insan həyatını itirir. Amma  Azərbaycanın enerji sektorunda   yaranan vəziyyətlə bağlı   hava, dəmiryol nəqliyyatında elə bir  narahatlıq qeydə alınmayıb. Bunun özü  dövlətin idarə edilməsinin müsbət nəticəsi kimi dəyərləndirilməlidir. Amma bunları görməzdən gəlib, hətta diqqət çəkməyən məqamları şişirdərək  ictimailəşdirənlər erməni təxəyyüllü  nakəslərdir. Siyasi kampaniyalarda  ölkəmizi ən qüdrətli dövlətlər sırasına qaldıran iqtidarın siyasətini dəstəkləyən, taleyini  etibar etdiyi Prezident İlham Əliyevlə həmrəyliyini  çətin anlarda da bildirən Azərbaycan xalqının mətinliyi belə dairələrə növbəti  sarsıdıcı cavab oldu.  Beynəlxalq aləmdə, enerji bazarında əsrin möcüzəsi kimi dəyərləndirilən  «Cənub Qaz Dəhlizi», TANAP-la bağlı  deyilən  xoş sözləri eşitməyən qulağı karlar ölkəmizdə yaranan vəziyyətə  adət etdikləri qara pərdə arxasından  baxmaqla münasibət  bildirənlər    nəyəsə nail olmağa çalışsalar da niyyətlərinə çata bilmədilər. Belə  xəyanətkarlara seçkilərdə  «yox» deməklə tarixin arxivinə atan ölkə vətəndaşlarının birliyi onları  növbəti dəfə də xəyal qırıqlıqlarına  uğratdı. Ermənistanın işğalından azad olunan Cocuq-Mərcanlıda  Rusiyanın ictimai və  siyasi xadimləri ilə  birgə keçirilən konfransdan təlaşa düşən,  Azərbaycanın  ərazi bütövlüyünün toxunulmazlığı ilə  bağlı  Şimal qonşumuzun təmsilçilərinin sözlərindən hiddətlənən ermənilər və erməni kimilərin təxribatları  gözlədikləri effekti yaratmadı.   Enerji təminatında yaranan nasazlıq aradan qalıdırıldı, Azərbaycanda yenə də  həyat öz axarı ilə davam edir. Yaddaqalan isə  xalqımızın qoruduğu  dar gündə bir olmaq ənənəsinə sadiqliyi oldu. Dövlət başçımızın sözləri ilə təsdiqlənən  vətəndaş həmrəyliyi  növbəti dəfə  Azərbaycan xalqının humanistliyini əks etdirdi: «Bu, bir daha onu göstərir ki, Azərbaycan cəmiyyəti çox yetkin cəmiyyətdir və Azərbaycanda, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur.»

Xuraman İsmayılqızı,

«İki sahil»