04 iyul 2018 14:57
1056

Enerjinin İpək Yolu

 Son günlərdə  dünya siyasətinin əsas  və aktual mövzularından olan «Cənub Qaz Dəhlizi»nin istifadəyə verilməsi  bütün türk dünyasının birlik rəmzi olan  Türkiyə- Azərbaycan qardaşlığının önəmli hadisəsi kimi diqqəti çəkir.  Türkiyədə  keçirilən prezident seçkilərini    demokratiya , milli birlik və həmrəyliyin ifadəsi kimi dəyərləndirən  Azərbaycan hər iki dövlət arasındakı münasibətləri gücləndirən tarixi əlaqələrə dəyər verir.  Bakıda «Cənub Qaz Dəhlizi»nin,  Əskişəhərdə   TANAP-ın açılışını dünya siyasətinə təsir imkanları artan bu dostluğun məntiqi nəticəsi  adlandıran  hər iki qardaş ölkənin  KİV-lərində yer alan yazılarda   regionda sülhün təminatına yönələn qarşılıqlı əməkdaşlığın səmərəsi ilə bağlı  xoş sözlər   əksini tapır. «TANAP-ın istismara  verilməsi Türkiyə-Azərbaycan  qardaşlığının növbəti təzahürüdür» sözlərinin Türkiyə mətbuatının bütün manşetlərində yer alması yeddi dövlətə  fayda gətirən enerji layihələrinin reallaşmasında xüsusi yeri olan bu dostluqdan  bəhs olunur. Avropanın enerji bazarında Azərbaycan qazına  yaranan ehtiyacın Xəzərin karbohidrogen ehtiyatları hesabına  reallaşan kəmərlər vasitəsi ilə ödənilməsi də    hər iki döst ölkənin qətiyyət və iradəsinin məntiqi nəticəsi kimi  dəyərləndirilməsi əsrlərdən bəri davam edən birgə maraqların təntənəsidir. XXI əsrin möcüzəsi kimi  tarixə yazılan hər  iki kəmərin açılışında qeyd olunduğu kimi, bu kəmərlər  marşrut üzərindəki bütün ölkələrin rifahına və məşğulluq probleminə də töhfə  verəcək.  TANAP-ın açılışını dünya siyasətinin əsas gündəmi kimi diqqətə çatdıran Türkiyə KİV-lərinin manşetində yer alan «İşbirliyimizin son meyvəsi»,  «Yüzilliyin açılışı», «Enerjinin İpək Yolu» «İlham Əliyevdən tarixi sözlər»,  «Prezident İlham  Əliyev: TANAP Türkiyə  və Azərbaycanın zəfəridir», « Enerjinin  qəlbi Türkiyədə  vurur», «Enerji körpüsü»… kimi başlıqlar hər iki dövlət başçısının siyasi iradəsini əks etdirməklə  təsdiqləyir ki,    TANAP kimi  nəhəng layihənin  həyata keçirilməsi Türkiyə-Azərbaycan  liderlərinin  birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur.

24 iyunda  Türkiyədə  keçirilən prezident seçkilərində  qələbə qazanan həmkarı  Rəcəb Tayyib Ərdoğana təbrik məktubunda  hər iki qardaş xalqın münasibətlərinin əsrlərdən bəri davam edən  dərin köklərə bağlı olduğunu diqqətə çatdıran  Prezident İlham Əliyev  ümumxalq etimadını, səsvermənin nəticələrini Türkiyənin hərtərəfli inkişafı və çiçəklənməsi  yolunda genişmiqyaslı fəaliyyətin nəticəsi adlandırır. Vurğulanır ki,  möhkəm təməllər üzərində  qurulmuş, qarşılıqlı inam, etimad və xalq dəstəyinə əsaslanan dövlətlərarası münasibətlər bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlmişdir: « Azərbaycan –Türkiyə döstluğu və qardaşlığı sayəsində  birgə həyata keçirdiyimiz layihələr regionun inkişafında, Avropa və Asiya arasında  mühüm enerji, kommunikasiya dəhlizinin yaradılmasında  böyük rol oynayır. Birgə  gerçəkləşdirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu,  bu yaxınlarda açılışını etdiyimiz  TANAP layihəsi uğurlu əməkdaşlığımızın parlaq nümunəsidir.»

