15 noyabr 2024 12:57
157

Azərbaycanda tolerantlıq yüksək səviyyədədir

“Mədəniyyətlərarası forumun Azərbaycanda keçirilməsi böyük əhəmiyyət kəsb edir. Mən çox şadam ki, bizim qonaqlarımız dəvətimizi qəbul edib Azərbaycana gəlmişlər və hesab edirəm ki, bu gün, sabah çox səmimi, açıq şəkildə geniş fikir mübadiləsi aparılacaqdır. Ümid edirəm ki, forumun nəticələri çox müsbət olacaq və mədəniyyətlərarası dialoqun inkişafı üçün yeni imkanlar yaranacaqdır.”-deyə  Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında vurğuladı.

 “Bakı prosesi”nin təməli Azərbaycanda qoyulmuşdur. 2008-ci ildə Avropa Şurasına üzv olan ölkələrin mədəniyyət nazirlərinin toplantısında Azərbaycan tərəfindən İslam ölkələrinin nümayəndələri dəvət olunmuş və birgə keçirilmiş tədbirdə çox səmimi və açıq fikir mübadiləsi aparılmışdır. O tədbirin sonunda “Bakı bəyannaməsi” qəbul edilmişdir. İlk dəfə olaraq, bu formatda beynəlxalq tədbir keçirilmişdir. 2009-cu ildə isə İslam Konfransı Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilmiş toplantısında Avropa ölkələrinin nümayəndələri dəvət olunmuş və bir daha bu formatda görüş keçirilmişdir. Keçən il - 2010-cu ildə Bakıda dünya dinləri liderlərinin zirvə görüşü keçirilmişdir. Həmin zirvə görüşünün çox böyük əhəmiyyəti olmuşdur.

2011-ci ildə Mədəniyyətlərarası Dialoq Forumu Bakıda keçirildi. Həmin ilin payızında Azərbaycanda birinci beynəlxalq humanitar forumu baş tutdu. Yəni bütün bu tədbirlər onu göstərir ki, güclü iradə olan yerdə mədəniyyətlərarası dialoqun məzmunu da dolğun olur və bu görüşlər bütün xalqları bir-birinə daha da yaxınlaşdırır və daha da birləşdirir. Azərbaycan dövlətinin niyyəti bundan ibarətdir.

Bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx təmasda olsunlar, bütün problemləri açıq şəkildə müzakirə etsinlər, öz fikirlərini bildirsinlər. Bakı, Azərbaycan belə mötəbər tədbirlərin keçirilməsi üçün artıq ənənəvi bir məkana çevrilmişdir. Bunun həm coğrafi, həm tarixi, həm də mədəni əsasları vardır. Çünki əsrlər boyu Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşamışlar. İctimai-siyasi quruluşdan asılı olmayaraq, heç vaxt Azərbaycanda milli, ya dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmamışdır. Bütün dövrlərdə Azərbaycanda xalqlar bir ailə kimi yaşamışlar, onları həmişə dostluq münasibətləri bağlamışdır. Biz çox şadıq ki, indi, Azərbaycanın müstəqil ölkə kimi inkişaf etdiyi dövrdə bu müsbət meyillər daha da güclənir.

Azərbaycanda bütün xalqların nümayəndələri bərabərhüquqlu vətəndaşlardır, bütün tarixi və dini abidələr qorunur. Azərbaycanda din azadlığı, vicdan azadlığı tam şəkildə bərqərar olunubdur. Müstəqillik dövründə dövlət tərəfindən yüzlərlə dini abidə – məscidlər, kilsələr, sinaqoqlar tikilib və təmir edilmişdir və bu proses indi də davam edir.

Yəni Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması artıq faktdır və bu, bizim güc mənbəyimizdir. Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir. Əminik ki, dini və milli amildən asılı olmayaraq, istənilən cəmiyyətdə normal münasibətlər qurmaq mümkündür. Əlbəttə, bunun üçün ənənələr lazımdır, eyni zamanda, dövlət siyasəti də lazımi səviyyədə aparılmalıdır. Azərbaycanda hər iki amil mövcuddur. Həm tarixi keçmişimiz bugünkü şəraiti bizim üçün yaradır, həm də bu sahədə dövlət siyasətimiz birmənalıdır. Bir daha demək istəyirəm ki, bizim gücümüz birliyimizdədir. Milli və dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan hər bir kəs bizim dəyərli vətəndaşımızdır. Azərbaycanda milli və dini dözümlülük məsələləri bundan sonra da uğurla öz həllini tapacaq, Azərbaycan vətəndaşları bundan sonra da bir ailə kimi yaşayacaqlar.

Aydan Nəsibova,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2”  ünvanı üzrə ərazi partiya təşkilatının üzvü