05 iyul 2018 14:42
1280

TANAP: Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürü

Dövlətimizin başçısı  İlham Əliyev bu əminliyi  ifadə edir ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bundan sonra da  bütün birgə təşəbbüslərimizin gerçəkləşməsində  mühüm rol oynayaraq, ölkələrimizin inkişafına, xalqlarımızın rifahına töhfələr verəcək

      «Bu gün TANAP-ın istismara verilməsi  Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə  yazırıq.  Bu tarix işbirliyi  tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə  sabitlik gətirir.  Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda götürür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türikiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində  mümkün olmuşdur.» Dövlətimizin başçısı İlham Əliyevin  ötən ayın 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP-Trans-Anadolu qaz kəmərinin istifadəyə verlməsi münasibətilə keçirilən  təntənəli mərasimdə,  eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yenidən qələbəsi münasibətilə təbrik məktubunda iki dost, qardaş ölkənin dərin tarixi köklərə malik olduğunu önə çəkərək söylədiyi « Bu möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlmişdir.  Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sayəsində birgə həyata keçirdiyimiz  layihələr  regionun inkişafında,  Avropa və Asiya arasında  mühüm enerji, kommunikasiya dəhlizinin yaradımasında  böyük rol oynayır. Birgə gerçəkləşdirdiyimiz  Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi- Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, bu yaxınlarda açılışını etdiyimiz TANAP layihəsi uğurlu əməkdaşlığımızın parlaq nümunələridir» fikirləri ilə bir daha Azərbaycan-Türkiyə birliyinin dünəninə və bu gününə işıq saldı. Cənab İlham Əliyev bu əminliyi də  ifadə edir ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bundan sonra da  bütün birgə təşəbbüslərimizin gerçəkləşməsində  mühüm rol oynayaraq, ölkələrimizin inkişafına, xalqlarımızın rifahına töhfələr verəcək. Bir əsas məqamı da xüsusi qeyd etməliyik ki, həm Türkiyə, həm də Azərbaycan prezidentləri prezident seçkilərində qələbələrindən sonra ilk səfərləri ilə  ulu öndər Heydər Əliyevin «Bir millət, iki dövlət» tezisinin bütün dövrlər üçün aktual olduğunu təsdiqləyirlər.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyulun ilk ongünlüyündə Azərbaycana nəzərdə tutulan səfəri münasibətlərimizin bu gününə bir daha işıq salmış olacaq.

    «Bizim birliyimizdən çox şey asılıdır» söyləyən Prezident İlham Əliyev Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlığını faktlar əsasında diqqətə çatdırır.  Azərbaycan müstəqilliyini ilk tanıyan dövlət  qardaş Türkiyə təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda ölkəmizi dəstəkləməklə  haqq işimizin müdafiəsi üçün  Azərbaycan qədər əzmkarlıq göstərir. Rəsmi dövlət  nümayəndələrinin, eyni zamanda,    güclü diasporun   Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində göstərdiyi səy qardaş dəstəyi olmaqla türk dünyasının birliyi və həmrəyli yolunda  atılan ciddi siyasi addımlar hesab olunur.

   Hər iki dövləti təmsil edən yüksək səviyyəli  nümayəndə heyətinin iştirakı ilə Bakıda və  Ankarada keçirilən  görüşlər  xalqlarımız arasında  dostluq və qardaşlığının əbədi, sarsılmaz  simvolu kimi yüksək dəyərləndirilir. Son illərdə türk dünyasının birliyi naminə Bakıda keçirilən biri-birindən mühüm və tarixi əhəmiyyətli tədbirlərdə-Dünya azərbaycanlılarının qurultaylarında, türk dövlətləri başçılarının zirvə toplantısında, diaspor təşkilatları rəhbərlərinin forumunda Türkiyənin də ev sahibi kimi iştirak etməsi qardaşlıq rəmzi  olmaqla bütün türk dünyasının güclənməsinə yönəldilmiş böyük dəstək  kimi dəyərləndirilir.

