İyunun 26-da hərbi paradda nümayiş etdirilən silah və texnikalar Azərbaycan Ordusunun düşmənlə müqaisədə qat-qat güclü olduğunu bir daha ortaya qoydu. Sübut etdi ki, Azərbaycan Ordusu sözün həqiqi mənasında dünyanın ən güclü orduları sırasında layiqli yer tutmaqda davam edir. 2003-cü ildən bu günə qədər bizim hərbi xərclərimiz 15 dəfə artıb. Ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilib. Ən əsası isə Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını daha da gücləndirir.
Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda çıxış edən Ali Baş Komandan cənab İlham Əliyev vurğulayıb ki, ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir: "Bizim təşəbbüsümüzlə son illər ərzində 20-dən çox hərbi zavod yaradılmışdır. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, biz artıq hərbi məhsullarımızı ixrac etməyə də başlamışıq. Həmçinin Azərbaycan bir çox ölkələrdən ən müasir silah və texnika alır. ...Deyə bilərəm ki, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir. Biz bütün bunları ona görə edirik ki, Azərbaycan Ordusu daha da güclü olsun. Ona görə edirik ki, hərbi potensialımız güclənsin."
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Silahlı Qüvəllərin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilmişdir. Hərbi parad bir daha sübut etdi ki, ölkənin müdafiəsinin təşkil edilməsi üçün Azərbaycan Ordusunun döyüşə hazırlığı sahəsində müvafiq tədbirlər görülüb, qoşunlar müasir döyüşün aparılması tələblərinə cavab verən silah, hərbi texnika və digər vasitələrlə hərtərəfli təmin olunub. Azərbaycan Ordusunun qoşun-döyüş sursatları üzrə ehtiyatlarının yaradılması məqsədilə yerli hərbi sənaye müəssisələrindən və xarici ölkələrdən müxtəlif təyinatlı müasir döyüş texnikası, eləcə də digər hərbi məhsullar alınaraq Silahlı Qüvvələrin istifadəsinə verilib.
Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən təntənəli hərbi paradda Prezident İlham Əliyevin nitqini şərh edən Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, işğal atlında olan torpaqların azad edilməsi və Azərbaycanın suverenliyinin bərpası ölkə başçısının əsas hədəfidir: "Bu hədəfə çatmaq üçün bütün üsullardan istifadə edilir. İqtisadi gücümüz artır, beynəlxalq nüfuzumuz güclənir, daxili sabitlik hökm sürür, xalq-iqtidar birliyi möhkəmlənir və ordumuz hər gün güclənir. Ordumuzun strateji yüksəkliklərdə güclənməsi və hər dəfə işğal altında olan torpaqların bir qisminin azad edilməsi getdikcə bu hədəfə yaxınlaşdığımızı bir daha göstərir. Hər belə bir irəliləyiş düşmənin sonunu yaxınlaşdırır. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi parad möhtəşəm idi. Hərbi paradda Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrinin 4 min nəfərlik şəxsi heyəti iştirak etdi, 240-dan çox hərbi texnika və silah sistemləri, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri nümayiş etdirildi. Ən fərəhlisi odur ki, paraddan keçən hərbi texnikanın arasında Azərbaycanda istehsal olunanlar da vardı. Bu, çox böyük nailiyyətdir və Azərbaycanda hərbi sənaye kompleksinin uğurla inkişafından xəbər verir. 100 il öncə yaranan Azərbaycan ordusu bu gün dünyanın ən güclüləri sırasındadır və Silahlı Qüvvələrimiz ən müasir texnika ilə təchiz olunub."
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin kökündə məhz iqtisadi gücdən yararlanaraq ordumuzun qüdrətlənməsi, hərbi sənaye kompleksinin inkişafına geniş imkanların yaradılması durur deyən C.Osmanov vurğulayıb ki, ordumuz dünyada ən modern ordular sırasında qəbul olunur: "Ordumuzun gücünü işğal altında olan torpaqlarımızın bir hissəsinin azad olunması da təsdiqlədi. Bu möhtəşəm hərbi parad dostları sevindirdi, düşmənləri qorxuya saldı. Azərbaycan Ordusu hazırda qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək iqtidarındadır. Ordumuz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı hər an işğaldan azad etməyə hazırdır."
Qeyd edək ki, dünyaya səs salan hərbi paraddan sonra iyulun 2-dən 6-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri keçirilir. Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərə 20 min nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.
Orxan Vahidoğlu,
"İki sahil"
Azərbaycanın suverenliyinə hörmət beynəlxalq münasibətlərin təməl prinsipidir