Dünya tarixində baş verən bütün müharibələrin səbəb və nəticəsi, onların ictimai-siyasi, tarixi-fəlsəfi yükü zaman-zaman dünya tarixşünaslığının əsas müzakirə mövzularından biri olmuşdur. Bəli, bu gün bütün dünya İkinci Qarabağ müharibəsini geniş şəkildə müzakirə edir. Çünki bu müharibənin özəyində günahsız, məsum bir millətin vətən həsrəti, torpaq məhəbbəti dayanır.
Tarixin bütün dövrləri xalqımız üçün çox mürəkkəb və ziddiyyətli olmuşdur. Təbii ki, uğurlarımız kifayət qədərdir. Lakin hər bir uğurumuzun arxasında neçə-neçə qəhrəman oğul və qızlarımızın fədakarlığı, qəhrəman şəhidlərimizin dillərdə dastan olan şücaəti durur. Böyük birlik və həmrəylik sayəsində xalqımız 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qalibiyyətlə bəşər tarixində parlaq bir səhifəyə silinməz imza atdı.
"Gülüstan", "Türkmənçay" kimi sağalmayan yaralarımız, torpaq, yurd-yuva itkilərimiz, Qarabağ dərdimiz xalqımızı bir məqsədə, bir amala doğru səsləyirdi. Biz mənfur düşmənin müqəddəs el-obalarımızda dəhşətli cinayətlər törətməsinə göz yuma bilməzdik. Əbədi və əzəli məmləkətimizdə utanmazcasına at oynadanları it kimi qovmaq, onların başını dəmir yumruqla əzmək və beləliklə də tarixin haqq-ədalət mizanını doğru-dürüst şəkildə düzəltmək Azərbaycan xalqının tarix qarşısında verdiyi ən böyük imtahanlardan biri idi. Tarixin bütün imtahanlarından şərəf və ləyaqətlə çıxmağı bacaran Azərbaycan xalqı bu imtahandan da üzüağ, alnıaçıq çıxa bildi. Dünya hərb tarixində əbədi qalacaq 44 günlük Vətən müharibəsi ilə vətənimizin ərazi bütövlüyü bərpa olundu. Biz tarixdə tarix yaratdıq, əfsanə və rəvayətləri həqiqət və reallığa çevirdik.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ata vəsiyyətini yerinə yetirmək arzusu, nəhayət ki, çin oldu. İşğal altında olan torpaqlarımız rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində işğaldan azad olundu. Suveren Azərbaycanın üçrəngli bayrağı bu gün dirçələn Qarabağın mavi səmalarında qürurla dalğalanır. Dünya çiçəklənən, rövnəqlənən Qarabağa tamaşa edir.
27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsi 44 gün davam etdi. Bu qısa tarixin hikməti bütün uzun tarixlərin hikmətindən daha dərin, daha hikmətli oldu. 30 il Azərbaycan xalqının mübarək qədəmlərinə möhtac qalan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Ağdərə, Xocalı, Xocavənd, Xankəndi kimi dilbər guşələrimiz artıq azaddır. Bu azadlığın rəsmi və əyani sübutu isə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdır. Bu tarixi əhəmiyyətli sənədlə Azərbaycan dövləti bir çox vacib məqamlara birdəfəlik aydınlıq gətirdi. Obrazlı desək, bu Bəyanat ermənilərin və onlara havadarlıq edən qüvvələrin belini qırdı. Siyasi və hüquqi cəhətdən mükəmməl bir sənəd olan bu Bəyanatın mahiyyəti haqqında cənab Prezident dəfələrlə öz fikirlərini bildirmiş və qarşıda duran hədəflər barədə ətraflı məlumat vermişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın bütün müddəaları Azərbaycan xalqının milli maraqları, arzu və istəyi ilə üst-üstə düşür. Bu isə qurucusu Ulu Öndər Heydər Əliyev olan müstəqil Azərbaycan dövlətinin apardığı düzgün və hərtərəfli siyasətin gözəl nəticəsidir.
Şükran Mustafayev,
Bakı şəhəri, 254 nömrəli tam orta məktəbin direktor müavini