   «Həm siyasi, həm də iqtisadi, mədəni, hərbi- bütün sahələrdə bizim aramızda ən yüksək işbirliyi, anlaşma var. Gərək elə edək ki,  maraqlarımız tam şəkildə təmin olunsun, bizi narahat edən problemlər aradan qaldırılsın, ədalət zəfər çalsın, xalqlarımız rahat yaşasın» söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, türk dünyası böyük qüvvədir. Bu böyüklük öz möhkəmliyini və yenilməzliyini xalqların birliyi ilə  sübut edir. Türkiyə -Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan protokolun imzalanması  və eyni zamanda ondan sonrakı mərhələdə baş verən hadisələr bütün dünya xalqlarına bəlli etdi ki, Azərbaycan-Türkiyə dostluğu, eyni kökdən qaynaqlanan xalqların əzmi yenilməzdir. «Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqları  azad olunmayınca sərhədlərin açılması mümkün  deyil» kimi qərarında israrlı olan rəsmi Ankaranın  bu gün də eyni mövqe nümayiş etdirməsi bu qardaşlığın digər xalqlara xas olan əlaqələrindən fərqli olduğunu bir daha bəyan etdi.   Dağlıq Qarabağ probleminin həllində bilavasitə Azərbaycanın yanında olmaqla ən yüksək tribunalardan problemin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin vacibliyini bəyan edən rəsmi Ankara münaqişənin həllində vasitəçiliyi həyata keçirməyə hazır olduğunu da bəyan edir. Baxmayaraq ki, işğalçı Ermənistan bunun əleyhinə olduğunu bəyan edir. Türkiyənin Azərbaycanın yanında olmasını birtərəflilik kimi qiymətləndirən işğalçı dövlət bu kimi yanaşmaları ilə ədalət meyarından nə qədər xəbərsiz olduğunu açıqlayır. Bu başqa yazının mövzusu olsa da, bu kimi addımlara Türkiyə və Azərbaycanın vahid mövqedən münasibət bildirmələri birliyin sarsılmazlığını, ən əsası bu həmrəyliyin regionda sabitliyin, təhlükəsizliyin təminatı olduğunu təsdiqləyir. Bir əsas məqamı da qeyd edək ki, Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçiləndə cənab İlham Əliyev bu mühüm hadisəni Azərbaycan və Türkiyənin müştərək yeri kimi dəyərləndirmişdi. İki dost, qardaş ölkənin daim  vahid mövqedən çıxış etməsi dünyaya nümunə kimi qeyd edilir.    

     Hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu nəzərə alsaq, bu gün Azərbaycan və Türkiyənin bu sahədə biri-birindən önəmli uğurlara imza atdığını daha aydın görə bilərik.     Ən qüdrətli dövlətlərin iqtisadi inkişafının əsas amili kimi diqqət yetirilən enerji təhlükəsizliyinin təminatında böyük rolu olan Türkiyə və Azərbaycanın gələcəkdə daha böyük layihələrin təşəbbüsçüsü olacaqlarına,   maraq doğuracaqlarına  inamların  tükənməzliyi bu gün də aktuallığını qoruyur. Əsrin möcüzəsi adlandırılan, hər iki dövlətin bilavasitə təşəbbüsü və dəstəyi ilə reallaşan BTC və BTƏ neft-qaz kəmərlərindən  sonra  Bakı-Tbilisi- Qars dəmir yolunun istifadəyə verilməsi bu reallığı ortaya qoydu ki, bu layihə də  siyasi, iqtisadi və regional əhəmiyyətinə görə enerji layihələrindən heç  də geridə qalmır. Tarixi İpək Yolunun bərpası kimi  böyük önəm verilən, Çindən başlanan bu yol Xəzər regionunun əsas strateji əhəmiyyətli şəhərləri sayılan Bakı və Tbilisidən keçməklə İstanbula  istiqamətlənir,  Londonu,  bütün Avropa  ölkələrini birləşdirir. Geosiyasi inqilab adlandırılan bu xətlə Çindən gələn və   Transsibir magistralı ilə ötürülən yüklər Bosfordan keçməklə Avropa ölkələrinə daşınacaq. Böyük əhəmiyyətli marşrut kimi miqyasına, coğrafiyasına və qitələrarası əməkdaşlığın gücləndirilməsi baxımından böyük imkanlara malik olan, diqqət çəkən,  siyasi və iqtisadi əhəmiyyətinə görə fərqlənən BTQ dəmir yolu da hər iki xalqın qardaşlığının təcəssümü kimi dünya dövlətlərini birləşdirir. «Bu onu göstərir ki, biz qarşıya qoyduğumuz bütün məsələləri birgə səylərlə,  birgə iradə ilə, Türkiyə-Azərbaycan  qardaşlığı əsasında həll edirik» kimi  sözləri ilə bölgədə əməkdaşlığın genişlənməsi üçün yaranan böyük imkanlardan səmərəli istifadəni bütünlükdə dünya dövlətləri arasında əməkdaşlığın genişlənməsi üçün gərəkli hesab edən  Prezident İlham Əliyev dövlətlər, xalqlar arasında körpü rolunu oynayan layihərin hər iki dövlətin siyasi iradəsi və qətiyyəti əsasında gerçəkləşdiyini bildirir.  TANAP-ın  istifadəyə verilməsi səylərin birləşdirilməsinin qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas yaratdığını bir daha nümayiş etdirdi. «TANAP ortaq baxışımızın ən son bəhrəsidir» söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan eyni zamanda bildirmişdir ki,  TANAP həmçinin qarşıdakı illərdə  həyata keçirəcəyimiz yeni layihələrin də  müjdəsidir.

     Qısa təhlil Azərbaycan-Türkiyə münasibətlərinin bu gününə işıq salmaqla yanaşı, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunu da nümayiş etdirir.  Dövlətimizin başçısı İlham Əliyev «Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır» söyləməklə bir daha qarşıdakı illərin aydın mənzərəsini yaradır.  Bildirilir ki, düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir.

  Göründüyü kimi, Xəzər hövzəsinin zəngin  enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə doğruldur. Avropa Birliyinə daxil olan ölkələrin təbii qazla təminatı üçün  nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə də  Azərbaycan amilinə  xüsusi önəm verilir.  Enerji təhlükəsizliyinin təminatı üçün alternativ variantlar üzərində müzakirələr aparan mütəxəssislərin qeyd etdikləri kimi, bu sahədə baxışları üst-üstə düşən Azərbaycanla əməkdaşlıq tək region, qitə  deyil, bütövlükdə  dünya  dövlətləri üçün   əhəmiyyətlidir.

       Ölkə Prezidenti  İlham Əliyev bu fikri xüsusi qeyd edir ki, bəziləri üçün əfsanə kimi görünən layihələri heç bir problemsiz, maneəsiz həyata keçirdik. 2006-cı ildə  BTC neft, 2007-ci ildə BTƏ qaz kəməri istifadəyə verildi. Bu gün ölkəmizi və bölgəmizi  bu layihələrsiz  təsəvvür etmək mümkün deyil.  Bu layihələr nəinki ölkəmizi gücləndirir, xalqımıza xeyir gətirir. Bir sözlə, Azərbaycan enerji sektorunda da  liderlik keyfiyyətlərini çox açıq şəkildə ortaya qoyur. «Əgər biz təşəbbüs göstərib 2012-ci ildə  Türkiyə ilə  birlikdə TANAP layihəsinə imza atmasaydıq, bu gün «Cənub Qaz Dəhlizi» haqqında kimsə danışa  bilərdimi? Bu gün Avropanın enerji təhlükəsizliyini kimsə bizsiz təmin edə bilərdimi? Bunları biz edirik. Nəyə görə? Çünki bu, bizim xalqımıza lazımdır. Bu, bizim dövlətimizi, ölkəmizi gücləndirir və bizim maraqlarımıza xidmət edir.» Cənab  İlham Əliyev Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunu əsaslı şəkildə diqqətə çatdıraraq bildirir ki, dörd layihədən - «Şahdəniz», Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP-dan ibarət «Cənub Qaz Dəhlizi» ölkəmizə əlavə siyasi, iqtisadi, maliyyə  imkanları yaradacaq, zəngin qaz resurslarımızın  dünya bazarlarına bundan sonra  onilliklər ərzində ixrac edilməsini təmin edəcək, valyuta axını artacaq, dayanıqlı inkişafımız daha da möhkəmlənəcək.

Yeganə Əliyeva,

«İki sahil»