05 iyul 2018 15:21
1249

Ölkə ictimaiyyətindən radikal müxalifətə tərs şillə

Yaxud, cəmiyyətimizin böyük əksəriyyəti marginal qrupların çağırışlarına məhəl qoymadı, hətta onları səsləndirdikləri sözlərə, ifadələrə görə məsuliyyətli olmağa dəvət etdi

Xəbər verildiyi kimi, 2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza nəticəsində respublika ərazisinin böyük hissəsi, o cümlədən Abşeron yarımadası və Bakı şəhərinin elektrik enerjisi ilə təchizatında problem yaranmışdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dərhal məsələni nəzarətə götürmüş, qəzanın nəticələrinin qısa zamanda aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət strukturlarına müvafiq tapşırıqlar vermiş, məsələ ilə əlaqədar Xüsusi Dövlət Komissiyası yaratmışdı.

Mövcud şəraitə uyğun olaraq, qısa müddətdə elektrik enerjisi təchizatının kəsilməsinin mənfi təsir göstərə biləcəyi strateji əhəmiyyətli müəssisələr – təhlükəsizlik, yanacaq-energetika, nəqliyyat-kommunikasiya, hərbi, əhalinin təminatı və s. ciddi nəzarətə götürülmüş və onların idarə olunması işi təşkil edilmişdi. Həyata keçirilmiş ciddi tədbirlər nəticəsində proqnozlaşdırıla biləcək bütün mənfi halların qarşısı alınmış, ən əsası, insan tələfatına yol verilməmişdi.

Beləliklə də, Mingəçevirdəki İES-də baş vermiş qəzanın, o cümlədən bu hadisənin müxtəlif sahələrdə yaratdığı problemlərin aradan qaldırılması üçün dövlət orqanları tərəfindən zəruri tədbirlər görülmüş və qısa müddətdə respublika həyatının bütün sahələrində normal iş fəaliyyəti bərpa olunmuşdu.

Eyni zamanda, dövlət qurumları qəzanın nəticələrini aradan qaldırmağa çalışarkən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı silahlı sui-qəsd həyata keçirilmiş, onun özü və mühafizəçisi yaralanmışdı. Məsələ barədə dərhal Azərbaycan Prezidentinə məruzə olunmuş, dövlət başçısının tapşırıqları alınmış, cinayəti törədən şəxs isti izlərlə tərksilah edilərək saxlanılmışdı.

Əlbəttə ki, bir-biri ilə məntiqi bağlılığı olmayan bu iki hadisə Azərbaycan cəmiyyətində müəyyən suallar doğursa da, böyük ajiotaja da səbəb olmamışdı. Çünki kamil Azərbaycan cəmiyyəti hadisələri düzgün qiymətləndirərək dövlətinin və Prezidentinin yanında olduğunu bir daha nümayiş etdirdi. Ona görə ki, açıq, demokratik bir ölkənin vətəndaşları olan azərbaycanlılar hər gün dünyada baş verən hadisələri izləyir və görürlər ki, Azərbaycandan qat-qat güclü, inkişaf etmiş ölkələr belə təbii və texnogen fəlakətlərin qarşısında aciz qalırlar. Bunun üçün çoxsaylı nümunələr də mövcuddur ki, onları bir daha xatırlatmaq bu məqamda yerinə düşəndir.

Belə ki, 2003-cü ilin 14 avqustunda Klivlend Elektrik Stansiyasının və zəncirvari qaydada 100 digər stansiyanın da sıradan çıxması ilə Nyu-Yorkda metro dayanmış, mobil rabitədə problem yaranmış, ABŞ-da 40, Kanadada 10 milyondan çox insan işıqsız qalmış, dəyən ziyan 6 milyard dolları aşmışdı. 2003-cü ildə London və Britaniyanın cənub-şərq rayonları elektriksiz qalmış, metro və tramvaylar dayanmış, küçə lampaları, svetoforlar söndüyü üçün şəhərdə nəqliyyat xaosu yaranmışdı. 250 min insanı metrodan evakuasiya etmək lazım gəlmişdi. 2004-cü ildə İstanbulun Avropa hissəsi bütünlükdə qaranlığa qərq olmuşdu. 2004-cü ildə Afinada 6 milyon insan işıqsız qalmışdı. 2006-cı ildə Tokioda kran gəmisinin Edoqava çayı üzərindən çəkilmiş yüksək gərginlikli elektrik xəttini qırması nəticəsində bütün şəhərdə həyat donmuşdu. Tokiodan başqa, Kavasaki və İokohama şəhərlərində də milyonlarla ev işıqsız qalmışdı.

