04 iyul 2018 14:44
1133

İlham Əliyev: Biz iqtisadi şaxələndirmə siyasətini uğurla aparırıq

Ölkə Prezidenti bu məqamı da xüsusi qeyd edir ki, gələcəkdə iqtisadiyyatın inkişafını təmin edən əsas sahə ixrac olacaq

 «Bu gün Azərbaycan ayaqda möhkəm duran bir ölkədir, müstəqil ölkədir, müstəqil siyasət aparan ölkədir, güclü iqtisadiyyata malik olan bir ölkədir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Ölkə iqtisadiyyatına son 15 il ərzində 230 milyard dollardan çox sərmayə qoyulmuşdur.» Dövlətimizin başçısı İlham Əliyevin açıqladığı bu statistik rəqəmlər Azərbaycanın bu günü və gələcəyi barədə aydın təsəvvür yaradır.  Son 15 ilin digər statistik rəqəmlərini də nəzərdən keçirək. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən yoxsulluq kimi sosial bəlanın aradan qaldırılmasını qarşıya mühüm vəzifə kimi qoymuşdur.   Son 15 ildə yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,4 faizə düşüb, işsizlik 5 faiz səviyyəsindədir. Ölkə Prezidentinin qeyd etdiyi kimi, bu, onu göstərir ki, qara qızıl, neft və qaz insan kapitalına çevrilib: «Onu göstərir ki, bizim siyasətimiz ondan ibarət olmuşdur ki, biz neft-qaz əməliyyatlarından əldə olunan gəlirləri cəmiyyətdə bərabər, ədalətli şəkildə bölək və ölkə iqtisadiyyatının inkişafı üçün lazım olan layihələrə yönəldək. Dünya Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Bu, onu göstərir ki, biz iqtisadi şaxələndirmə siyasətini uğurla aparırıq.»

Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin əsasına çevrilib. Bu reallığı da qeyd edək ki,  Davos Forumunun hesablamalarına əsasən inkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan üçüncü yerdədir. «Bu işlərin təməlində bizim uğurlu neft-qaz siyasətimiz dayanır» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki,  bir çox ölkələr var ki, onların bizdən qat-qat böyük neft resursları, neft hasilatı var. Ancaq ölkələrin uğurlu inkişafını təbii resurslar həll etmir. Düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir.

Ölkə Prezidenti  İlham Əliyev  bazar mexanizminin hərəkətverici qüvvəsi olan sahibkarlığın inkişafını sosial-iqtisadi sistemin möhkəmlənməsinə, sosialyönümlü problemlərin kompleks həllinə təsir göstərən mühüm amil kimi diqqətə çatdırır. Son illərdə qeyri-neft sektorunun inkişafı yönümündə atılan addımların nəticəsidir ki,  ümumi daxili məhsulda özəl bölmənin payı 85 faiz təşkil edir. Bir sözlə, bu gün Azərbaycanda güclü sahibkarlar ordusu formalaşıb.

Qeyri-neft sektorunun inkişafına  nail olmaq üçün regionların potensial imkanlarından maksimum istifadəni təmin etmək üçün təsdiqlənən dövlət proqramlarının uğurlu icrası göz önündədir. Cənab İlham Əliyev çıxışlarında bu məqamı xüsusi qeyd edir: «Mən 2003-cü ildə Prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, Azərbaycan regionlarının problemləri ilə məşğul olacağam. Söz vermişdim ki, Azərbaycan regionlarında sosial-iqtisadi inkişaf sürətlə gedəcək.» Birinci Dövlət Proqramının icrasına başlanıldığı dövrə nəzər salan dövlətimizin başçısı İlham Əliyev infrastruktur layihələrinin icrasının önəmini xüsusi qeyd edir: «İnfrastruktur layihələri həm ölkəmizin ümumi inkişafına böyük təkan verdi, eyni zamanda, bizim nəhəng transmilli infrastruktur layihələrimiz Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişdi.»  Ölkə Prezidenti  bu reallığı da diqqətə çatdırır ki, birinci proqramın qəbul edilməsi tarixi hadisə idi: «Həyat bunu əyani şəkildə göstərir. 2004-cü ilin əvvəllərində qəbul edilmiş proqram demək olar ki, Azərbaycan regionlarında dönüş yaratdı. Azərbaycan regionlarının sürətli inkişafı məhz birinci proqramın icrası ilə bağlı idi.»