Prezident Rəcəb Tayyib Ərdoğanın qələbəsinə  sevinən Azərbaycan xalqının  xoş arzularını  çatdıran  Prezident İlham Əliyevin  təbrikini « Qardaş yenə birinci oldu»   sərlövhəli yazı ilə bildirən Türkiyə mətbuatında  illərdən bəri davam edən bu dostluğun yeni mərhələ üzrə, daha  geniş və möhkəm tellərlə davam etdiriləcəyi qeyd olunur.  Bu cür səmimi sözlərin yer aldığı  yazılarda  hər iki dövlət başçısının  regionda və dünyada cərəyan edən hadisələrə kifayət qədər təsir imkanlarının genişləndiyi, həssaslıqla yanaşıldığı da göstərilir.    

Tarixdən də bəllidir ki,  siyasi, iqtisadi sahədə birlik  nümayiş etdirən türk dövlətlərinin mədəni, humanitar sahədə  əməkdaşlığı gücləndikcə  ortaq maraqları  birləşdirmək imkanları da genişlənir. Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşləri,  diaspor təşkilatları başçılarının iştirakı ilə keçirilən forumlarda səslənən «dildə, fikirdə, əməldə birlik» şüarlarının əməli fəaliyyətdə özünü doğrultması da  Mustafa Kamal Atatürk və  Heydər Əliyev kimi türkçü ideoloqların varislik irsinə sədaqətdən irəli gəlir.  Tarixin sınağından çıxmış bu dostluq əsrlərdən bəri qorunan soykökə bağlılığın ifadəsidir.
...Ötən əsrin əvvəllərində Azərbaycanın bütün ərazilərində  soyqırımı törədən erməni-rus hərbi birləşmələrinin qanlı təcavüzləri nəticəsində 20 mindən artıq soydaşımız daşnak qətliamının qurbanı oldu. O dövrdə hakimiyyətdə olan AXC  dövlət müstəqilliyinin qorunub saxlanılması üçün Türkiyə hökumətindən yardım istəyir.  Qardaş köməyi Türkiyə Silahlı Qüvvələrinin komandanı, general Ənvər paşanın Azərbaycanı daşnak zülmündən xilas edən Qafqaz İslam Ordusunun yaradılması ilə başlayır. Bakıda, Naxçıvanda, Zəngəzur, İrəvan mahallarında,  Qubada, Neftçalada, Zaqatalada, Şuşada, Dağlıq Qarabağda on minlərlə günahsız, əliyalın insan erməni vəhşiliyinin qurbanı olan soydaşlarımız Nuru paşanın başçılıq etdiyi ordunun köməyi ilə  xilas edilir.  Nəhayət, 15 sentyabr 1918-ci ildə   Türkiyənin hərbi yardımı , Qafqaz İslam Ordusunun  köməyi ilə Bakı  işğaldan xilas olaraq həqiqi sahiblərinə qaytarıldı.

Həmin hadisələrdə Qafqaz İslam Ordusunun  139 əsgəri, 9 zabiti qəhrəmancasına şəhid olub,  463 nəfər yaralanıb. Türk xalqının zəfər dastanı adlandırdıqları Çanaqqala savaşında  azərbaycanlıların iştirakı ağır günlərdə belə  ağrılarını paylaşmağı bacaran hər iki xalqın qardaşlıq tarixinin salnaməsidir.    Çanaqqala savaşının (18 mart 1915) ölkəmizdə, Azərbaycanlıların soyqırımı gününün (31 mart 1918)  Türkiyədə  hörmətlə anılması qardaş ölkələrimizin birliyi, türk dünyasının həmrəylik rəmzi kimi dəyərləndirilir.
Ulu öndər Heydər Əliyevin hazırladığı neft strategiyasının uğurları kimi dünya enerji bazarının yeni xəritəsini müəyyənləşdirən , eyni zamanda, Türkiyə-Azərbaycan birgə qətiyyətinin  nəticəsi olan  enerji, nəqliyyat layihələri ilə tarixi dostluğun müasir, daha önəmli  salnaməsi yazılır.

 Əvvəllər də qeyd olunduğu kimi,  «Cənub Qaz Dəhlizi» kimi önəmli layihənin Azərbaycan və Türkiyənin birgə səyi ilə reallaşması türk xalqlarını daha da birləşdirir. Neft-qaz sahəsində  Azərbaycan Türkiyə,   Türkmənistan,  Qazaxıstan ilə  çox səmərəli fəaliyyət göstərir. TürkPA-nın, TÜRKSOY-un yaranması, ortaq əlifbanın, tarixin, televiziya kanalının hazırlanması, Türkdilli Akademiyanın formalaşdırılması da   Ulu Öndərin ideyalarını əks etdirən təşəbbüslərdir.  «Biz nə qədər güclü olsaq, bizim həqiqətlərimiz də bir o qədər üstün olacaqdır. O qədər də bizim sözümüzü eşidəcəklər» söyləyən Prezident İlham Əliyev  Türkiyə –Azərbaycan dostluğunun əbədiliyini  2016-cı ilin 15 iyul hadisələri zamanı da göstərdi. Qardaş ölkədə  baş verən hadisələri narahatlıqla izləyən xalqımız Türkiyə ilə həmrəylik nümayiş etdirdi.

