14 noyabr 2024 10:30
196

Məkr və təkəbbür sonda iradə ilə ədalətin qarşısında aciz qalır

Azərbaycan ötən ilin dekabrında 200-ə qədər ölkənin yekdil qərarı ilə  COP29 kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibi seçildikdən sonra, məlum siyasi dairələr tərəfindən ölkəmizə qarşı növbəti, daha iyrənc qarayaxma kampaniyasına start verildi. Qərbdə Napaleonluq iddiasına düşən bəzi siyasətçilər öz şəxsi uğursuzluğunu və bundan qaynaqlanan siyasi natamamlıq sindromunu hansısa ölçüdə kompensasiya etmək üçün əlinin altında olan ictimai təsir mexanizmlərini, ilk növbədə, media resurslarını və ayrı-ayrı QHT-ləri səfərbər etdilər. Ölkəmiz haqqında yanlış fikir yaratmaq, dünya ictimaiyyətini bu yalanlara inandırmaq üçün həmin dairələr daha uzağa gedərək, iftira və uydurmalarını demokratiya və insan haqları kimi bəşəri dəyərlərlə pərdələməyə çalışdılar. Amma unutdular ki, cəmiyyətimiz bu cür haqsız və riyakar hücumların əsl səbəbini artıq yaxşı bilir. Prezident İlham Əliyev COP29-dan üç gün əvvəl-Zəfər Günündə xalqımıza ünvanladığı müraciətində bəzi dairələrin anti-Azərbaycan mövqeyinin səbəblərinə tam dolğunluğu ilə aydınlıq gətirdi:

“Çünki 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir. Onu bizə bağışlaya bilmirlər. Ona görə Qərbdə Azərbaycana qarşı geniş, çirkin kampaniya aparılır. Ölkəmizi gözdən salmaq, olmazın iftiralarını uydurmaq, öz əlinin altındakı saxta xəbər mənbəyi olan media resurslarından, qeyri-hökumət təşkilatlarından istifadə edərək Azərbaycanı qaralamaq, şantaj etmək, ləkələmək, təhqir etmək, bax, o özünü alçaldılmış sayan Qərb dövlətlərinin və uğursuz Qərb liderlərinin məqsədidir və onların çirkin üsuludur”.

Eyni dairələr istər işğal dövründə, istərsə də tarixi Zəfərimizdən ötən dörd il ərzində, xüsusilə antiterror əməliyyatından sonra  ölkəmizə qarşı o qədər ədalətsizliyə yol veriblər ki, Azərbaycan cəmiyyəti artıq heç nəyə təəccüblənmir. Əgər demokratiyadan və insan haqlarından dəm vuranlar haqq-ədaləti və beynəlxalq hüququ da unudaraq, Qarabağdakı keçmiş separatçı rejim təmsilçilərini “siyasi məhbus” adlandırırsa və onlara azadlıq tələb edirsə, daha nəyə təəccüblənməliyik ki? Bu, həmin dairələrdir ki, azərbaycanlı ekoaktivistlərin təbii resurslarımızın qanunsuz istismarına və ətraf mühitin çirklənməsinə etiraz olaraq keçirdikləri dinc aksiyanı riyakarcasına qanunsuz və  yolverilməz hesab edirdilər. Eyni dairələr 2023-cü ilin aprelində Laçın yolunda sərhəd-keçid məntəqəmiz qurulduqdan sonra utanmadan bunu da qeyri-legitim addım,  hətta təxribat kimi dəyərləndirirdilər. Üstəlik, bu dairələr tələb edirdilər ki, Azərbaycan üzərinə “Spayka” (oxu: birləşmək) sözünün  yazıldığı TIR-ların məhz Ermənistan ərazisindən Laçın yoluna keçidini təmin etsin. Rəsmilərimiz ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmət göstərilməsini tələb edərək təklif edəndə ki, yüklər Ağdam ərazisindən daşınsın, bu da hay-küy və etirazla qarşılanırdı. Amma etiraz edənlər antiterror əməliyyatından sonra Xankəndinin anbarlarında aşkarlanan, üst-üstə qalaqlanmış yüz tonlarla un çuvallarını və ərzaq məhsullarını görməzdən gəldilər. Halbuki, bu məhsullar anbarlarda gizlədilmək əvəzinə, separatçı rejim tərəfindən mülki əhaliyə çatdırılmalı idi. Amma həmin gerçəkliyin etirafı anti-Azərbaycan dairələrin işinə yaramırdı, çünki onların “humanitar fəlakətlə” bağlı hay-küyünü ifşa edirdi. Ayrı-seçkiliyi təşviq edən ikili standartlar siyasəti artıq o qədər üzdədir ki, Ukraynanın separatçı rejimlərə qarşı apardığı genişmiqyaslı hərbi əməliyyatlarını, hətta separatçıların istənilən ölkə ərazisində fiziki cəhətdən zərərsizləşdirilməsini  müdafiə və təşviq edən məlum dairələr Azərbaycanın bir neçə saatlıq lokal xarakterli antiterror əməliyyatının qanuniliyini hələ də şübhə altına alır, “etnik təmizləmə” iftirası ilə dünya ictimaiyyətini çaşdırmağa çalışırlar. Xalqımız bütün bunları, açıq-aşkar ayrı-seçkilik siyasətini gördükdən sonra onların “xoşməramlı” niyyətinə və sülh çağırışlarındakı səmimiyyətinə necə inana bilər? Necə inana bilər ki, eyni dairələr 30 il boyunca işğaldan əziyyət çəkmiş, şəhər və kəndləri viran günə qoyulmuş Azərbaycana kömək etmək əvəzinə, indinin özündə də işğalçı Ermənistana irimiqyaslı maliyyə dəstəyi göstərir və onu hücum silahları ilə silahlandırır?!