Artıq üçüncü Dövlət Proqramının icrası başa çatmaqdadır.  Hər bir Proqramın uğurlu icrası növbəti sənədin qəbulunu zərurətə çevirir. Cənab İlham Əliyev  yeni Dövlət Proqramının hazırlanması ilə  bağlı işlərin getdiyini bildirir.  Son 15 ildə ölkəmizdə 1,9 milyon iş yeri yaradılıb ki, onlardan 1,4 milyonu daimi iş yeridir.  Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan yenə də dünya miqyasında lider dövlətlər arasındadır. On beş ildə   valyuta ehtiyatları 23 dəfə artıb. Valyuta ehtiyatlarımız ölkəmizin ümumi daxili məhsuluna bərabərdir. Xatırladaq ki, 2003-cü ildə valyuta ehtiyatları 1,8 milyard dollar idi. Bu gün isə bu rəqəm 44 milyard dollardır.  Maaşlar 15 ildə beş, pensiyalar səkkiz dəfədən çox artıb.

26 ildən artıq  müstəqillik tarixinə malik olan ölkəmizdə  irəli sürülən hər bir təşəbbüsün   xalq tərəfindən dəstəklənməsi fonunda  iqtisadi imkanların artması iqtisadi müstəqilliyimizin möhkəmlənməsində əsas amildir. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi, təşəbbüsçüsü və iştirakçısı olduğu layihələrin icrası istiqamətində göstərdiyi səylər  iqtisadi imkanların  genişlənməsinə stimul verir. 2004-cü ildən bu günə qədər Azərbaycan sahibkarlarına təxminən 2 milyard manat dəyərində güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər ölkə iqtisadiyyatının inkişafına böyük dəstək olmuşdur. Davamlı inrkişafa stimul verən əsas amillərdən biri də məhz şəffaflığın təmin edilməsidir.  «ASAN xidmət» mərkəzlərinin yaradılması  rüşvətxorluğa və korrupsiyaya qarşı  mübarizədə mühüm addımlardandır. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki,  “ASAN xidmət” mərkəzlərinin yaradılması bu sahədə inqilabi dönüş etdi. Özünüməşğullun təmin edilməsinin prioritetliyi də atılan addımlardan daha aydın görünür. Dövlətimizin başçısı İlham Əliyevin  23 sentyabr 2016-cı il tarixili «Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində «ABAD» publik hüquqi şəxsin yaradılması haqqında»  Fərmanı  özünüməşğulluğun təminatı istiqamətində mühüm addımdır. Cənab İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında görüləcək işlərdən bəhs edərkən  bu məqamı  xüsusi vurğlamışdır ki.  bu il biz, eyni zamanda, “Ailə Biznesinə Asan Dəstək” layihəsinin sürətli inkişafını görəcəyik: « Bu il 3 “ASAN xidmət” mərkəzi açılır. Onlardan biri fevral ayında Mingəçevir şəhərində istifadəyə verilib. Digər iki mərkəz isə Şəki və İmişli şəhərlərində açılacaq. Daha 5 mərkəzin tikintisi ilə bağlı göstəriş verilmişdir. Onlar gələn il açılmalıdır. Beləliklə, gələn ilin sonuna qədər bizdə 20 “ASAN xidmət” mərkəzi olacaqdır. Ailə Biznesinə Asan Dəstək (ABAD) mərkəzləri yaradılır. Bunun da həm sahibkarlığın, həm də biznesin inkişafı üçün böyük əhəmiyyəti var. ABAD mərkəzlərində rəqabətqabiliyyətli məhsullar yaradılır. Mən dövlət şirkətlərinə göstəriş vermişdim və özəl şirkətlərə tövsiyə etmişdim ki, bu sahəyə diqqət göstərsinlər. Bu proses artıq başlamışdır. Bu il 5-6 min insan özünüməşğulluq proqramı ilə əhatə ediləcək. Bu, işsizliyin aradan qaldırılması və yoxsulluğun azaldılması istiqamətində önəmli addım olacaqdır. Kifayət qədər vəsait var. Sadəcə olaraq bu işlər düzgün təşkil edilməlidir ki, ehtiyacı olan insanlara pul qazanmaq üçün vasitələr verilsin.» Onu da qeyd edək ki, ötən ilin sonunda dövlətimizin başçısı İlham Əliyevin Fərmanı ilə  Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb.  