29 noyabr 2024 23:58
97

Tülkünün dişi qurdun dərisinə batmaz...

Çürümüş Afina köhnə silahlarını Ermənistana sırıyır

Təəssüf ki, dünyaya bir çox alimlər, tarixçilər, fiziklər, riyaziyyatçılar və filosoflar bəxş etmiş Yunanıstanın hazırkı rəhbərləri avantüraya gedərək ulu babalarının adını ləkələmək yolunu tutublar. Özlərini dünyanın qədim sakini sayan Yunanıstan, eləcə də müstəmləkəçi Fransa Türkiyə və Azərbaycana qarşı düşmənçilik mövqeləri səbəbindən hər zaman Ermənistanı dəstəkləyiblər. İndi də yunanlar Rusiya istehsalı olan silahları Ermənistana təqdim etmək istəyirlər. Xatırladaq ki, yunanlar Birinci Qarabağ müharibəsində bir batalyon əsgərlə Ermənistanın işğalçı ordusunun tərkibində Azərbaycana qarşı vuruşmuşlar. Təsadüfi deyil ki, Ağdərə rayonunda yunanlardan ibarət bir kənd var idi. Ağdərə və qonşu Kəlbəcər camaatı bu kəndi “qreklər kəndi” adlandırırdılar. Xristian təəssübkeşliyi erməni-yunan işğalçılarını burada birləşdirmişdi. Həmin yunanlar uşaqlıqdan azərbaycanlılara düşmən kimi tərbiyə olunurdular və bizə qarşı ermənilərdən az yamanlıq etmirdilər. Onlar quldur erməni dığalarına qoşularaq Ağdərə-Kəlbəcər yolunda pusqu qurur, arana-dağa gələn-gedən kəlbəcərliləri döyür, söyür, mallarını əllərindən alıb aparırdılar.

Dediyimiz kimi, münaqişə başlanan gündən indiyə kimi Yunanıstan Ermənistana öz dəstəyini göstərib və indi də göstərir. Bir neçə ay əvvəl Azərbaycan mətbuatına verdiyi açıqlamada Yunanıstanın Azərbaycandakı səfiri Xristos Kapodistrias bildirib ki, ölkəsinin Ermənistanla dostluğu Azərbaycana qarşı yönəlməyib. Buna bax, hərif sanki uşaq başı aldadır, guya həqiqi münasibəti gizlədir. Ancaq sonrakı cümlələrində diplomat öz xislətini gizlədə bilməyib və “xoruzun quyruğu” görünüb: “Sizin də Türkiyə ilə yaxın münasibətləriniz var və təbii ki, bunun Yunanıstana qarşı olmadığını bilirik. Bu münasibətlər beynəlxalq münasibətlərdir və mürəkkəb işdir, mürəkkəb sistemdir. Odur ki, hamımızın fikir mübadiləsi, dialoq aparmağımız çox vacibdir və biz çox şadıq ki, bunu etmək şansımız olub”. Şərhə ehtiyac yoxdur. Yunanlar "mürəkkəb iş" dedikləri bədxah əməllərini davam etdirməkdədirlər.

Yaxın günlərdə Yunanıstanın Ermənistana S-300, Tor-M1 və Osa-AK hava hücumundan müdafiə sistemlərini vermək qərarı faş olub.  Görünür, Yunanıstan da özünü regionda geopolitik maraqları olan dövlətlər kimi aparmağa başlayıb. Yəni, başını başlara qoşmaq arzusuna düşüb. Ancaq unudur ki, hegemonluq iddiasında o, tək deyil. Fransa, Hindistan və İran, həmçinin Avropa İttifaqı və ABŞ-ın regionda maraqları var. Bu dövlətlər Ermənistandan öz maraqları naminə istifadə edərək “geopolitik reallıq” yaratmağa, Azərbaycan və Türkiyəni təzyiq altında saxlamağa, Ermənistan vasitəsilə bir təsir gücü formalaşdırmağa çalışırlar. Bu səbəbdən də Ermənistanı Azərbaycana və Türkiyəyə qarşı silahlandırmağı planlaşdırıblar. Lakin hansı oyunlardan çıxsalar da heç nə əldə edə bilməyiblər, necə deyərlər, əlləri, ətəkləri boş qalıb.

Qeyd etməliyik ki, həmin dövlətlər heç də güclü və müasir silahlarını bir neçə dövlətin vassalı olan Ermənistana vermirlər. Çünki "yiyəsini yıxmış at" rolunda tanıdıqları ermənilərə etibar etmirlər. Ona görə də  köhnə növ silahlar İkinci Qarabağ müharibəsində ermənilər üçün heç bir fayda vermədi.

İkinci Qarabağ müharibəsində ilk olaraq Osa-AK sistemləri sıradan çıxarıldı. Daha sonra “Tor”, “Buk” və "S-300" sistemlərinin məhv edildiyini gördük. Ermənistanın hava hücumundan müdafiə sistemi ciddi şəkildə zədələndi. İndi guya bu itkiləri kompensasiya etmək məqsədi ilə Yunanıstan əlindəki köhnə silahları Ermənistana verir, özü üçün İsrail və Qərb istehsalı olan yeni silahlar almağa çalışır.

Şübhəsiz ki, Yunanıstan və Fransanın Ermənistanı silahlandırması cavabsız qalmayacaq. Azərbaycan bu prosesləri yaxından izləyir və qiymətləndirir. Bu silahların zərərsizləşdirilməsi ilə bağlı böyük təcrübəyə malikdir. Yalnız bu silahlar deyil, Ermənistanın müxtəlif kateqoriyalardakı yeni silahları dövriyyəyə buraxması Azərbaycanda əlavə tədbirlərin görülməsinə səbəb olur. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə müdafiə büdcəsi daha da artırılıb. Bu baxımdan Ermənistanın aldığı yeni silahlara qarşı Azərbaycan mövcud və effektivliyini sübut etmiş silahlarla yanaşı, yeni təşəbbüslər irəli sürə bilər. Dövlətimizin başçısı güclü olmağı, ölkənin müdafiəsini möhkəmləndirməyi bir nömrəli vəzifə elan edib. Bu məqsədlə də dövlətimiz əsasən havadan müdafiə kompleksləri, raketlər, zirehli texnikalar və digər silah-sursatların tədarükünü daim diqqət mərkəzində saxlayır, qurudan müdafiə qurğuları, istehkamlar inşa edir. Otuz ildə iki müharibə təcrübəsi keçmiş komanda-zabit heyəti döyüş əməliyyatlarının hazırlanmasında və yerinə yetirilməsində xüsusi bacarığa malikdirlər. Qısaca desək, Yunanıstanın Ermənistana verdiyi silahlardan qat-qat artıq  güclü potensialımız, qüdrətli hərbi arsenalımız var. Dostlarımızla bərabər kimsədən çəkinəcəyimiz yoxdur. Belə məqamda qədim türklər deyirdilər: “Tülkünün dişi qurdun dərisinə batmaz.”

Vəli İlyasov, "İki sahil"