Ən acınacaqlısı odur ki, bir vaxtlar “Prezident İlham Əliyevin rəhbərliyi dövründə torpaqlarımızın bir qarışı da işğaldan azad olunmayacaq” deyə-deyə özünə əl qatan radikal müxalifət və onun xaricdəki internet resursları Dövlətimizə qarşı qarayaxma kampaniyasının önündə gedirlər. Siyasi əqidəsindən və milli mənsubiyyətindən asılı olmayaraq, əgər hər hansı bir soydaşımız və ya həmvətənimiz ölkəmiz əleyhinə çirkin dezinformasiya kampaniyasına qoşulursa, üstəlik, iddia edirsə ki, guya Azərbaycan bugün-sabah Ermənistana hücum çəkəcək, belələrinin milli  və vətəndaşlıq mənsubiyyəti ilə bağlı ləyaqət anlayışına,  el-oba sevgisinə, Vətən təəssübkeşliyinə kim və necə inana bilər?

Noyabrın 12-də COP29-un sessiyası çərçivəsində Yaşıl Zonada “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda keçirilən konfransda birinci xanım Mehriban Əliyeva BMT-nin nüfuzlu platformasının verdiyi imkanlardan istifadə edərək, Azərbaycana qarşı haqsızlıq  edən dairələri ədalətə dəvət etdi:

“Bununla belə, bəzi hallarda dəstək vermək və konstruktiv dialoq aparmaq əvəzinə, biz çoxsaylı Qərb mətbuatında böhtan  və qarayaxma kampaniyalarının hədəfinə çevrilmişik . Məlumdur ki, həmin media əvvəlcədən cızılmış ssenariyə uyğun getməyən və ya qoyulmuş qaydalarla oynamayan, müstəqil siyasət yürüdən və öz milli maraqlarını qoruyan ölkələri gözdən salmaq üçün alətə çevrilib. Müəyyən ölkələrin təsiri altında olan bəzi iri media platformaları əmr ilə Azərbaycan haqqında mənfi hekayətləri yaymağa başlayırlar... Nailiyyətlərimiz və işimiz bəzi dövlətlərin geosiyasi maraqları uğrunda səhv təsvirə deyil, hörmətə layiqdir... Azərbaycan manipulyasiya və təzyiq deyil, səmərəli fəaliyyət, real həll variantları və ədalətli əməkdaşlığı arzulayan ölkədir”.

Beynəlxalq hüququ və ədalət hissini unudaraq, tarixi Zəfərimizə hələ də kölgə salmağa çalışan və bu səbəbdən Azərbaycanı qərəzli şəkildə hədəf seçən dairələrin siyasi riyakarlığı son bir ildə o dərəcədə eybəcərləşib ki, onlar iqlim dəyişikliyi kimi qlobal təhlükə ilə mübarizəyə  və müqavimət imkanlarına həsr olunmuş mötəbər beynəlxalq platformadan belə, öz geosiyasi və konyuktur maraqları naminə istifadə etməyə çalışır, bu platformanın bərabərhüquqlu əməkdaşlıq və həmrəylik ruhuna kölgə salırlar. Nəticədə isə nikbin gözləntilərlə yanaşı, ədalətə və ümumbəşəri dəyərlərin aliliyinə bəslənilən ictimai inama sarsıdıcı zərbələr vurulur. Amma nə yaxşı ki, məkr və təkəbbür, yalan və iftira sonda iradə, əzm və ədalət qarşısında aciz qalır. Prezident İlham Əliyev bütün bunları nəzərə alaraq, noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimində həmin məkrli dairələrə həqiqətə söykənən bu tutarlı cavabı verdi:

“Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!”

Ülvi Quliyev,

Milli Məclisin deputatı