Bu qurum  ölkədə kiçik və orta sahibkarlığın (KOS) inkişafını dəstəkləyən, KOS subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir. Agentliyin tərkibində ölkənin iri rayon və şəhərlərində kiçik və orta sahibkarlara bir sıra xidmətləri (təlim, məsləhət, informasiya, biznes-inkubator, innovasiya mərkəzi, maliyyə xidmətləri və s.) bir məkanda təklif edən "Kiçik və orta sahibkarlıq evi" yaradılacaq və onların fəaliyyəti "ASAN xidmət" mərkəzləri, «ASAN xidmət» mərkəzləri olmayan regionlarda isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin regional bölmələri vasitəsilə həyata keçiriləcək. Kiçik və orta sahibkarlığın inkişafı eyni zamanda məşğulluq probleminin həllinə dəstəkdir. Görülən tədbirlər həmçinin  bu reallığın təsdiqidir ki, rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz. Ailə təsərrüfatlarına asan dəstəyin həyata keçirilməsi hər bir ailənin bazarlarda öz məhsulu ilə tanınmasına, ən əsası rəqabətin artması fonunda  keyfiyyətli məhsulun istehsalına və ixracına geniş yol açır.  Əsas prioritetlər açıqlanarkən ölkə Prezidenti bu məqamı da xüsusi qeyd edir ki,   gələcəkdə iqtisadiyyatın inkişafını təmin edən əsas sahə ixrac olacaq.  «Biz xaricdə logistika mərkəzləri yaradırıq. Nə üçün? Ona görə xaricə vəsait qoyuruq ki, məhsullarımız oraya - yeni bazarlara çıxsın. Bunu ona görə edirik ki, sahibkarların gedib öz məhsullarını rahat satmaq imkanları olsun» söyləyən cənab İlham Əliyev bildirir ki,  biz açıq bazar iqtisadiyyatı siyasətini aparırıq. Bizim siyasətimiz, dövlət siyasəti, Prezidentin siyasəti, bax, budur.” Qarşıdakı illərdə  məşğulluğun artırılması məqsədilə regionlarda  ənənəvi kənd təsərrüfatı  sahələrinin,  pambıqçılığın, tütünçülüyün, çayçılığın və digər sahələrin  inkişafı məqsədilə  mühüm tədbirlər görülür. Dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən zona müşavirələrində həllivacib məsələlərə diqqət yönəldilərək, aidiyyəti qurumlara konkret tapşırıqlar verilir. Dövlətimizin başçısı bildirir: “Biznes mühitinin yaxşılaşdırılması istiqamətində bundan sonra da addımlar atılacaqdır. Son vaxtlar vergi sistemində aparılan ciddi islahatlar, sağlamlaşdırma prosesi, bildiyimə görə, artıq biznes dairələri tərəfindən də müsbət qarşılanır və bu istiqamətdə əlavə addımlar atılacaq. Mən əvvəlki çıxışlarda da dəfələrlə demişəm ki, biz dünyada mövcud olan ən müsbət, ən şəffaf praktikanı Azərbaycanda tətbiq etməliyik və bizim bütün maliyyə sistemimiz tam şəffaf mexanizm kimi işləməlidir.»

Bütün bu addımlar dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın davamlı inkişafına xidmət edir. İnkişafın Azərbaycan modelinin mövcudluğu və beynəlxalq səviyyədə dəstəklənməsi təbii ki, uğurlu siyasətin, təkmil sosial-iqtisadi islahatların nəticəsidir.

Yeganə Əliyeva,

“İki sahil”