15 noyabr 2024 11:02
238

Azərbaycanın kiçik ada dövlətlərinə dəstəyi

Noyabrın 13-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını 29-cu sessiyası (COP29)  çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

Dövlət başçısı çıxışına Azərbaycanın son illərdə inkişaf edən kiçik ada dövlətləri ilə münasibətləri yeni bir mərhələyə daşımasından bəhs edərək başlayıb. COP29-a ev sahibliyi edən Azərbaycan, qlobal iqlim mübarizəsində öz yerini möhkəmləndirmək və kiçik ada dövlətlərinə dəstəyini genişləndirmək üçün mühüm addımlar atır.

Kiçik ada dövlətləri, iqlim dəyişikliyinin ən ciddi təsirlərinə məruz qalan ərazilərdəndir. Bu ölkələr qlobal istiləşmənin nəticəsi olaraq su səviyyələrinin artması, quraqlıq və ekstremal hava şəraiti kimi ekzistensial təhlükələrlə üzləşir. Cənab Prezident çıxışında inkişaf etmiş bütün ölkələrə,o cümlədən  müstəmləkə keçmişi olanlara müraciət edərək, kiçik ada dövlətlərinin qlobal səhnədə səsinin eşidilməsinin və onlara maddi və texniki dəstək göstərilməsinin əhəmiyyətini vurğuladı.

Dövlət başçısı çıxışında Azərbaycan tərəfindən kiçik ada dövlətlərinə edilən yardım proqramlarından da bəhs etdi. Azərbaycan iqlim dəyişiklərinin təsirinə məruz qalan kiçik ada dövlətlərinə bir çox layihə və proqramlarla dəstəyini nümayiş etdirib. Dövlətimiz bir sıra kiçik ada  ölkələrinə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq məqsədilə yardım göstərmiş, su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişdir. Bu təşəbbüslərə əlavə olaraq, ondan çox kiçik ada dövlətindən olan  vətəndaşlar Azərbaycanın universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramlarından yararlanmışdır. Azərbaycan Qoşulmama Hərəkatında sədr olduğu dövrdə 80-dən çox ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib. Ölkəmizin  bu səyləri, həm beynəlxalq səviyyədə həm də regional arenada nüfuzumuzun artmasına və iqlim dəyişikliyinə qarşı mübarizədə mühüm tərəfdaş kimi tanınmağımıza kömək edib.

Dövlət başçısı çıxışında COP29 çərçivəsində görülən işlər və Baham Adaları, Tonqa və Tuvalu ilə əməkdaşlıqdan da bəhs etdi. Bu ilin mayında COP29 ilə bağlı planları müzakirə etmək üçün Baham adaları, Tonqa və Tuvalu rəhbərləri Azərbaycana səfər etdi. Bu zaman Bakı Kommünikesində, COP29-un konkret nəticələr əldə etməsi üçün çağırış edildi, əlçatan iqlim maliyyəsinin əhəmiyyəti vurğulandı.  

Cənab Prezidentin çıxışında vurğuladığı məsələlərdən biri də, kiçik ada dövlətlərində ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün “Azərkosmos” peyk məlumatlarından istifadə etmək məqsədilə Azərbaycanın Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalaması oldu. Bununla yanaşı, Azərbaycan bu ölkələrdəki birgə layihələri dəstəkləmək üçün 10 milyon ABŞ dolları vəsait ayırmışdır və bununla da, ətraf mühitin qorunmasına daha bir töfhə vermişdir.

Prezient İlham Əliyev çıxışı çərçivəsində  Karib və Sakit Okean regionundakı dəniz ərazilərinin çətinliklərindən də bəhs etdi. Karib və Sakit okean regionlarında yerləşən bəzi dırnaqarası dəniz əraziləri iqlim dəyişikliyinin ciddi təsirlərinə məruz qalıb. Fransanın və Niderlandın bu ərazilərdəki müstəmləkələri, su səviyyəsinin artması, ekstremal hava şəraiti və biomüxtəlifliyin pozulması kimi təhlükələrlə üzləşir. Bəzi hallarda bu icmaların səsi onların metropoliya dövlətləri tərəfindən susdurulur, bu da onların öz müstəqilliklərini və hüquqlarını qorumaq yolunda maneələrlə üzləşməsinə səbəb olur.

Dövlət başçısının çıxışında yer verdiyi məsələlərdən biri də Fransa Polineziyasında və Yeni Kaledoniyada dekolonizasiya problemləri oldu.  Baxmayaraq ki, Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdən bəri BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınıb, bu ərazilərin dekolonizasiya prosesi hələ də tamamlanmayıb.  1966-1996-cı illərdə Fransa Polineziyasında Fransanın 193 nüvə sınağı keçirməsi, burada ciddi radiasiya və torpaq zəhərlənməsinə səbəb olub. Fransanın Əlcəzairdə də həyata keçirdiyi 17 nüvə sınağı nəticəsində regionların ekosistemində ciddi pozulmalar yaranması ilə yanaşı , yerli əhali də bu fəsadların uzun müddət təsirinə məruz qalmışdır.

Avropa Komissiyası, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası Fransa müstəmləkələrində baş verən insan hüquqları pozuntularına göz yummuşdur. Dövlət başçımız, Avropanın kiçik ada dövlətlərinə və digər müstəmləkə ərazilərinə qarşı ədalətli bir yanaşma göstərməsinin  və bu ölkələrin öz müqəddəratını təyin etmə hüququna hörmətlə yanaşmasınının zəruriliyini vurğuladı.

Cənab Prezident çıxışının sonunda Azərbaycanın kiçik ada dövlətlərinin qlobal səhnədə səsini yüksəltməyə davam edəcəyini vurğuladı. Azərbaycan, Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib və COP29-a ev sahibliyi edən ölkə kimi bu dövlətlərin qlobal səhnədə daha çox səs qazanaraq iqlim dəyişikliyinə qarşı mübarizədə güclü dəstək alması yolunda mübarizəsini davam etdirəcək.

Prezident İlham Əliyevin COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışı, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə qlobal lider kimi mövqeyini gücləndirmək və xüsusilə həssas və zəif ölkələrə dəstək göstərmək əzmini bir daha nümayiş etdirdi.

Cənab Prezident çıxışında kiçik ada dövlətlərinin ekzistensial təhlükələrlə üzləşdiyi bir dövrdə qlobal həmrəylik və məsuliyyət çağırışı edərək, onların qlobal arenada səsinin daha yaxşı eşidilməsinin vacibliyini vurğuladı. O, Azərbaycanın bu ölkələrə texniki, maliyyə və təhsil sahələrində verdiyi dəstəyin davam edəcəyini və qlobal miqyasda dayanıqlı gələcək naminə yeni əməkdaşlıq yollarının axtarılacağını bəyan etdi.    

Beləliklə, Prezident İlham Əliyevin çıxışı, Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı qlobal əməkdaşlığa sadiqliyini və bu istiqamətdə verdiyi töhfələri bir daha təsdiqlədi. Bu, Azərbaycanın təkcə iqlim dəyişikliyinə qarşı mübarizədə deyil, həm də ədalətli bir dünya qurulmasında fəal iştirak etdiyini və qlobal liderlik rolu oynadığını göstərir. Bu addımlar, Azərbaycanın daha yaşıl və dayanıqlı bir dünya qurmağı hədəfləyən qlobal icmanın ayrılmaz bir hissəsi olduğunu təsdiqləyir.

Ziyafət Əsgərov,
Azərbaycan Respublikası  Milli Məclisinin Sədr müavini