29 iyun 2018 14:20
1123

İlham Əliyev: Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir

TANAP-ı Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürü adlandıran dövlət başçımızın vurğuladığı kimi, “Cənub Qaz Dəhlizi” beynəlxalq əməkdaşlıq körpüsüdür

Bakıda keçirilən “Cənub Qaz Dəhlizi”nin açılış mərasimində çıxış edən Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurin enerji təhlükəsizliyi və dayanıqlı inkişaf haqqında danışaraq bildirdi ki, mərasimdə səslənən fikirlər dünyanın müxtəlif regionlarını təmsil edən qaz hasilatçısı və ixracatçısı olan 19 ölkədən ibarət QİEÖF-ün məqsədləri ilə tamamilə uzlaşır. Bu ölkələr birlikdə dünyanın sübut olunmuş qaz ehtiyatlarının 70 faizinə, qaz boru kəmərlərinin 63 faizinə və mayeləşdirilmiş təbii qaz ehtiyatlarının 58 faizinə malikdir.

Qazın gələcək mənzərəsi kifayət qədər müsbətdir. Təbii qaz 2040-cı ilə qədər ildə 1,5-1,8 faiz artaraq ən tez hasil edilən yanacaq növü olacaqdır. Həmin dövrdə qlobal ümumi təbii qaz ixracı 50 faiz artacaqdır. Avropa bazarı bu artımın çoxunu özünə cəlb edəcəkdir və bu da “Cənub Qaz Dəhlizi” infrastrukturunun önəmini bir daha artıracaqdır. Enerji layihələrində iştirak edən hasilatçı, istehlakçı, tranzit ölkələr arasındakı əməkdaşlıq bütün maraqlı tərəflər arasında risklərin bərabər şəkildə paylanması prinsiplərinin qəbul olunmasını unutmamaqla təchizatın və tələbatın təhlükəsizliyi üçün təcrübələrə cəlb olunmaq imkanı verir. Bu dəyərlər, enerji təhlükəsizliyinə sadiqlik, əməkdaşlıq “Cənub Qaz Dəhlizi”nin əsas prinsiplərini təşkil edir.

Əlavə izaha ehtiyacı olmayan bu sözlər sabitliyə, qarşılıqlı etimada əsaslanan qlobal enerji layihələrinin təşəbbüskarı olan Azərbaycanın dünya enerji bazarındakı mövqeyini daha da möhkəmləndirir, ölkəmizə marağı artırır.

Göründüyü kimi, nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb layihə olan “Cənub Qaz Dəhlizi”nin, onun tərkib hissəsi TANAP və TAP-ın beynəlxalq əməkdaşlıq körpüsü adlandırılması təsadüfi deyil. Ciddi araşdırmalara, qaynaqlara söykənən bu layihələr Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyası üçün də növbəti mərhələ kimi dəyərləndirilir. Azərbaycanın təşəbbüsü ilə reallaşan, genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığın səmərəsi olan, açılışı Bakıda və Əskişəhərdə keçirilən “Cənub Qaz Dəhlizi”nin, TANAP-ın fəaliyyətə başlaması ilə dünyanın enerji coğrafiyası dəyişilir, yeni dövr başlanır.

TANAP və TAP-la bağlı münasibətlərini bildirən tərəflər ilk gündən əminliklə ifadə edirdilər ki, “Cənub Qaz Dəhlizi” XXI əsrin tarixi hadisəsidir. Çünki “Cənub Qaz Dəhlizi” qitə dövlətlərini qazla təchiz etməklə qlobal enerji təhlükəsizliyinin təmin olunmasına önəmli töhfədir və Avropanı Azərbaycan qazı üçün mühüm bazara çevirir.

Tərəfdaş ölkələrlə birgə təşəbbüsün nəticəsi olan, dünya enerji bazarında zəngin potensialını təsdiqləyən, “Şahdəniz-2”dən hasil olunacaq təbii qazın Avropaya çatdırılması üçün şaxələndirilmə prinsipi üzrə alternativ layihələrə üstünlük verən Azərbaycan yeni boru kəmərlərinin çəkilişi ilə enerji bazarında möhkəmlənən mövqeyini rəsmən təsdiqlədi. Artıq “Cənub Qaz Dəhlizi” nəzəri deyil, Türkiyə, Yunanıstan və Albaniya ərazilərindən keçərək Xəzər dənizini Avropanın mərkəzi ilə birləşdirəcək kəmər kimi dünya dövlətlərinin maraq göstərdiyi strateji əhəmiyyətli tarixi hadisə, xalqlar arasındakı əməkdaşlığı eyni məqsəd naminə birləşdirəcək dostluq körpüsüdür. Azərbaycanın enerji layihələrinin regionda qarşılıqlı əməkdaşlıq üçün yaratdığı sabitliyi yüksək dəyərləndirənlərin vurğuladıqları kimi, Türkiyə-Azərbaycan birgə təşəbbüsünün, tranzit ölkələrin enerji təhlükəsizliyi üçün birgə səylərinin nəticəsi kimi dəyərləndirilən bu kəmər rejional əhəmiyyəti ilə daha böyük diqqət çəkir.

