Bu dəfə silahla deyil, rusiyalı siyasi xadimlərinin dili ilə Ermənistanın geopolitik darmadağını reallaşdı
Ötən həftənin siyasi hadisələri içərisində ən önəmlisi «Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir» adlı konfransın Cəbrayıl rayonun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində davam etməsi oldu. Rusiyanın tanınmış ictimai-siyasi xadimlərinin oradan işğalçı Ermənistana yönəlik etdikləri çağırışlar isə işğalçı ölkədə əsl şok effekti verdi.
Məşhur rusiyalı politoloqların və siyasətçilərin cəbhə xəttində strateji Lələtəpə yüksəkliyini ziyarət etmələri dolayısı da olsa, o deməkdir ki, artıq erməni xəyanətləri layiq olduğu qiymətini almaqdadır. Lələtəpəyə ziyarətə gələnlərin siyahısına nəzər salaq: Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini Dmitri Savelyev, Dövlət Dumasının deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin, məşhur jurnalist, ictimai xadim Maksim Şevçenko, «Ekspertlər Klubu»nun üzvü Valeri Korovin, «Milli müdafiə» jurnalının redaktoru, hərbi ekspert İqor Korotçenko, Beynəlxalq Avrasiya Hərəkatının Yaxın Şərq Departamentinin direktoru Andrey Xarçenko, «İrs» İnstitutunun direktoru Yevgeni Baxrevskiy, ekspert Dmitriy Kruqlıy, Moskva Beynəlxalq Universitetinin kafedra müdiri Sergey Komarov, ekspert Darya Durqin, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini Sergey Loqinov. Bu siyasi və ictimai xadimlərin əksəriyyəti Rusiyada ciddi söz və nüfuz sahibidirlər. Onların Lələtəpədə Azərbaycan əsgərləri ilə görüşmələri Ermənistanın yeni hakimiyyətinə verilən ciddi mesajlar kimi anlaşılır.
Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini Dmitri Savelyev: Ermənistan Dağlıq Qarabağı və ətraf rayonları qeyd-şərtsiz azad etməlidir
Gözlənildiyi kimi, səfər və keçirilən tədbir işğalçı ölkədə narahatlıqla qarşılanıb. Bakıdakı möhtəşəm hərbi parad, ardınca Azərbaycan Ordusunun başlanan genişmiqyaslı təlimləri və bu təlimlərdən bir gün öncə Rusiya ictimai rəyinə təsiri olan nüfuzlu xadimlərin, siyasətçilərin, Putinə yaxın şəxslərin Cocuq Mərcanlıya səfər etmələri və oradan birbaşa «Ermənistan Dağlıq Qarabağı və ətraf rayonları qeyd-şərtsiz azad etməlidir» çağırışları Ermənistan ictimaiyyətində təşviş yaradıb. Onlar bunu özlərinə qarşı Moskva-Bakı birliyi və yeni müharibə hazırlığı kimi qəbul edirlər.
Erməni saytları artıq bu barədə açıq-aşkar şərhlər verirlər. Belə ki, «Aremnianreport.com» saytı yazır: «Onların hamısı Bakı publikasına xoş gələn açıqlamalar verdilər. Savelyev (Dumanın deputatı - red.) isə lap uzağa gedərək «Dağlıq Qarabağ və ətrafındakı 7 rayon qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır» deyib. Ermənilərdə ən çox qəzəb doğuran isə Duqinin bu sözləri olub: «Bu, çox rəmzidir ki, biz bu görüşü Qarabağda keçiririk. Bu, bir daha göstərir ki, Azərbaycan Rusiyanın strateji müttəfiqidir. Hüquqi nöqteyi-nəzərdən Qarabağ Azərbaycan ərazisidir. Rusiya Qarabağı Azərbaycanın ərazisi hesab edir və bu, beynəlxalq hüquqa görə də belədir.»
Erməni saytları: Kreml Gürcüstan və Ukrayna kimi, Ermənistana qarşı da nəsə hazırlayır
Ermənistanın sosial şəbəkə istifadəçiləri isə belə bir mövzunu gündəmə çıxararaq yazıblar ki, Kreml Gürcüstan və Ukrayna kimi Ermənistana qarşı da nəsə hazırlayır. Bu, əvvəl də aydın idi, ancaq indi planı o, heç gizlətmir də. Cocuq Mərcanlıya Putinin bir dəstə sözçüsünün göndərilməsi bunu təsdiqləyir.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının spikeri, Putinin silahdaşlarından sayılan Vyaçeslav Volodin az öncə Bakıya səfəri zamanı Azərbaycanın Dağlıq Qarabağ məsələsində həmişə ədalətli və konstruktiv mövqe tutduğunu demişdi. Bu fikir də İrəvanda təlaşla qarşılanmışdı. Çünki Bakının mövqeyi çoxdan məlumdur.
