Ermənistandakı Avropa İttifaqının (Aİ) “mülki missiya”sının fəaliyyət müddəti gələn ilin fevral ayının 19-da başa çatacaq. Hazırda onun müddətinin uzadılması istiqamətində aktiv müzakirələr gedir. Missiyanın rəhbəri Markus Ritterin müşaviri Marek Kuberski bununla bağlı sualı cavablandırarkən “Biz artıq Ermənistan hakimiyyəti ilə, Ermənistanın vətəndaş cəmiyyəti təşkilatları ilə məsləhətləşmələr aparmışıq” deməklə yanaşı, qərarın Aİ-nin 27 üzvü tərəfindən qəbul ediləcəyini bildirib. Şübhəsiz, Polşa Prezidenti Andjey Dudanın COP29-da iştirakından sonra Aİ-nin Ermənistandakı missiyası (EUMA) ilə birlikdə Ermənistanın Azərbaycanla sərhəd bölgəsinə səfəri də elə buna hesablanıb.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası(COP29) çərçivəsində Prezident İlham Əliyevlə görüşən Polşa Prezidenti Andjey Duda Bakıda jurnalistlərə açıqlamasında demişdi ki, iki ölkə arasında çox gözəl iqtisadi əlaqələr mövcuddur: “O cümlədən enerji sahəsində əməkdaşlıq əlaqələrimizin ənənəvi hissəsini təşkil edir. İnanıram ki, bu əlaqələr ikitərəfli əməkdaşlığın digər sahələrində də dərinləşəcək”.
Qayıdaq əsas mövzuya. Yəni, Andjey Dudanın Ermənistan səfərinin bəzi detallarına. Bəri başdan qeyd edək ki, onun sərhəd bölgəsinə səfəri Aİ-nin müxtəlif üzv ölkələrinin və Avropa institutlarının anti-Azərbaycan siyasətinin növbəti təzahürüdür. Azərbaycanın "strateji tərəfdaşı" olan ölkənin Prezidentinin Azərbaycan və Polşa arasında münasibətlərin gərginləşməsinə səbəb olan qəbuledilməz diplomatik "binokl” şousunda iştirakı, daha doğrusu, təxribatçı addımı əlbəttə, təəssüf doğurmaya bilməz. Şübhəsiz, bu addım ilə Polşa müşahidə missiyasının müddətinin uzadılmasına öz “töhfə”sini vermək və belə bir missiyanın fəaliyyətinin vacibliyini bir daha vurğulamaq istəyib. Görünür, bu, 2025-ci ilin yanvarından etibarən Avropa İttifaqı Şurasına sədrlik edəcək Polşanın da ürəyincədir.
Yeri gəlmişkən qeyd edək ki, bu yaxınlarda Nikol Paşinyan müsahibələrinin birində sərhədin demarkasiya olunmuş hissəsində müşahidəçilərə ehtiyac olmadığını bildirmişdi. Amma belə görünür ki, onun bu açıqlaması hər vəchlə regionda vəziyyətin gərgin olaraq qalmasında maraqlı olan Makronu yaman qəzəbləndirib. Bununla da o, Paşinyana belə bir mesaj göndərib: “Çəkdiyim cızıqdan kənara çıxırsan ha…” Dudanın bu səfəri də elə Nikol Paşinyanın çəkilən cızıqdan kənara çıxmasının qarşısının alınmasına yönəlib, desək yanılmarıq.
Halbuki, hazırda iki dövlət arasında nizamlama prosesinin sülh dönəmidir. Azərbaycan Ermənistana dəfələrlə bildirib ki, qısa müddətə gələn müşahidəçi missiyasının vaxtının uzadılması proseslərə zərbə vurmaqla yanaşı, bölgədə təhlükəsizliyə təhdiddir. Ona görə Aİ-nin sərhəd missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməyinə əsla ehtiyac yoxdur. Yəni, təsisatın işinə xitam verilməsinin zamanı yetişib. Amma həm Aİ, həm də Ermənistan rəsmiləri hələ də bunu başa düşmək istəmirlər. Dövlətimizin başçısı, həmçinin sonrakı görüşlərində, çıxışlarında da bu məsələni dəfələrlə vurğulayıb. Məsələn, Prezident İlham Əliyev 2024-cü il oktyabrın 14-də Belçika Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən belə bir təsisatın qalmasının Azərbaycan–Aİ münasibətlərində də etimadsızlıq yaratdığını vurğulayıb. Bildirib ki, 2023-cü ildə “Avropa müşahidəçilər missiyasının” müddəti ölkəmizin razılığı olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılıb. “Buna nə ehtiyac var idi?!” deyə ritorik sual səsləndirən dövlətimizin başçısı “binokl diplomatiyası”nın qəbuledilməz olduğunu, normal siyasi mədəniyyət standartlarından uzaq olduğunu bildirib.
Qeyd edək ki, Aİ-nin Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə yaradılmış mülki müşahidə missiyası 2022-ci ilin dekabrından fəaliyyətə başlayıb. Azərbaycan müşahidəçilik institutuna etiraz etməsə də, onun şərti sərhədin öz tərəfində fəaliyyətinə razılıq verməmişdi. Tərkibi alman polislərindən və fransız jandarmeriyasının təmsilçilərindən, bir sözlə, təcrübəli hərbçilərdən ibarət olan bu missiyanın əsas “işi” şərti sərhədin müxtəlif hissələrini gəzib-dolaşmaqdan başqa bir şey deyil. Əllərində də həmişə binokl olur. Elə bu səbəbdən onlar “binokl dipomatiyası” kimi ad çıxarıblar. Həmin missiyanın “fəaliyyət”i də göstərir ki, əsas hədəfi Azərbaycanın hərbi mövqelərini izləmək və Ermənistanın maraqlarına xidmət etməkdir, yəni, casusluqdur. Bir məsələni də vurğulayaq ki, mülki adlansa da, bu reallıqda hərbləşdirilmiş müşahidə missiyasıdır. Bu səbəbdən də “mülki missiya”nın NATO missiyasına çevirmək istiqamətində cəhdlər olunur.
Qvami Məhəbbətoğlu, “İki sahil”