2012-ci ildə Türkiyə və Azərbaycanın təşəbbüsü və razılığı nəticəsində gerçəkliyə çevrilən, 2014-cü ildə layihələndirilmə işləri aparılan TANAP-ın təməli 17 mart 2015-ci ildə Türkiyənin Qars vilayətinin Selim rayonunda qoyuldu. Bununla da icrasında iştirak edən- Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya əməkdaşlığı çərçivəsində ərsəyə gələn “Cənub Qaz Dəhlizi” tarixi hadisə kimi neft strategiyasının salnaməsində yazıldı.

Kəmərdən istifadə etmək istəyənlərin sayı isə artmaqdadır. Gələcəkdə üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaş kimi növbəti mərhələdə layihəyə qoşulacaqlar. Çünki Azərbaycanın sadiq qaldığı enerji layihələrinin şaxələndirilməsi prinsipinə uyğun reallaşan “Cənub Qaz Dəhlizi” Avropada Azərbaycan qazına tələbatı ödəyəcək. Təcrübə göstərir ki, zamanın tələbinə uyğun, ehtiyacdan yaranan, ən başlıcası isə Azərbaycanın təşəbbüsü ilə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki qarşılıqlı əməkdaşlığa, etimada əsaslanan belə təşəbbüslərin arxasında düşünülmüş siyasət, güclü iradə və qardaşlıq dayanır. Azərbaycan qazının Avropa qitəsinə böyük həcmdə ötürülməsi haqqında son illər ərzində bir çox müzakirələr aparılmış və bir çox tədbirlər keçirilmişdir. Deyildiyi kimi, icrası həm texniki, həm maliyyə cəhətdən çox mürəkkəb olan TANAP Türkiyə- Azərbaycan dostluğunun əbədilik rəmzi kimi daim dəstəklənmişdir.

Ona görə də TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaratmaqla bu iki qardaş ölkənin regionda möhkəmlənən nüfuzunun da təsdiqidir. “Cənub Qaz Dəhlizi”nin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. Dörd böyük layihədən - 1,2 trilyon kubmetr ehtiyata malik “Şahdəniz-2” qaz yatağının işlənilməsi, Cənubi Qafqaz Kəməri, TANAP və TAP-dan ibarət olan bu kəmər əhəmiyyətini, tərəfdaşlarını artırır, coğrafiyasını genişləndirir.

Bəlli olduğu kimi, dörd layihənin üçü artıq reallaşıb, başa çatıb. TAP- da işlər 72 faiz icra olunub. Yaxın iki il ərzində TAP layihəsinin də tamamlanacağı gözlənilir. Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan “Cənub Qaz Dəhlizi” nəzərdə tutulduğu müddətdə tam gücü ilə işləyəcək . Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılması təmin ediləcək.

Dünya enerji bazarında ən mühüm və təhlükəsiz, səmərəli enerji layihəsi olan, Azərbaycan qazını yeni istiqamətlər üzrə Türkiyəyə və Avropa bazarlarına çıxarılacaq “Cənub Qaz Dəhlizi” qarşılıqlı əməkdaşlığı əks etdirən tarixi hadisə adlandırılır. Eyni zamanda Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatında iştirak etməyə maraqlı olan tərəfdaşların sayı kimi əhatə dairəsi də genişlənir.

“Bir daha demək istəyirəm ki, bu gün tarixi bir gündür. Bu günün mümkünlüyü ancaq və ancaq güclü siyasi iradə nəticəsində olmuşdur. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı olmasaydı, bu layihə kağız üzərində qala bilərdi” söyləyən cənab İlham Əliyev bu işdə yalnız dostluğun, qarşılıqlı etimadın qazandığını bildirir.

Məlum olduğu kimi, “Cənub Qaz Dəhlizi” kəmərinin ən böyük hissəsi, birləşdirici halqa, Türkiyənin ərazisi ilə uzanan TANAP Yunanıstan- Türkiyə sərhədindəki Kipoi ərazisində TAP-a (Transadriatik Qaz Boru Kəməri) birləşdiriləcək. Məhz TANAP layihəsinin razılaşdırılmasından sonra “Cənub Qaz Dəhlizi”, Trans-Adriatik kəməri ilə bağlı nikbin təkliflər səsləndirildi, maraqlar artdı.

