04 iyul 2018 22:06
1526

Çörəyi “zülmət”dən çıxan Milli Şura

          Bu günlərdə  davam edən anomal istilərdə elektrik  sistemində ifrat yüklənmələr səbəbindən Mingəcevir şəhərində İstilik Elektrik Stansiyasının yarımstansiyalarından birində qəza baş verdi. Qəza ilə əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla ölkənin 39 şəhər və rayonunun elektrik enerjisi təminatında fasilə yarandı. Elektrik enerjisinin kəsilməsinin fəsadı kimi metro və dəmiryolunun fəaliyyətində , əhalinin içməli su mənbəyi olan Kür və Ceyranbatandakı sutəmizləyici qurğularda suyun təmizlənməsi və ötürülməsində fasilələr yarandı. Qəzanın aradan qaldırılması məqsədi ilə Dövlət Komissiyası   yaradıldı. Əlaqədar qurumların  təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində bir neçə saatdan sonra əhalinin elektrik enerjisi ilə təminatı  bərpa olundu. 

Bu tip qəzalar dünyanın müxtəlif coğrafiyalarında,  inkşaf etmiş bir çox ölkələrdə zaman zaman  baş verən bir hal olduğunu nəzərə alıb, tarixdə və günümüzdə   baş  baş verən bu tip qəzalar, bu qəzalar  zamanı ölkələrin və cəmiyyətlərin reaksiyası və onların oxşar və fərqli cəhətləri haqqında yazmaq qərarına gəldim.

       Ən yeni tarixdə 1965 ci ildə  dünyanın inkşaf etmiş sənayə mərkəzləri olan, nüfuzlu elm  və  texnikanın inkşaf mərkəzləri kimi tanınan  Şimali Amerikanın  iki iqtisadi nəhəng ölkəsi olan ABŞ və Kanadada ifrat yüklənmə üzündən elektrik sistemində  baş vermiş  qəza nəticəsində qəza baş vermiş, 30 milyon əhali bir neçə həftə ərzində elektrik enerjisiz və bunun fəsadları kimi həm də susuz qalmışdır.

        1978 ci il mart ayında  Tailanda elektrik sistemində  baş verən qəza 40 milyon insanı fəlakətlə üzbəüz qoymuşdur. Qəza sonrası  həmçinin çaylarda suyun səviyyəsinin  qalxması baş vermişdir ki, nəticədə ölkənin böyük bir hissəsi  suyun altında qalmış, əhali texniki və  təbii fəalkətin amansız fəsadları ilə üz üzə qalmışdır.

        2000 -ci illərdən sonra isə  texnikanın inkşafı, sənayedə və  məişətdə, əhalinin istifadə etdiyi  texniki vasitələrin artması üzündən dünyada baş verən texniki qəzaların sayında artım müşahidə edilmişdir.  2000-ci il   İtaliyada baş verən elektrik qəzası nəticəsində şəbəkələşmiş Avropa elektrik siteminin böyük bir hissəsi siradan çıxmış, nəticədə Avropanın 5   dövlətində  Italiya, İsveçrə, Avstriya, Sloveniya,  Xorvatiyada   sənaye və əlvan metallurgiya müəssisələrinə çoxmilyardlıq ziyan dəymiş, 55 milyon əhali 6 gün işıqsız, susuz vəziyyətdə qalmışdır.

         2003-sü il  dünyanın ən inkşaf etmiş iki ölkəsi,  ABŞ və Kanadada 100-dən çox elektrostansiyanın sıradan çıxdığı,  10 milyon Kanada vətəndaşının , 40 milyon ABŞ vətəndaşının bir həftə işıqsız və deməli həm də susuz qaldığı hadisə  baş vermişdi.

Qəza nəticəsində hər iki ölkədə  sənaye və maliyyə sistemlərinin böyük itkilər olmuş, yalnız ABŞ-ın sənaye müəsisələrinin itkiləri 6 milyard dolları keçmişdir. Əhaliyə və iaşə obyektlərinə dəyən ziyanla bərabər bu qəza ABŞ dövləti üçün bir həftəyə 11 milyard dollara   başa gəlmişdir.  Qəza nəticəsində  insanlar günlərlə yerin altında qatarlarda , liftlərin şaxtalarında  qalmış, əhaliyə dəyən maddi və mənəvi  ziyan daha sonra    ABŞ dövlətini " əhaliyə  fövgəladə hallar zamanı  mənəvi və psixoloji dəstək göstərilməsi " haqqında konsepsiyanın  qəbul edilməsi ilə nəticələnmişdir.

