29 iyun 2018 14:18
3097

Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir

Lələtəpə və Günnüt qələbələri göstərdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir

Prezident İlham Əliyev: Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad hamımızı qürurlandırdı. Hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4 min nəfərədək şəxsi heyəti iştirak edirdi. Bu qürurverici mərasimdə 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olundu.

Hərbi parad yenilməz Azərbaycan Ordusunun güc və qüdrətinin bütün dünyaya nümayişi  və mesajı idi. Bu bir daha sübut etdi ki, güclü iqtisadiyyata söykənən güclü ordu formulu Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilib. Ölkəmizin iqtisadi inkişaf tempi Silahlı Qüvvələrin müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynayıb. Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir.

Prezident, Ali Baş Komandan İlham Əliyev paradda Milli Ordumuzun son illərdəki uğurları ilə bağlı möhtəşəm nitqi ilə bütün dünyaya, eləcə də işğalçı Ermənistana çox mühüm mesajlar verdi: “Biz çox güclü ordu yaratmışıq. Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər”.

Şübhəsiz, bütün bu uğurlar heç də asanlıqla qazanılmamışdır. Müstəqilliyimizin ilk vaxtlarında, xüsusilə AXC-Müsavat hakimiyyəti  dövründə ölkədəki hərc-mərclik, çəkişmələr, silahlı qarşıdurmalar ordumuza da sirayət etmiş, zabit və əsgərlər müxtəlif siyasi qruplaşmaların təsiri altına düşdüklərindən bir çox problemlər yaranmışdı. Bütün bunlara yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi ilə son qoyuldu. Ümummilli lider Heydər Əliyev ilk gündən ordu quruculuğu məsələlərinə xüsusi diqqət yetirdi. Nizami ordu quruculuğu yolunda ciddi addımlar atıldı. Ulu Öndər əsgərlər arasında ciddi nizam-intizam yaradılması, xalqımızın böyük oğlunun cəbhə bölgələrində, səngərlərdə əsgərlərlə görüşməsi, zabitlərimizlə həmsöhbət olması ordumuzu xeyli ruhlandırmışdı. Ümummilli Liderin qətiyyəti sayəsində vahid komandanlığa tabe olan nizami ordu yaradıldı. Qeyri-qanuni silahlı dəstələr ləğv edildi. Orduda peşəkarlığı artırmaq, ixtisaslı hərbçilər yetişdirmək siyasəti həyata keçirildi. Peşəkar və hazırlıqlı zabitlərin Türkiyə Silahlı Qüvvələrində təhsil almalarına start verildi. Bu da bizim üçün mühüm əhəmiyyət kəsb edirdi.

Ulu Öndərin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Ümummilli lider Heydər Əliyevin bu Fərmanı tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox mühüm addım kimi tariximizə yazıldı. 1998-ci il iyunun 25-də Azərbaycan Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində Ulu Öndər bu barədə demişdir: “Biz 26 iyun gününü bayram elan etmişik. Bu, tam əsaslıdır, məqsədəuyğun, qanunauyğundur. Çünki 80 il bundan öncə məhz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin - ölkəmizin müstəqilliyini elan edən Xalq Cümhuriyyətinin, müstəqil Azərbaycanı qurub-yaradan, hələ Gəncədə fəaliyyət göstərən hökumətin ilk addımlarından biri Azərbaycanın Milli Ordusunun yaranması haqqında verdiyi qərar olmuşdur. Həmin qərara, addıma böyük hörmət əlaməti olaraq biz 26 iyun gününü Azərbaycanın Silahlı Qüvvələri, Ordusu günü elan etmişik”.

1994-cü il mayın 12-də atəşkəs elan ediləndən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.

Ulu öndər Heydər Əliyevin ordu quruculuğu strategiyası bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı bir qayda olaraq bütün çıxışlarında ordu quruculuğu məsələlərinə toxunaraq bildirir ki, hər bir sahədə qazanılan uğurlar dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini və vətənpərvərliyini nümayiş etdirir. Ordumuz tam müasir, yüksək dağıdıcı gücə malik və düşməni dəqiqliklə məhv edə bilən silahlarla təchiz edilib.  Güclü iqtisadiyyata mütənasib güclü ordu formulu ötən 15 ildə Prezident İlham Əliyevin fəaliyyətinin əsas qayələrindən birinə çevrildi. Ali Baş Komandanımızın son illər ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusu kimi bütün dünyaya səs saldı. Bu gün beynəlxalq araşdırma mərkəzləri dünyanın ən güclü ordularının siyahısını tərtib edərkən Azərbaycan Ordusuna da xüsusi diqqət ayırırlar. Bir sıra ölkələrin yer aldığı reytinq siyahısında Azərbaycan Ordusu layiqli yerini tutur.

Dövlət başçısının silahlı qüvvələrdə islahatların davam etdirilməsini, ordu quruculuğunun daha müasir metodlarla həyata keçirilməsini, döyüş hazırlığının ən müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasının prioritet vəzifələr kimi müəyyənləşdirməsi bütün ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanır. Eyni zamanda, ordu məsələlərinə yüksək diqqət Ermənistanla aparılan danışıqların ölkəmiz üçün ədalətli şəkildə yekunlaşmayacağı təqdirdə, işğal altında olan ərazilərin azad edilməsi üçün Azərbaycanın üstünlüyünü təmin edir. Ermənistan hakimyyətində bunu yaxşı anlayır və təlaş keçirirlər.

 Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində   güclü iqtisadiyyata, qüdrətli orduya və hücum diplomatiyasına malik Azərbaycanın qəti mövqeyi belədir ki, ölkəmizin ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməli, işğalçı Ermənistanın hərbi qüvvələri zəbt olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan çıxmalıdırlar. Öz ata-baba yurdlarından məcburi köçkün düşmüş soydaşlarımız isə doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar. Yalnız bundan sonra Dağlıq Qarabağın gələcək statusu barədə danışmaq olar. Azərbaycan hələlik sülh danışıqlarına sadiqdir. Təcavüzkar Ermənistanın qeyri-konstruktivlikdən əl çəkməyəcəyi, işğal olunmuş torpaqlarımızı öz xoşu ilə azad etməyəcəyi təqdirdə Azərbaycan Ordusu öz sözünü deyəcək. Reallıq da ondan ibarətdir ki, Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən gəlməyə hər an hazırdır.

Bəli, bu gün Azərbaycan bayrağının Talış zirvəsində, Lələtəpədə, Naxçıvanın Günnüt, Qızılqaya yüksəkliklərində əzəmətlə dalğalanması, strateji əhəmiyyət daşıyan bu yüksəkliklərin geri qaytarılması bir daha sübut edir ki, Azərbaycan məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz tarixi torpaqlarını tezliklə geri qaytaracaq, respublikamızın ərazi bütövlüyü bərpa olunacaq, üçrəngli bayrağımız Şuşada, Xankəndidə, Laçında və işğal altında olan hər qarış Vətən torpağında vüqarla dalğalanacaq. Bunun üçün Azərbaycanın nəhəng iqtisadiyyatı, qüdrətli ordusu, qətiyyətli lideri, xalq-iqtidar birliyi mövcuddur.

Zahid Rza, “İki sahil”