“Azərbaycan getdikcə güclənəcək. Biz inkişaf yolundayıq. Bizim qarşımızda bütün yollar açıqdır, üfüqlər aydındır. Bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək. Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir. Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır.” Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən hərbi paradda bir daha bu əminliyi ifadə etmişdir ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.
Dövlətimizin xarici siyasətinin önündə dayanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar davamlıdır. Azərbaycanın haqq səsini dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından beynəlxalq ictimaiyyətə çatdıran rəsmi Bakı ədalət meyarının əsaslığını önə çəkərək, dünyanın ikili siyasətinin yaratdığı problemləri diqqətə çatdırır. Bu yanaşmalara baxmayaraq, diplomatik mübarizədə qələbəmiz, eyni zamanda, iqtisadi inkişaf fonunda artan hərbi qüdrətimiz bu problemimizin də tezliklə öz ədalətli həllini tapacağına böyük əminlik yaradır. Ölkə Prezidenti İlham Əliyevin səsləndirdiyi «Dağlıq Qarabağ münaqişəsinin həlli yolları bəllidir. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bizim ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bütün işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxarılmalıdır» bəyanatı işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajdır. Rəsmi Bakı daim mövqeyimizin dəyişməz olduğunu bəyan edərək, bir qarış torpağımızın belə düşmənə verilməyəcəyini bildirir.
Hərbi parad Azərbaycan Ordusunun maddi-texniki bazasının, gücü və qüdrətinin təqdimatında əhəmiyyətli rol oynadı. Dövlətimizin başçısı İlham Əliyev reallığı özündə əks etdirən statistik rəqəmləri diqqətə çatdırmışdır: “Bizim təşəbbüsümüzlə son illər ərzində 20-dən çox hərbi zavod yaradılmışdır. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda biz artıq hərbi məhsullarımızı ixrac etməyə də başlamışıq. Deyə bilərəm ki, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan düynya miqyasında nadir ölkələrdən biridir.”
Münaqişənin həllində beynəlxalq dəstək hər zaman önə çəkilir. Azərbaycan dövlətinin uğurlu daxili və xarici siyasəti nəticəsində həqiqətlərimiz əsaslı şəkildə, faktlarla dünya ictimaiyyətinə çatdırılır. Dünya dövlətlərinin və beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə ölkəmizin haqlı mövqeyi dəstəklənir, Ermənistanın işğalçılıq siyasəti pislənir. Bu gün istər ölkə, istərsə də dünya mətbuatında əsas müzakirə mövzularından olan Bolqarıstanın BTV televiziya kanalında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən geniş verilişin yayımlanması, verlişə görə ermənilər tərəfindən onu hazırlayan jurnalistə və BTV televiziyasına qarşı hücuma keçib təhdidlərin başlanması bir tərəfdən haqqın, ədalətin qələbəsini, digər tərəfdən isə ermənilərin əsl simasını nümayiş etdirir.
Qeyd edək ki, həmin verilişdə qoşunların təmas xəttindəki vəziyyət, erməni vəhişiliyi, Xocalı soyqırımı və digər məqamlar, o cümlədən münaqişə ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verilir.
Bu kimi faktlar təbii ki, bir daha belə bir reallığı nümayiş etdirir ki, yalanın həqiqət üzərində qələbəsi mümkünsüzdür, ən əsası gerçəkliyi özündə əks etdirməyən təbliğatın ömrü üzün sürə bilməz. Baxmayaraq ki, ermənilər illərdir xarici himayədarlarının dəstəyi ilə öz yalanlarını həqiqət kimi beynəlxalq ictimaiyyətə sırımaq üçün dəridən-qabıqdan çıxırlar. Amma bəzi dünya dövlətləri, təşkilatlar unudurlar ki, belə yanaşmalar beynəlxalq hüququn norma və prinsiplərinin mövcudluğunu sual altına alır, ən əsası həmin dövlətlərin, qurumların mövqeyinə inamsızlıq formalaşdırır. Bu isə özü-özlüyündə beynəlxalq hüquq probleminin yaşanmasına işarədir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir: «Əfsuslar olsun ki, bizim ölkəmiz uzun illər ikili standartlarla üzləşir. Bəzi yerlərdə BMT Təhlükəsizlik Şurasının qətnamələri bir gün ərzində icra edilir, bizə gəldikdə isə 20 ildən çoxdur ki, bu qətnamələr kağız üzərində qalır və onları qəbul edənlər də buna biganə qalırlar. Belə olan halda Azərbaycan öz gücünü artırmalıdır və artırır.»
«BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir» deyən ölkə Prezidenti İlham Əliyev bildirir ki, status-kvonun dəyişdirilməsi işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması deməkdir. Azərbaycan heç vaxt öz torpağında ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcək. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. İşğalçı rejim, Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu, onlar üçün o qədər də yaxşı olacaq.
Tarixi saxtalaşdırıb saxta tarix yazmaqla həqiqəti ört-basdır etmək qeyri-mümkündür. «Erməni soyqırımı» məsələsi gündəmə gətirilib, bundan qardaş Türkiyənin Avropa Birliyinə qəbulunda bir təzyiq vasitəsi kimi istifadə olunanda, rəsmi Ankara Ermənistan və Türkiyə tarixçilərindən ibarət komissiyanın yaradılmasını, dünya arxivlərinin açılaraq araşdırmalar aparılmasını tələb edəndə işğalçı dövlət dərhal təşvişə düşərək belə məsələlərlə tarixçilərin yox, siyasətçilərin məşğul olduğunu bildirirlər. Təbii ki, bu, Ermənistanın fakt qarşısında acizliyindən irəli gəlir. Özünə saxta tarix yazan bir dövlətin, xalqın hansı tarixi həqiqətdən danışacağı maraqlıdır? Həqiqət budur ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı möhkəm hüquqi baza mövcuddur. Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz təkib hissəsi olduğu beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapıb. Əsas tələb erməni işğalçılarının işğal olunmuş torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasıdır.
