17 noyabr 2024 20:20
176

NYT: Harris 20 ildə Demokratlar arasında ən pis performans göstərib

ABŞ-ın vitse-prezidenti Kamala Harris noyabrın 5-də keçirilmiş prezident seçkilərində ümumxalq səsverməsini itirən ilk Demokrat namizəd olub.

“İki sahil” xəbər verir ki, bu barədə “The New York Times”ın yazdığına görə, bu, son 20 ildə demokratlar arasında ən pis nəticədir.

Əhəmiyyətli maliyyə üstünlüyünə və 15 həftəlik kampaniyada 1,5 milyard dollar xərcləməsinə baxmayaraq, Harris bütün əsas ştatlarda Donald Trampa uduzub.

Kampaniya zamanı Harris reklamlara, məşhurların tədbirlərinə, konsertlərə və digər promosyonlara həftədə 100 milyon dollara qədər pul xərcləyərək demokratların tənqidinə tuş gəlib. Məsələn, seçkidən əvvəlki son günlərdə Las-Veqasdakı “Sphere” arenasının fasadının reklamına 900 min dollar xərclənib və dron şouları təşkil edilib. Bununla belə, nəşr qeyd edir ki, bu səylər səmərəsiz olub və oktyabr ayından onun komandası televiziya reklamlarına görə hətta Trampa uduzub.

Xatırladaq ki, noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində Tramp Demokratların nümayəndəsi Kamala Harrisi məğlub edib. Bundan əlavə, respublikaçılar ABŞ Senatına nəzarəti ələ keçirə biliblər. Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək.

Məhərrəm Ağalaroğlu, “İki sahil”