Ölkəmizin qitə dövlətləri üçün etibarlı tərəfdaş olması, dünya dövlətlərinin daim maraq göstərdiyi enerji layihələrinin şaxələndirilməsi prinsipinin həmişə diqqətdə saxlanılması ilə bağlı müzakirələrdə bu fikir dəfələrlə səsləndirilir ki, Avropa Azərbaycan qazı üçün mühüm, ən əlverişli mənbədir, eyni zamanda “Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyinə xidmət edəcək önəmli layihədir.

“Cənub Qaz Dəhlizi”nin təşəbbüskarı Azərbaycan kimi layihədə iştirak edən region dövlətləri və Avropa ölkələri böyük fayda görəcəklər. “Şahdəniz-2”, TANAP və TAP Avropanın enerji xəritəsini dəyişdirəcək, Azərbaycanı çox önəmli iqtisadi və enerji tərəfdaşına çevirəcək və ən önəmlisi bundan sonra da dövlətimizin iqtisadi və maliyyə məsələlərinin həlli üçün mühüm amil olaraq qalacaq.

Avropanın enerji təhlükəsizliyinin təminatına diqqət yetirən qitə dövlətlərinin enerjiyə tələbatının ödənilməsi üçün Xəzər bölgəsində hasilat, tranzit baxımından ən əlverişli coğrafi məkanda yerləşən Azərbaycanla əməkdaşlıqda maraqlı olması da təsadüfi deyil. Enerji layihələrinin ölkələrarası münasibətlərdə mühüm vasitə olduğunu zirvə toplantılarında dəfələrlə vurğulayan Prezident İlham Əliyev bildirir ki, qarşılıqlı əməkdaşlığa, maraqlara xidmət edən bütün layihələrə inamla yanaşan Azərbaycan hər zaman etibarlı tərəfdaşlığa sadiqliyini əməli işi ilə doğruldur.

Ötən il Türkiyədə keçirilən Dünya Enerji Konqresində enerji layihələrində ölkəmizlə birgə iştirak edən Türkiyə ilə Gürcüstanın rolunun yüksək qiymətləndirilməsi o deməkdir ki, açıq dənizlə dünya bazarlarına çıxışı olmayan ölkələrdən olan Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası üçün qlobal enerji, nəqliyyat, kommunikasiya layihələrinin əhəmiyyəti birgə əməkdaşlığın məntiqi nəticəsi ilə birbaşa əlaqəlidir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi, son illər çəkilən zəhmətin bəhrəsi olan TANAP da tarixi, kökləri, adət-ənənəsi bir olan iki qardaş dövlətin siyasi iradəsinin nəticəsidir. Türkiyə ilə Azərbaycan bu istiqamətdə də öz liderliyini göstərdi və nəticə göz qabağındadır.

“Cənub Qaz Dəhlizi”nin açılış mərasimində çıxış edən ABŞ Dövlət katibi köməkçisinin enerji məsələləri üzrə müavini xanım Sandra Oudkirkin vurğuladığı kimi, “Cənub Qaz Dəhlizi” birgə çalışmaq, sülh şəraitində inkişaf etmək, Aralıq dənizinin şərq hissəsindən-İraq, Mərkəzi Asiya və Qafqazdan daha böyük həcmdə təbii qazın Avropadakı istehlakçılara çatdırmaq baxımından region ölkələri üçün yaxşı imkandır və o, şaxələndirmə məqsədilə yaradılmışdır. Mərasimdə iştirak edən Birləşmiş Krallığın təmsilçisi Baronessa Emma Nikolun “Layihə Avropa üçün daha etibarlı enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılmış mühüm addımdır” sözləri uğurlu tərəfdaşlığın ifadəsi idi. OPEK-in baş katibi Məhəmməd Barkindin Henri Forddan gətirdiyi “Əgər hamı birlikdə hərəkət edərsə, onda uğur özü sizə gələcək” sitatı “Cənub Qaz Dəhlizi” tərəfdaşlığının əbədiliyini əks etdirir. Belə təşəbbüsləri ilə xalqları birləşdirən, ölkələrarası əlaqələri sülhə, sabitliyə yönləndirən cənab İlham Əliyevin siyasi iradəsini, qətiyyətini xüsusilə qeyd edən qonaqların ümumi rəyini əks etdirən “Sizin dəstəklədiyiniz belə möhtəşəm əməkdaşlıq formatının yaradılmasında hamımız bir dəyər görürük... Bu həm hasilatçıların, həm də istehlakçıların maraqlarına xidmət edir” sözləri müəllifi Azərbaycan olan neft strategiyasına beynəlxalq səviyyədə verilən qiymətdir, göstərilən dəstəkdir.

Xuraman İsmayılqızı, “İki sahil”