İngiltərənin paytaxtı Londonda "Turnpike Lane" qatar stansiyasının çıxışında toplaşan PKK terror təşkilatı tərəfdarları daha sonra polisin axtarış apardığı Haringeydə "icma mərkəzi" adı altında istifadə etdikləri dərnəyə doğru yürüş edib.
“İki sahil”in “TRT Haber”ə istinadən verdiyi məlumatına görə, yürüş zamanı Türkiyə və İngiltərə əleyhinə şüarlar səsləndirən terror təşkilatı tərəfdarları dərnək yaxınlığında barrikada qurmaq istəyən polislə toqquşub.
PKK tərəfdarları polis əməkdaşlarına su şüşələri atdıqdan sonra qruplaşma ilə polis arasında qarşıdurma baş verib.
London polisinin məlumatına görə, Terrorla Mübarizə İdarəsinin 27 noyabr çərşənbə günü səhər saatlarında paytaxtın müxtəlif ünvanlarında əməliyyatlar həyata keçirib.
Bildirilib ki, PKK-ya qarşı aparılan istintaq çərçivəsində 2-si qadın olmaqla 7 nəfər saxlanılıb.
Açıqlamada, axtarışların aparıldığı ünvanların ətrafının piyada və nəqliyyat vasitələrinin hərəkətinə bağlandığı, bölgədə polis və patrulların sayının artırılacağı qeyd edilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”