14 noyabr 2024 11:00
218

Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir və strateji sahələrdə dərinləşir

Siyasi analitiklərin də proqnozlaşdırdığı kimi, XXI əsrdə dünyanın siyasi düzəni yenidən formalaşacaq. Tarixi ədalətin bərpası, yeni güc mərkəzlərinin meydana çıxması qaçılmaz prosesdir. Türkdilli ölkələri birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər bu ölkələrin qarşılıqlı səmərəli əməkdaşlığını şərtləndirən əsas amillərdir. Bu dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Əvvəllər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adı altında fəaliyyət göstərən  Türk Dövlətləri Təşkilatı yarandığı gündən Azərbaycan bu təsisatın türk coğrafiyasında inteqrasiya proseslərinin önünə çıxması üçün səmərəli addımlar atıb, türk dövlətləri arasında bütün istiqamətlərdə ortaq fəaliyyətin gücləndirilməsi ilə bağlı əhəmiyyətli təkliflər və təşəbbüslərlə çıxış edib.  

Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 11-ci Zirvə Görüşündə Prezident İlham Əliyev bu əməkdaşlığın uğurlarını xüsusi vurğulayıb. Prezident seçilmiş cənab İlham Əliyev andiçmə mərasimindəki çıxışı zamanı “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur”, - deyə bəyan edib:  Bu, Azərbaycanın xarici siyasi vektorlarını göstərən çox aydın çıxış idi. Türk dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir. Son iki ildə Qırğız Respublikasına üçüncü dəfə səfər edən cənab İlham Əliyevin xarici siyasətində türkdilli dövlətlərlə əməkdaşlığın genişləndirilməsi prioritet məsələlərdən biridir. Qarşılıqlı səfərlər Türk Dövlətləri Təşkilatının (TDT) gücünü daha da artırır. Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Cari ilin iyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verdi. Təşkilat getdikcə güclənərək proseslərə təsir imkanlarını artırır.  Dövlət başçısının da qeyd etdiyi kimi, iqtisadi, ticari və nəqliyyat əlaqələrinin genişlənməsi, xüsusilə Şərq-Qərb Orta Dəhlizinin potensialının artırılması əməkdaşlığın əsas istiqamətlərindən biridir. Bu dəhliz Mərkəzi Asiya ölkələrini Azərbaycan və Türkiyə üzərindən Avropa ilə birləşdirərək, regionda ticarət və logistik imkanları gücləndirir.       Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlərlə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək. Hərbi və təhlükəsizlik sahəsində də tərəfdaşlıq dərinləşir. Bu əməkdaşlıq, regiondakı sabitlik və təhlükəsizliyin təmin edilməsi baxımından önəmli rol oynayır. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər Türk dövlətləri birgə hərbi təlimlər keçirir, silahlı qüvvələrini mütəmadi olaraq inkişaf etdirirlər. Azərbaycanın TDT-yə maliyyə dəstəyi verməsi təşkilatın büdcəsinin qarşıya qoyulan hədəflərə çatmasına imkan yaradacaqdır: Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi göstərməsi təşkilatın potensialını daha da gücləndirəcək. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlıq türk dövlətlərini real güc mərkəzinə çevirir. Hazırda dünyada artan təhlükələri nəzərə alaraq bu sahələrdə əməkdaşlıq böyük əhəmiyyət daşıyır. “Davamlı gələcək naminə birliyin qəbul edilməsi" devizini ehtiva edən Bişkek bəyannaməsi, TDT-nin daimi nümayəndələri haqqında əsasnamə məhz getdikcə daha sıx birləşməkdə, genişlənməkdə və güclənməkdə olan türk dünyasının həmrəyliyinin yeni bariz ifadəsidir.

Türk Dünyası Xartiyasının və qurumun yeni bayrağının qəbul edilməsi haqqında tarixi qərarlar isə türk xalqlarını birləşdirən ortaq tarixi və mədəni dəyərlərin tanınmasına,  çoxtərəfli əməkdaşlığın, qarşılıqlı tərəqqinin və birliyin gücləndirilməsinə mühüm töhfədir.   Türk Dövlətlərinin silahlı qüvvələri arasında ortaq hərbi təlimlər keçirilməsi, hərbi təhsil müəssisələrində kadrların hazırlanması qarşılıqlı etimadın göstəricisidir. Bundan əlavə, mədəniyyət, təhsil və iqlim dəyişiklikləri sahələrində də birgə layihələr icra olunur. Türk Dövlətləri arasında əlaqələr təkcə tarixi və mədəni bağlarla məhdudlaşmır, həm də müasir dövrün tələblərinə uyğun yeni sahələrdə möhkəmlənir. Bu, həm regional sabitliyə, həm də qlobal səviyyədə türk dünyasının nüfuzunun artmasına töhfə verir.

Azərbaycan Prezidenti diqqəti azad edilmiş ərazilərdəki bərpa işlərinə və Böyük Qayıdış Proqramına çəkərək, bu prosesdə türk dövlətlərinin dəstəyini yüksək qiymətləndirib. Bundan əlavə, dövlətimizin başçısı iqlim dəyişikliyi məsələlərinə toxunaraq, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 iqlim konfransının əhəmiyyətini qeyd edib. Bu tədbir beynəlxalq ictimaiyyətin Azərbaycanın qlobal məsələlərdəki rolunu tanımasının göstəricisi kimi vurğulanıb.  Ötən ilin dekabrında 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləyib. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin COP29 konfransının işində fəal iştirak edəcəklərinə əminliyini bildirib.

Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri