14 noyabr 2024 15:44
166

Azərbaycanın siyasi-diplomatik uğuru

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı və 44 gün ərzində Vətən müharibəsində qələbə qazandı. Azərbaycan əsgər və zabitlərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə davamlı şəkildə irəliləyərək doğma torpaqlarını 30 illik düşmən işğalından azad etdilər. Azərbaycan Ordusunun zəfər yürüşü, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, dəmir iradəsi və diplomatik məharəti sayəsində 2020-ci il noyabrın 10-da ordusu məhv edilmiş Ermənistan rüsvayçı kapitulyasiya aktını imzalamağa məcbur oldu.

Azərbaycan 30 il davam edən tarixi ədalətsizliyə 2020-ci ilin 10 noyabr tarixində son qoydu. Həmin tarixdə Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində şərəflə apardığı Vətən müharibəsini tarixi Qələbə ilə başa çatdırdı. 2020-ci ilin noyabr ayının 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya Prezidentləri, eləcə də Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatla münaqişənin hərbi mərhələsi başa çatdı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoyuldu. Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifin puç olduğunu bütün dünyaya göstərdi, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. II Qarabağ savaşının gedişində dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizdə yaşayan bütün millətlərin və dini konfessiyaların nümayəndələri həmrəylik nümayiş etdirərək, Vətən bildikləri torpaq uğrunda cəsarətlə düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər.

Mahiyyət etibarı ilə Ermənistanın kapitulyasiya aktı olan 10 noyabr Bəyanatının imzalanması ilə Azərbaycanın bir çox növbəti siyasi-diplomatik və iqtisadi uğurlarının əsası qoyuldu. İlk növbədə reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşəcək. Bu tarixi hadisəni reallaşdırmaqla Azərbaycan regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması ilə bağlı özünün tarixi missiyasının bir hissəsini icra etmiş olacaq.

Bəyanatın imzalanması ilə Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən işğaldan azad edildi və Azərbaycanda Böyük Qayıdış strategiyası icra olunmağa başlandı. Düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması mərhələsi artıq başlanıb. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Bu gün artıq keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. Azad edilmiş ərazilərdə birbaşa cənab Prezident İlham Əliyevin nəzarətində olmaqla irimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları fəaliyyətə başlayıb və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Paşinyan və Rusiya Federasiyasının Prezidenti Putin birgə imzaladıqları bəyannamədə diqqət çəkən əsas amil

9 bənddəki açıqlamadır “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir”.

İkinci Qarabağ müharibəsinin başa çatmasını rəsmən təsdiqləyən 10 noyabr üçtərəfli Bəyanatın imzalanmasından 4 il ötür. Bu bəyanat Azərbaycanın hərbi-siyasi qələbəsini, Ermənistanın isə kapitulyasiyasını təsdiqlədi. Şuşanın alınması Ermənistanı tamamilə tərksilah etdi, işğalçı ölkənin bütün manevr imkanlarını iflasa uğratdı, İrəvanın dünya ictimaiyyətini aldatmaq taktikası öz mənasını itirdi, düşmən müqavimət göstərməyin mənasız olduğunu anladı və təslim oldu. 

Əlbəttə, bu sənədin imzalanması Azərbaycanın gələcək nəaliyyətlərinin əsasını qoydu. Sənəd, eyni zamanda, postmünaqişə dövründə hərbi gücün yaratdığı diktənin diplomatiyaya keçidinə zəmin yaradan strategiyanın başlanğıcı idi. Azərbaycanın ərazi bütövlüyünün bərpasını rəsmən təsdiqləyən bu bəyanat istər döyüş meydanında, istərsə də danışıqlar masası arxasında rəsmi Bakının mövqelərini daha da gücləndirdi. Ən əsası, sənədin imzalanması nəticəsində böyük ərazilərimiz qansız və itki olmadan azad edildi. 

Bəyanatda digər mühüm məqam ondan ibarət idi ki, “Dağlıq Qarabağ”a hər hansı statusun verilməsindən söhbət getmirdi və Azərbaycanın ərazi bütövlüyü tam təmin edilirdi. Bu, şübhəsiz, Azərbaycanın tam və qeyd-şərtsiz qələbəsinin əyani sübutu oldu. Noyabrın 10-da imzalanmış Bəyanat Prezident İlham Əliyevin qeyd etdiyi kimi sadəcə, atəşkəs barədə razılaşma deyil, bu, atəşkəsdən daha böyük sənəddir, çünki burada gələcəkdə hadisələrin necə inkişaf edəcəyi, necə davam edəcəyi açıq-aydın göstərilir. Bəyanatın kommunikasiyaların açılmasını təmin etdiyini vurğulayan dövlət başçımız əlavə etmişdi ki, sənəd regionda gələcək əməkdaşlığa dair Bəyanat olmaqla yanaşı, Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün bünövrədir.

10 noyabr bəyanatının imzalanması həm də regionda yen reallıqların əsasını qoydu. Nəticədə Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq kədərinə son qoyuldu.

Tarixi bəyanatın müvafiq şərtləri çərçivəsində Ermənistan müharibədə uduzan tərəf kimi öz üzərinə bir çox öhdəliklər götürdü. Ən əsası, 10 noyabr Bəyanatı Ermənistanın özü haqqında yaratdığı mifi darmadağın etdi, iki yüz illik erməni separatizminin kökünü kəsdi.

Bəhriyyə Rüstəmova,
Bakı şəhəri, 221 nömrəli tam orta məktəbin tarix müəllimi