         Daha öncələr bu tip qəzalar Azərbaycanda baş verməsə də, inkşaf etmiş və ya inkşaf etməkdə  olan ölkələr üçün bu hadisələr xarakterik haldır. Müxtəlif illərdə elektrik sistemində qəzalar  nəticəsində, məsələn 2005 -ildə İndoneziyada  100 milyon, 2008-ci ildə Brazilya və Paraqvayda ümumilikdə 87 milyon, 2012-ci ildə Hindistanda 620 milyon, 2014-cü ildə Banqladeşdə 150 milyon, 2015-ci ildə Pakistanda 140 milyon  insanın günlərlə elektrik enerjisiz və içməli su çatışmamazlığı ilə üz üzə  qalmasına səbəb olmuşdur. Göründüyü kimi dünyanın heç bir ölkəsi bu tip texniki qəzalardan sığortalanmayıb. Dünyanın ən dəqiq hesablamalarının aparıldığı NASA da belə kiçik texniki səhvlər üzərindən büdcəsi millyardlarla ölçülən kosmik layihələrdə qəzalar baş verir və bunu yerli elm və vətəndaş cəmiyyətləri yerdən kənarda həyatın  araşdırılması istiqamətində elmin verdiyi zəkat olaraq qəbul edirlər. Dünyanın müxtəlif ölkələrində , müxtəlif vaxtlarda  baş verən elektrik qəzalarının hamısının oxşar və fərqli cəhətləri mövcuddur.  Demək olar ki, bu qəzaların baş verdiyi ölkələrin hamısında cəmiyyətlərin bütün təbəqələri, hökümətlərlə, aidiyyatı qurumlarla qəzanın fəsadlarının qaldırılması təşəbbüsü ətrafında birləşir , insanlar  təhlükəli vəziyyətdə qalanlara könüllü kömək edir, xəstəxanalarda və böhran  mərkəzlərində könüllü fəaliyyət  göstərir, uşaq və qocalar  evlərinə yardımlar edir ,  qonşuluqda yaşayan tənha və yaşlı qocalara dəstək olurlar.

          Adətən xalqların aforizmləri, atalar sözləri onların milli xarekterlərini ifadə edir, adət və ənənələrini özündə əks etdirir.

          Xalqımızın  "Ellə gələn toy bayramdır "  deyimi   cəmiyyətimizin müxtəlif qəza, faciə və fəlakətlər sonrası birləşərək problemləri həll etmək üçün səfərbər olmağa  çağrışa edən  müdrik bir məsəli var.

         Bu Azərbaycan cəmiyyətini, yəni bizi ifadə edən bir məqamdır. Azərbaycan cəmiyyəti  çətin məqamlarda birləşə bilən, qonşusunun xoş və ya  pis gününü öz sevinci və ya  acısı kimi paylaşan və hörmət edən insanlardan ibarət olan bir cəmiyyətdir.

        Biz bu günlərdə sıravi insanların öz hesabına  metro çıxışlarında qatardan çıxmış insanlara su paylaması, qonşularında tənha,  yaşlı insanlardan muğayat olan  vətəndaşları, xəstəxana və qocalar evinə gedərək yarana biləcək problemlərin həllində təmənnasiz  yardımlarını təklif edən insanları qürurla izlədik.

        Lakin uzun illərdir özünü cəmiyyətin, vətəndaşın maraqlarının müdafiəçisi kimi qələmə verən müxalif  siyasi qruplar və simalar bu prosesdə cəmiyyətin yanında deyil əks tərəfdə durdular.  Fəlakət dəllaları baş verən qəzanın fəsadlarının üzərində  siyasi avantyura qurmağa və sosial mediada dezinformasiya siyasəti yürütməyə ciddi cəhd etdilər.

        Qəzanın fəsadları üzərindən ucuz siyasi divident götürməyə cəhd edənlərin önündə əlbətdə Milli Şuranın sədri və koordinasiya üzvləri yer almışdılar.

        Adətən bu qrup Azərabaycanı   bütün parametrlər üzrə dünyanın aparıcı ölkələri ilə müqayisə etməyi sevirlər, ancaq  nədənsə müqayisələrində ancaq hökümətlərin fəaliyyətini əsas götürürlər, müxalifərin fəaliyyəti haqqında isə  susmağı üstün tuturlar. Məsələn, bu günlərdə müqayisə üçün  tez tez müraciət etdikləri  Gürcüstanda iki il öncə Kür çayının daşması və sel zamanı  əsas müxalif simaların  Tiflis şəhərinin zibilliklərdən təmizləmək üçün qollarını çirmələdikləri, sel zamanı zooparkdan qaçmış heyvanların əhaliyə zərər verməməsi üçün küçələrdə növbə çəkmələri  haqqında  susurlar. Gürcüstanda baş verən təbii fəlakət zamanı müfalifət liderləri Cəmil Həsənli, Əli Kərimlidən fərqli olaraq “Facebook”da xalqı iğtişaşa səsləmirdilər, onlar  xalqın arasında, qəzadan əziyyət çəkən vətəndaşlara dəstək göstərir, fəsadların aradan  qaldırılması istiqamətində real işlər görürdülər.

Cəmil Həsənli və onunla eyni sırada dayananlar baş vermiş qəzanın aradan qaldırılması istiqamətində dövlətin səylərini dəstəkləmək, məcazi mənada desək, qaranlığı aydınlatmaq üçün bir şam yandırmaq əvəzinə, əhalini panikaya sürükləmək, baş verənləri siyasiləşdirib divident əldə etmək yolunu seçdilər. Hansi ki qəzalardan heç kim və heç bir dövlət sığortalanmayıb. 2014-cü ildə Cəmil Həsənlinin qızı Günel Həsənli 89 yaşlı piyadanı öz maşını ilə əzdiyi zaman yoldaş Həsənli “bu qəzadır” deyə bar-bar bağırırdı. Deməli Həsənlinin ailə üzvləri tərəfindən törədilən kobud qayda pozuntusunu qəza adlandıra bilərik amma iqlim şərtlərinin ucbatından yaranmış texniki nasazlıq səbəbiylə ölkəmizdə elektrik enerjisinin təminatında fasilələr yaranmasını isə faciə kimi qəbul etməliyik. Bu Cəmil Həsənlinin növbəti özünüifşası və mənəvi iflasıdır.

Mən Cəmil Həsənli, Əli Kərimli və Gültəkin Hacıbəyli kimi qaranlıq düşüncəli insanlara məsləhət görərdim ki, Kulis.azda yayımlanmış bu yazını oxusunlar. http://kulis.lent.az/news/23331. Və görsünlər ki, metroda qaranlıqda qalan insanlarmız necə nümünəvi həmrəylik hissinə sahibdirlər. Sizlərin bədxah təsvirlərinizin əksinə olaraq bir saat tuneldə qalan yazı müəllifi, oradakı insanların davranışlarında ancaq sevgi gördüynü yazır. Sevgi, şəfqət və həmrəylik. ..

Artıq sürətli və effektiv müdaxilə nəticəsində problem öz həllini tapıb. Qəzanın baş verdiyi  gecə Bakını bürüyən zülmət də geridə qalıb, amma belə anlaşılır ki, Cəmil Həsənlilərin, Əli Kərimlilərin, Gültəkin Hacıbəylilərin düşüncə və fəaliyyətlərindəki zülmət hələ də davam edir və heç bir zaman çəkilməyəcək. Yaxşı ki, Azərbaycan xalqı Cəmil Həsənli kimi zülmət düşüncəli insanlara etimad göstərmir və yaxşı ki, bu kimi insanlarla müqayisə etdiyimiz zaman cəmiyyətimizdə aydın düşüncəli, işıqlı insanlar daha çoxdur.

Yeganə Hacıyeva