Azərbaycan -Türkiyə birliyinin dünya siyasətinin başlıca amilinə çevrildiyi,  hər iki dövlətin  birgə iştirakı ilə  hazırlanan qlobal layihələrə marağın artdığı  belə bir vaxtda  Türkiyəyə qarşı yönəlmiş hər hansı  ədalətsizliklə barışmayacağını bəyan edən Azərbaycan dövləti və xalqı həmişə olduğu kimi, bu gün də milli-mənəvi dəyərləri bir olan qardaşlarının yanındadır.

Terrorun, soyqırımının, günahsız insanların qətlə yetirilməsinin ağrı- acısını illərdən bəri hiss edən , vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasının qarantı kimi beynəlxalq hüquq normalarının qorunmasını xalqlar və dövlətlərarası əməkdaşlıq üçün  vacib sayan və  bəşəri dəyərlərə, humanizmə  əməl edən  Azərbaycan  insan tələfatına səbəb olan terroru daim pisləyib, bu gün də  eyni mövqeyində qalır. Bölgədə sülh, barışıq, əməkdaşlıq tərəfdarı olan  Azərbaycan və Türkiyənin  qüdrətli dövlətlərlə münasibətlərinə,  dünyanın enerji bazarında möhkəmlənən mövqeyinə və roluna  qısqanclıqla yanaşan daxili və xarici qüvvələr bu ölkələrin  güclənən nüfuzuna da  həsəd aparırlar. Eyni ssenarilər Azərbaycanda da tətbiq olunur.  Dünya birliyində  düşünülmüş siyasəti ilə  tanınan, müxtəlif təşkiatların keçirdikləri sorğularda  «İlin ən təcrübəli siyasətçisi», «İlin dövlət adamı» adına layiq görülən dövlət başçıları  Rəcəb Tayyib Ərdoğan və  İlham Əliyevin möhkəmlənən nufuzundan təşvişə düşən ermənipərəst dairələrin Azərbaycanla bağlı təxribatlarının  arxasında da  ölkəmizin iqtisadi, siyasi qüdrətinə qısqanclıq dayanır.  Talelərinə eyni qismət yazılmış Türkiyə və Azərbaycanda təxribatlar, terrorlar törətməklə mənfur niyyətlərini həyata keçirməyə çalışan,  bölgədə sabitliyin pozulması üçün ən çirkin usullara əl atanlar bilməlidirlər ki, qazanan yenə də dostluq, birlik, həmrəylik olacaq .

«Şahdəniz» yatağının işlənilməsi ilə bağlı atılan addımlar da birgə təşəbbüsün nəticəsidir. «Əlbəttə, biz hamımız yaxşı bilirdik ki, böyük həcmdə Azərbaycan qazını dünya bazarlarına çıxarmaq üçün qaz kəməri lazımdır. Beləliklə, Cənub Qaz Dəhlizinin yaradılması ilə bağlı praktiki işlərə start verildi. Çox ciddi işlər, danışıqlar aparıldı və nəhayət, 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında TANAP – Transanadolu qaz kəməri üzrə müqavilə imzalandı. Beləliklə, «Cənub Qaz Dəhlizi»nin reallaşmasına güclü təkan verildi. Ona görə bu layihələrin icra edilməsində bu üç ölkənin birgə səyləri xüsusi yer tutur. «TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür” söyləyən Prezident İlham Əliyev vurğulayır ki,  TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəri, tarixi layihədir.  XXI əsrin enerji tarixi bu qardaşlıq münasibətlərinin birgə  səyi ilə yazılır. Mənbələrin şaxələndirilməsi baxımından da Avropa İttifaqı tərəfindən irəli sürülən «Cənub Qaz Dəhlizi»ni şərtləndirən  ən önəmli amil Türkiyə-Azərbaycan dostluğudur. TANAP-ın istismara verilməsi,  Türkiyə-Azərbaycan əməkdaşlığının daha da güclənməsi sayəsində Avropa ölkələri və dünya enerji bazarının çox önəmli qaynağı gerçəkləşdirildi. 
Qarşılıqlı etimadın, strateji əməkdaşlığın nəticəsi olan “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində qətiyyətli  addımlar, Türkiyənin, Azərbaycanın birlikdə olması Avropa və dünya üçün çox önəmli  nümunədir.

Xuraman İsmayılqızı,

“İki sahil”