Belə görünür ki, Kreml artıq ermənilərin nazı ilə oynamaq fikrində deyil və qərbyönümlü baş nazir Nikol Paşinyan Rusiyaya qarşı səfeh addımlar atsa Moskvanın Bakı ilə müştərək planı işə düşəcək. Bu arada xatırladaq ki, Paşinyan NATO sammitinə qatılmaq üçün Brüsselə gedəcək.
Bu geosiyasi hadisələri təhlil edəndə aydın görünür ki, son illər Rusiyanın Qafqaz siyasətində ciddi irəliləyişlər müşahidə olunur. Həmişə Rusiya-Qafqaz, Rusiya-Türkiyə münasibətlərində diktəedici gücə malik erməni əsilli və yönümlü siyasətçilər tədricən zəifləyərək mövqelərini itirməyə başlayıblar. Məhz rusiyalı siyasətçilərin bu bəyanatları Bakıda deyil, birbaşa Cocuq Mərcanlıda vermələri göstərir ki, Rusiya Qafqaz siyasətində Ermənistandan hələlik birmənalı şəkildə üz döndərməsə də, Azərbaycanı daha etibarlı tərəfdaş kimi dəyərləndirir. Konfrans bir daha göstərdi ki, Azərbaycan və Rusiya mürəkkəb məsələlərin həllində maneəsiz və çətinlik çəkmədən səylərini birləşdirmək gücündədirlər.
Rusiyalı siyasi şərhçilər: Azərbaycan Rusiyanın Cənubi Qafqazda etibarlı müttəfiqidir və Ermənistanda baş verən hadisələrin zəminində Azərbaycanın Rusiya üçün dəyəri ikiqat artır
Rusiyala siyasi xadim Dmitri Savelyevə görə, Ermənistanda baş verən hadisələrin zəminində Azərbaycanın Rusiya üçün dəyəri ikiqat artır: «Azərbaycan nadir ölkələrdən biridir ki, burada rus dili inkişaf edir. Azərbaycan Rusiyanı Avropa Şurasında dəstəkləyir. Azərbaycan Rusiyanın Cənubi Qafqazda etibarlı müttəfiqidir. Baxmayaraq ki, biz Azərbaycana külli miqdarda silah satmışıq, amma bu, heç vaxt Rusiyanın öz əleyhinə yönələ bilməz. Ümid edirəm ki, Ermənistan müdrik olacaq və Qarabağ münaqişəsi öz həllini tapacaq».
Bu məqam da rusiyalı deputatın diqqətindən kənarda qalmayıb. O qeyd edib ki, SSRİ dağıldıqdan sonra Azərbaycan sürətlə inkişaf etsə də, Ermənistan geriləyib: «Bu baxımdan Ermənistan torpaqları qaytarsa, onun öz iqtisadiyyatı üçün də mühüm addım olar. Rusiya Minsk qrupunda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha fəal olmalıdır. Biz Ermənistanı da itirmək istəməzdik. Amma təəssüf ki, Ermənistan bunu düşünmək əvəzinə, NATO ilə isti münasibətlərə can atır».
Əvvəldə qeyd etdimiz kimi, rusiyalı siyasi və ictimai xadimlərin bu səfəri və ciddi bəyanatları Ermənistanda ciddi fikir ayrılıqları və qarşıdurmalar yaradıb. Artıq «məxməri inqilabçılar» liderlərinin çətin duruma düşdüyünü və ciddi siyasi iflas astanasında olduqlarını anlayırlar. Xüsusilə hələlik şəxsi düşmənlərini korrupsiya və talançılıq adı ilə həbs etdirməyə başı qarışan Nikol Paşinyan geosiyasi istiqamətdə ciddi irəliləyişə nail ola bilməyib.
Elçin Zaman, «İki sahil»
Azərbaycanın suverenliyinə hörmət beynəlxalq münasibətlərin təməl prinsipidir