Qeyd etdiyimiz kimi, dövlətimizin siyasətinin əsasında dayanan mühüm tezislərdən biri sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordunun olmasıdır. 2016-cı ilin aprel, cari ilin isə Naxçıvan qələbələri Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Hərbi paradda cənab İlham Əliyevin diqqət yönəltdiyi əsas məsələlərdən biri də məhz bu oldu: «İki il bundan əvvəl Ermənistan xalqımıza qarşı növbəti hərbi təxribat törətmişdir, bizim mövqelərimizi atəşə tutmuşdur, mülki əhaliyə qarşı təcavüz etmişdir. Həm hərbçilərimiz, həm mülki vətəndaşlar şəhid olmuşdur. Azərbaycan Ordusu işğalçını cəzasız qoymadı, onlara layiqli cavab verdi, onları yerinə oturtdu, uğurlu əks-hücum əməliyyatı keçirərək işğal edilmiş torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdi. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi, iki min hektar ərazi təmizləndi. Uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. Ermənilərin torpaqlarımızda, işğal edilmiş torpaqlarda qazdıqları səngərlərdə bu gün bizim əsgərlərimiz xidmət göstərir. Lələtəpədə bizim bayrağımız dalğalanır. Ağdərə dağlarında bizim bayrağımız dalğalanır. Biz strateji yüksəklikləri əldə etmişik və bu, bizə çox böyük üstünlük verir. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan əsgəri, zabiti, generalı - Azərbaycan Ordusu əsl qəhrəmanlıq, peşəkarlıq, rəşadət göstərmişdir. Bir daha göstərmişdir ki, Azərbaycan xalqı bu işğalla barışmayacaq. Bir daha göstərmişdir ki, Ermənistan tərəfindən onların ordusu ilə bağlı uzun illər ərzində yayılan nağıllar mif idi. Biz bu mifi darmadağın etdik. Biz onların illər boyu yaratdıqları dırnaqarası möhkəm müdafiə xəttini bir neçə gün ərzində yardıq, məhv etdik. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir.»
Dövlətimizin başçısı İlham Əliyev bütün çıxışlarında bu inamı ifadə edir ki, diplomatik mübarizədə qələbə qazanan Azərbaycanın hərb variantını seçəcəyi təqdirdə də qələbəsi şəksizdir. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil. İşğalçı dövlət heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil. Bu fakt inkaredilməzdir ki, Ermənistan xarici iyanələrdən asılı olan ölkədir. İşğalçı dövlətin büdcəsinin 70-80 faizi erməni lobbisinin ayırdığı vəsaitlər hesabına formalaşır. Belə bir vəziyyətdə olan dövlətin güclü iqtisadiyyatdan və ordudan danışması gülünc deyilmi? Digər tərəfdən, Ermənistanın siyasətində müstəqil olmadığı reallıqdır. Bu və ya digər dövlətlərin əlində vasitəyə çevrilən Ermənistan onların çaldığı hava ilə oynamaq məcburiyyətində qaldıqca bir dövlət olaraq məhvini yaxınlaşdırır. İşğalçılıq siyasəti ucbatından bütün enerji layihələrindən təçrid olunan Ermənistanın əhalisinin ölkəni kütləvi şəkildə tərk etməsi inkaredilməzdir. Təbii ki, Dağlıq Qarabağ problemi tərəflərin özü arasında həll olunsaydı, çoxdan bu proses baş verərdi. Lakin məsələnin beynəlxalq problemə çevrilməsi, hər bir dövlətin problemin həllinə öz maraqlarından yanaşması həll prosesinin uzanmasına səbəb olur. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinə fəaliyyətsizliklə bağlı irad bildiriləndə dərhal məsələnin həllinin tərəflərin özündən asılı olduğunu bildirməklə özlərini bir kənara çəkmiş olurlar. Tez-tez gündəmə gətirilən güzəşt məsələsi də yeridilən ikili siyasətin tərkib hissələrindəndir. Rəsmi Bakı daim bəyan edir ki, torpaqları işğal altında olan dövlət nəyi güzəştə getməlidir? Məsələnin bu günə qədər həllinin uzanması işğalçı dövlətə ən böyük güzəştdir. Dünyanın ikili siyasəti, işğalçı dövlətin qeyri-konstruktiv mövqeyi fonunda Azərbaycanın artan beynəlxalq nüfuzu, mövqeyinin dəstəklənməsi, ən əsası tarixi həqiqətlərin münaqişənin həllində əsas amil olması dövlətimizin başçısı İlham Əliyevi bu bəyanatı daha böyük inam və qətiyyətlə səsləndirməsinə əsas verir: «Biz həmişə olduğu kimi, konstruktiv mövqe tuturuq, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq normaları da həmçinin. Tarixi həqiqət də bizim mövqeyimizi möhkəmləndirir. Hərbi güc də, iqtisadi potensial da, siyasi nüfuz da bizdədir. Yəni, biz məsələni istədiyimiz kimi həll edəcəyik. Bizim istəyimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır. Budur, bizim məqsədimiz və biz bu məqsədə doğru irəliləyirik.» Xalqımız əmindir ki, yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli həllini tapacaq, hər sahədə davamlı uğurları ilə seçilən, inkişaf strategiyası nümunə göstərilən Azərbaycan daha da qüdrətlənəcək, inkişaf edəcək.
Yeganə Əliyeva,
«İki sahil»
Azərbaycanın suverenliyinə hörmət beynəlxalq münasibətlərin təməl prinsipidir