23 noyabr 2024 15:10
129

Unudulmaz Çin səfəri...

Dünyanın qədim yeddi möcüzəsindən birinin məkanı, ən böyük və ən çox əhali sayına və müasir dövrün ən sürətli inkişafına malik dövləti -Çin Xalq Respublikasının dəvəti ilə olduqca əhəmiyyətli və zəngin proqramlı tarixi səfərdə Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində olmağımı YAP-ın ən yüksək etimadı olaraq qiymətləndirir, bunu təşkilatımızın bütün üzvlərinin və bütün bərdəlilərin dövlətə sədaqətinə göstərilən inam olaraq dəyərləndirir və  başda Müzəffər Liderimiz cənab İlham Əliyev olmaqla bütün YAP ailəsinə sonsuz təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Bu tarixi səfər zamanı Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında dostluq, əməkdaşlıq memorandumun imzalanması, dünyanın 100-dən çox ölkəsinin iştirak etdiyi İkinci Qlobal Cənub Beyin Mərkəzləri Dialoqunun "Qlobal Cənub: bərabərlik, açıqlıq, əməkdaşlıq mövzusunda keçirilən açılış mərasimi və plenar iclaslardan sonra Qlobal Cənub Beyin Mərkəzlərinin Alyansının yaradılması haqqında qərarın qəbul olunması səfərin nəticə etibarilə böyük əhəmiyyətə malik ən mühüm tarixi məqamlarıdir. Bu tarixə şahidlik etmək böyük şərəf və məsuliyyətdir.

Ümumilikdə, 9 günlük tarixi səfər çərçivəsində Çin Xalq Respublikasının Pekin, Nantun,  Nankin, Şanxay, Urumçi şəhərlərində mühüm tədbirlər və "Keyuan" intellektual elm və texnologiya şirkəti, Nankin şəhərinin tarixi məkanları, Qədim Çin Dövlət İmtahanları Muzeyi, Konfutsi Məbədi,  "Çyuntyan" elm və texnologiya sərgi salonu, Şanxayda Çin Kommunist Partiyasının Birinci Qurultayı Muzeyi, "Şərqin mirvarisi" teleqülləsi, Qlobal Ticarət limanı, Çyanbayda və Suca çayı sahilində tarixi yerlərə gəzinti və  ziyarət, həmçinin YAP nümayəndə heyətinin şərəfinə verilən ziyafətlər zəngin və olduqca maraqlı proqramın əsas tərkib hissələri idi.

Səfər boyu hər addımda qarşılaşdığımız və qürur duyduğumuz  həm Çin Xalq Respublikasının dövlət rəsmilərinin, həm çin xalqının Azərbaycan nümayəndə heyətinə hörmət və ehtiramı ilk növbədə bizim Müzəffər Liderimiz cənab İlham Əliyevə, onun rəhbərliyi altında sürətli inkişafla irəliləyən dövlətimizə və xalqımıza olan dərin hörmət və ehtiramın əlaməti idi. 

...Tarixi Çin səfəri hər birimiz üçün unudulmaz günlərimizin əsas səhifələrindən biri oldu...

Uğurların və dost ölkələrin çox olsun, əziz Azərbaycan! 
Təşəkkürlər Yeni Azərbaycan Partiyası! Dost ölkələrlə əməkdaşlığın əbədi var olsun əziz, doğma Partiyamız!

Faqət Şadlinskaya,
YAP Bərdə rayon təşkilatının sədri