2006-cı ildə Almaniyada, Fransada, İtaliyada, Belçikada və İspaniyada elektrik kəsilməsi nəticəsində magistral sürət qatarları yolda qalmışdılar. 2009-cu ildə Braziliyada yüksək gərginlikli elektrik xəttində baş verən qəza 50 milyondan çox insanı işıqsız qoymuşdu. 2012-ci ildə Hindistanda 600 milyondan çox insan işıqsız qalmışdı. Metro tam dayanmış, svetoforlar sönmüş, məktəblər, xəstəxanalar işıqsız qalmışdılar. ABŞ-ın Yeni İngiltərə ştatında baş vermiş qəza nəticəsində 650 min ev və biznes mərkəzi elektriksiz qalmışdı. Fillipin, Malta, Misir kimi dövlətlərdə zaman-zaman elektrik kəsintisi saatlarla sürmüşdü. 2015-ci ilin yanvarında nüvə dövləti Pakistanın 80 faizi elektrikdən məhrum olmuşdu. Yaponiyada baş vermiş sunami nəticəsində AES-in blokunun partlaması ilə insanlar bu günə qədər hələ də əziyyət çəkirlər.

Faktlardan da göründüyü kimi, dünyanın ən inkişaf etmiş ölkələrində baş vermiş bu cür hadisələr ciddi fəsadlar törətmiş və ağır nəticələrə səbəb olmuşdu. Amma Azərbaycanda baş vermiş elektrik problemi nəinki ciddi fəsadlara yol açmadı, hətta başqa ölkələrdəki kimi insan itkisinə də səbəb olmadı. Eyni zamanda, digər ölkələrdən fərqli olaraq Azərbaycanın müvafiq dövlət qurumları operativ fəaliyyət göstərməklə problemi qısa müddət ərzində aradan qaldırdılar. Yəni, Cənubi Qafqazın lider ölkəsi Azərbaycan dövləti və onun hökuməti bir daha nümayiş etdirdi ki, fövqəladə hallarda belə situasiyaya nəzarəti həyata keçirir və problemləri böyümədən qısa müddət ərzində həll etməyi bacarır.

Amma çox təəssüflər olsun ki, başqa ölkələrdən fərqli olaraq Azərbaycanın radikal müxalifəti və mühacirətdə olub erməni lobbisinin siyasi direktivlərini reallaşdıran marginal qruplar xırda ictimai-sosial narahatlıq yaradan məsələni şişirtməyə, hətta siyasiləşdirməyə cəhdlər göstərdilər. Mahiyyətini və sosial nəticəsini anlamadan, hesablamadan cəmiyyət daxilində çaşqınlıq yaratmağa və insanları itaətsizliyə səslədilər. Hətta, bəziləri irəli gedərək ayrı-ayrı bölgələrdə rəhbər şəxslərə qarşı hücumlar təşkil etməyi, fiziki məhvetmə hadisələrinin törədilməsinə çağırışlar etdilər. Bütün bunlar isə əlbəttə ki, Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qəbul edilmədi. Cəmiyyətimizin böyük əksəriyyəti onların çağırışlarına məhəl qoymadı, hətta onları səsləndirdikləri sözlərə, ifadələrə görə məsuliyyətli olmağa dəvət etdi.

Ümumən cərəyan edən proseslər daxilində radikal müxalifətin məsuliyyətsiz addımları bir daha nümayiş etdirdi ki, bu insanlar hələ də 1992-ci ilin ab-havasındadırlar. Onlar hələ də elə başa düşürlər ki, kimlərsə silahlı dəstələr düzəldib insanların evlərinə, iş yerlərinə, banklara girib soyğunçuluq edə bilərlər. Yaxud da, elə fikirləşirlər ki, bu gün də bir rayona iki icra başçısı təyin etmək mümkündür. Və ya elə düşünürlər ki, bu gün hansısa jurnalisti maşının yük yerinə saldırıb döydürmək mümkündür. Təbii olaraq bu cür təfəkkür sahiblərindən elə o cür də çağırışlar gözləmək olardı. Amma bir nüansı yaddan çıxarıblar ki, cəmiyyətimiz 1992-ci ildə olan sosium deyildir. Bu günün ictimaiyyəti heç bir halda ölkənin ictimai-siyasi sabitliyini pozmağa yönəlmiş əməllərə dəstək verməz.

Bir sözlə, iyul ayının 3-də baş vermiş hadisələrdən Azərbaycan dövləti və cəmiyyəti üzüağ çıxdı. Bu prosesdə yenidən pis xislətini, iç üzünü, Azərbaycan dövlətinə və xalqına nifrətini ortaya qoyan isə radikal müxalifət və mühacirətdə olan bəzi üzdəniraq antimilli ünsürlər oldular...

Səlim Rəhimzadə