Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan, baş verən hər bir hadisəni öz maraqlarına uyğun şəkildə təhlil etməkdə maraqlı olan daxili bədxahlarımızın son günlər ölkəmizin enerji təminatında mühüm rol oynayan Mingəçevir İES-də baş verən qəza ətrafında yaratdıqları ajiotaj diqqətdən kənada qalmır. Dövlətimizin başçısı İlham Əliyevin göstərişi ilə qəzadan dərhal sonra xüsusi Dövlət Komissiyasının yaradılması, eyni zamanda Prezident yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirənin keçirilməsi bir daha bu reallığı ortaya qoydu ki, həyata keçirilən siyasətin önündə insan amili dayanır, ən başlıcası vətəndaşların təhlükəsizliyinin təminatı əsasdır. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qeyd etdiyi kimi, təəəssüf ki, insan fəalkətini, qəza və kriminal hadisələri dividend hesab edən şəxslər də tapılır.
«Sapı özümüzdən olan baltalar”ın bu kimi ictimai fikri çaşdırmağa xidmət edən əsassız təbliğatlarının ölkə ictimaiyyəti daim şahididir. Göstərilən cəhdlər bir daha bu ünsürlərin kimliyini ortaya qoyur. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında hər zaman bu qüvvələrin bir adı olduğunu bildirir-xəyanətkarlar, antimilli ünsürlər: «Bizə qarşı çıxmaq istəyənlər isə öz iç üzünü bir daha açmışlar. Onlar bir daha göstərirlər ki, müstəqilliyin nə olduğunu başa düşmürlər. Bir daha göstərirlər ki, qul psixologiyası ilə yaşayırlar. Bu qul psixologiyası ondan ibarətdir ki, daim bir böyük qardaş axtarışındadırlar. Daim kiminsə ayağına yıxılmaq istəyirlər. Daim kiminsə ətəyindən tutub yardım diləyirlər. Yəni, budur, bugünkü Azərbaycanın siyasi mənzərəsi: Bir tərəfdə Azərbaycan iqtidarı, müstəqil siyasət, ləyaqətli siyasət və heç kimin qarşısında baş əyməmək siyasəti, digər tərəfdə öz şəxsi maraqlarını təmin etmək üçün istənilən yola getməyə hazır olan antimilli, satqın, xain,- onlara heç qüvvə də deyə bilmərəm,- ünsürlər, qruplar. Bax budur, bugünkü siyasi palitra.»
Azərbaycanın uğurlarını inkar etməklə, dövlətin, xalqın mənafeyini, milli maraqlarını arxa plana keçirməklə, bir sözlə, xəyanətkar əməlləri ilə satqın, xain imiclərini günbəgün təsdiqləyən dağıdıcı ünsürlər xarici antiazərbaycan dairələrin əlində oyuncağa çevrilməklə siyasi qul olduqlarını bir daha təsdiqləyirlər. Onların bugünkü canfəşanlıqları bizləri həmin ünsürlərə unutmuş olduqları bir illik hakimiyyətləri dövründə ölkəni hansı problemlərlə üz-üzə qoyduqlarını xatırlatmaq məcburiyyətində qoyur. Zaman hakim, tarix isə yaddaşdır. Həmin ünsürlər unutmasınlar ki, bu gün ictimai fikri çaşdırmağa nə qədər səy göstərsələr də bunun reallıq kimi qəbul olunması mümkünsüzdür. Bütün gerçəkliklərin şahidi olan xalqımız həyata keçirilən siyasətin əsasında ölkənin hərtərəfli inkişafının, insanların sosial rifahının, təhlükəsizliyinin təminatı dayandığını çox yaxşı görür. Cənab İlham Əliyevin çıxışlarında yer alan əsas məqam bu olur ki, ölkə əhalisinin sabit, təhlükəsiz şəraitdə yaşaması, bütün qayğılarının təminatı əsasdır. Ən əsası cənab İlham Əliyev bütün dövlət məmurlarından xalqın qayğıları ilə yaşamağı, onları narahat edən bütün məsələlərin həllini tələb edir. Qeyd etdiyimiz müşavirədə də cənab İlham Əliyev bildirmişdir: «Çox ciddi araşdırmalar aparılmalıdır, günahkarlar məsuliyyətə cəlb edilməlidir. Bir daha qeyd etmək istəyirəm, elə bir tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə biz bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özümüzü qoruya bilək.»
