Qrant naminə Azərbaycanın dövlətçilik maraqlarını , xalqımızın mənafeyini qapılarında süləndikləri əcnəbilərə qəpik- quruşa satan «agent şəbəkəsi»nin tör-töküntüləri, ağalarının süfrələrinin qırıntılarından da məhrum olanlar özləri üçün yeni qazanc mənbəyi tapıblar.
Mühacir kimi qoltuqlarına sığındıqları xarici ölkələrdə şəbəkə yaratmaqla Azərbaycan haqqında yalan- böhtanlar yayan «mətbəx böcəkləri» indi də «söz yayımlamaq» xəstəliyinə tutularaq bunun üçün ianə mənbələri axtarışındadırlar.
«Media klubu» yaratmaqla guya «ölkədə müstəqil, sağlam informasiya məkanı formalaşdırmaq» istəyində olduqlarını bildirən, məqsədləri « informasiya vasitələrinin manipulyasiya, təhqir və yalan sisteminə çevrilməsinin qarşısının almaq» olan bəzi «KİV nümayəndələri»nin «jurnalistlik şəcərələri»ndən aydın olur ki, onların istəkləri «proqnozlarından» çox-çox fərqlidir. Özlərini «media ictimaiyyətinin nümayəndələri» adlandıranların əməli ilə istəyinin eynilik təşkil etməməsi də göstərir ki, illərdən bəri fəaliyyətlərini beynəlxalq təşkilalardan aldıqları qrantlara uyğun formalaşdıranların « Azərbaycan jurnalistikasında yenilik etmək niyyətlərinin sağlam təfəkkürə əsaslanma ideyaları» inandırıcı deyil. «Media klubu»nda məskən salanlar sadəcə olaraq qrant ünvanlarını yeniləmək məqsədilə «kosmetik dəyişiklik» aparıblar. Qarşıdakı illərdə də onların Azərbaycan əleyhinə təxribatlarda fəallıq göstərəcəkləri şəksizdir. Özlərini başqa ölkələrdə yaradılan və Soros Fondu tərəfindən maliyyələşdirilən «Press klub»lara oxşatmağa çalışan «mediaçıların» bu «təşəbbüsü»nün maliyyə mənbəyinin də Soros Fondunun olması bir çox mətləblərə aydınlıq gətirir. Bu Fondun ölkəmizdə, başqa MDB dövlətlərində həyata keçirdiyi təxribatların nəticələri isə bəllidir. Bu baxımdan «klub» üzvlərinin «sağlam düşüncə tərzinə malik olmaları» barədə təsəvvür yaratmaq sadəlövhlük olardı.
Eyni sözləri xarici ölkələrdə isti bucaq axtaranlar, özləri üçün yeni qazanc mənbəyi kimi «sosial şəbəkə yaratmaq üçün pul dilələnlər» haqqında da demək olar.
Məsələn Tural Sadıqlı adlı mühacir «xalqın layihəsi”» adlı «kampaniya»ya milyon dollar vəsait lazım olduğunu bildirərək bunun üçün dəstək axtarır. Radikal bloqqer, «Meydan TV»nin rəhbəri Emin Milli də oxşar «təşəbbüslə» müraciət yayıb.
Deyəsən havadarlarının maliyyə mənbəyindən əli üzülən « xəyanətkar şəbəkə»nin təmsilçiləri müflisləşdikləri üçün bu yola əl atırlar. Əslində Avropada bahalı həyat tərzinə öyrəşənlər bu vəsaitləri özlərinin şəxsi həyatları üçün istəyirlər. Sadəcə xəyanətlərini «xalqa xidmət”» adı altında pərdələməyə çalışırlar.
Leyla Yunus, Xədicə İsmayıl kimi Emin Milli, Tural Sadıqlı da asan qazanc yolu ilə ehtiyaclarını təmin etməyi qarşılarına məqsəd qoyaraq
Azərbaycan əleyhinə apardıqları təxribatları bu yolla davam etdirmək istəyirlər. Maliyyə mənbələrini bölüşdürmək üçün xarici ölkələrdə belə biri-birilərinə ünvanladıqları qarşılıqlı ittihamları Vətən xainlərinin iç üzlərini açıq-aşkar göstərir. Onların həyasızlıq həddi o dərəcəni aşıb ki, xarici ölkələrdə ölkəmiz əleyhinə təxribat aparmaq üçün Azərbaycan xalqından yardım istəyirlər. Maraqlıdır ki, bu iş üçün milyonların lazım olduğunu bildirənlərin «iş prinsipi» üçün tələb olunan yüksək məbləğ həddindən artıq çoxdur. Bu qeyri- müəyyənlikdən aydın olur ki, onların məqsədi yalnız şəxsi ehtiyaclarını ödəmək üçün lazımdır. Amma bir məsələni unudurlar ki, Azərbaycan xalqı üçün çıxdaş hesab olunan bu satqınlara heç kim yardım göstərməz. Onların yeganə yolu məskunlaşdıqları «mühacir mətbəxi»nin artıqlarından yararlanmaqdır.
Xuraman İsmayılqızı,
«İki sahil»
Azərbaycanın suverenliyinə hörmət beynəlxalq münasibətlərin təməl prinsipidir