Təbii ki, xalqımız reallığa dəyər verir. Gerçəkliklər Azərbaycanın uğurlarıdır. Ölkə Prezidenti müşavirədə son illər Azərbaycanın elektrik enerjisi ilə təminatı sahəsində görülən tədbirlərdən bəhs etmişdir. Bu rəqəmlər açıqlanmışdır ki, son 15 ildə Azərbaycanda onlarla yeni elektrik stansiyası istifadəyə verilmişdir. 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilmişdir. Enerji potensialımız hazırda 6400 meqavata bərabərdir. Ölkəmizin bütün bölgələrində - Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Quba rayonlarında yeni elektrik stansiyaları tikilib istifadəyə verilib.
Təbii ki, bu kimi addımların atılması ölkəmizin dayanıqlı iqtisadi inkişafına əsaslanır. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilin rolunu önə çəkən dövlətimizin bu istiqamətdə atdığı davamlı addımlar göz önündədir. Müxtəlif istiqamətləri əhatə edən strateji Yol xəritələrinin hazırlanması və icrası, «Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyasından irəli gələn vəzifələrin uğurlu icrası uğurlarımızın fonunda müəyyənləşdirilən hədəflərin gerçəkləşməsinə xidmət edir. Dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclaslarında daim insan amilinə diqqətdən irəli gələn addımların biri kimi su, qaz, elektrik enerjisinin təminatı istiqamətində görülən işlərin ümumi statistikası açıqlanır və qarşıda duran vəzifələrdən bəhs edilir. Bu kimi məsələlərin həlli eyni zamanda bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün əsas amillərdir. Dövlətin ali məqsədi məhz vətandaşların hüquq və azadlıqlarının müdafiəsi ilə yanaşı, yüksək rifahının təmin edilməsidir. Müşavirədə bu məqam da xüsusi vurğlanmışdır ki, dünyanın hər bir ölkəsində heç kim qəzadan sığortalı deyil. Onların baş verməməsi, yaxud baş verdiyi təqdirdə nəticələrin dərhal aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi əsasdır ki, Azərbaycan dövlətinin atdığı addımlar göz önündədir. Lakin bir məqamı da unutmayaq ki, baş verən qəzalar, fəlakətlər siyasi əqidəsindən, mənsubiyyətindən, iqtidarda, yaxud müxalifətdə təmsil olunmasından asılı olmayaraq hər bir vətəndaşı narahat etməlidir. Bundan çirkin məqsədlər üçün bəhrələnmək ikrah doğurur. Azərbaycan dövlətinin qətiyyəti, bu günümüz və gələyimiz üçün işlənib hazırlanan və uğurla icra edilən inkişaf strategiyası hər bir sınaqdan üzü ağ çıxmağımıza əsas verir. «Sapı özümüzdən olan baltalar»ın yaranmış durumdan bəhrələnmək üçün məkrli niyyətlərindən irəli gələn müxtəlif çağırışları da diqqətdən kənarda qalmadı. Amma bu ünsürlər unudurlar ki, onlar belə çağırışlarla ictimai fikri çaşdırmaq, xalqda özlərinə qarşı inam yaratmaq və dəstək əldə etmək imkanında deyillər, yalnız və yalnız iç üzlərini, simasızlıqlarını, dövlət, xalq anlayışının onlar üçün arxa planda dayandığını təsdiqləyirlər. Ona görə də belə ünsürlərin siyasi səhnədə yeri yoxdur, onların meydanı iqtidarın gördüyü işlərin, əldə olunan uğarların fonunda daralıb.
Xülyanı gerçəklikdən ayırd edə bilməmək antimilli ünsürlərin savadsızlığının, dar düşüncələrə malik olmalarının göstəricisidir. Ölkəmizin uğurları fonunda bu ünsürlərin təbliğatlarının əsassızlığı, şəxsi maraqlarına xidmət edən dezinformasiyalar və xarici dairələr qarşısında öhdəliklər olduğu açıqlanır.
Yeganə Əliyeva,
«İki sahil»
Azərbaycanın suverenliyinə hörmət beynəlxalq münasibətlərin təməl prinsipidir