19 sentyabr 2024 23:03
303

Siyasi lakey, psevdodemokrat Cəmil Həsənli bir neçə cümlədə...

Dünən özünü “demokratik qüvvələrin “Milli Şurası” adlandıran amorf qurumun rəhbəri Cəmil Həsənli sosial şəbəkə seqmentlərində AXCP sədri Əli Kərimli ilə bağlı absurd fikirlərlə dolu, məzmunsuz, cansığıcı bir dastan bağlayıb. AXCP sədrini təmtəraqlı, bəlağətli sözlərlə, özünəməxsus “janrda”, necə deyərlər, “göylərə qaldırıb”. Ən iyrənci də odur ki, C.Həsənlinin bu “dastanı” hökumətə qarşı iftira, böhtan və əsassız iddialarlas doludur.

Özünü cəmiyyətdən təcrid edərək marginallşmış , başıpozuq dəstənin “başbiləni” olan Ə.Kərimlini hələlik bir balaca kənara qoyaq. Gələk onun “əqidədaşı” Cəmil Həsənli məsələsinə.  1992-ci ildə çevriliş yolu ilə ölkənin idarəçiliyini zəbt edən, Müsavat Partiyasının indiki başqanı Arif Hacılının o vaxt dediyi kimi, 9 dövlətin razılığı ilə iqtdira gətirilən həşəmətli “bəylər”in hakimiyyəti zamanı yüksək dövlət postu tutan C.Həsənli  “bəlkə də qaytardılar” xülyası ilə yaşayaraq radikal müxalifətin ön cərgələrində səngərlənərək zaman-zaman ölkəmizin əleyhinə ləbbeyk deyib.

Bu qocaman siyasətbaz bu gün də anti-Azərbaycan dairələrə, qərəzli beynəlxalq təşkilatlara yalan və böhtan dolu donoslar ötürərək ölkəmizin beynəlxalq imicinə ləkə yaxmaq, əsassız iddiaları ilə cəmiyyətdə süni ajiotaj yaratmaq üçün, necə deyərlər, dil qəfəsə qoymur.

Gündə bir cildə girən, “demokrat” maskası taxaraq saxta müxalifətçiliklə məşğul olan, konstruktivlikdən uzaq, dağıdıcı, inkarçı, pozucu mövqedə dayanaraq siyasi mübarizədə ən iyrənc vasitələrdən istifadə edən edən bu antimilli ünsür daim korportaiv maraqları naminə zaman-zaman bütün mənəvi dəyərləri, obrazlı desək, tapdalayıb keçib.

Gəlin bir qədər geriyə qayıdaq. Mahir siyasi kələkbaz C.Həsənli bir neçə il bundan əvvəl Azərbaycan Milli Məslisinə deputat seçilmək üçün  ən çirkin vasitələrə əl atmışdı. Bir mandat üçün o, “əqidəsinə” xəyanət edərək AXCP-dən istefa vermişdi.

Daim xaricdəki ermənipərəst dairələrin dirijor çubuğu ilə hərəkət edən, ölkəmizə qarşı qərəzli mövqeyi ilə tanınan mərkəzlərin “arxa bağçalarında” sövdələşmələrə girərək çirkli pullarla bəslənən C.Həsənli külli miqdarda pul qarşılığında korrupsioner əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş məmurları müdafiə etməkdən belə çəkinməmişdir. Qocaman vətənşüvənin bir neçə il bundan əvvəl  dövlət sərvətlərini özünün dədə malı kimi həzm-rabedən keçirən, korrupsioner əməllərinə görə həbs edilən Azərbaycan Beynəlxalq Bankının sədri Canahgir Hacıyevin, eləcə də eyni motivlərlə məhkum edilən keçmiş iqtisadiyyat naziri Fərhad Əliyevin müdafiəsinə qalxdığını heç kim unutnmayıb.

Təbii ki, siyasi fırıldaqçılıq ustası C.Həsənli ilə bağlı bu kimi nümunələrin sayını artırmaq da olar. Həqiqət budur ki, “Milli Şura”nın rəhbəri istər ölkəmizin milli mənafelərini, istərsə də bütün müqəddəs dəyərləri özünün korporativ maraqları naminə  qurban verməyə hazır olduğunu dəfələrlə sübut edib.  Bu zat üçün milli maraqlar, mənəvi-əxlaqi dəyərlər yox, öz şəxsi mənafe və ambisiyası əsasdır.

Bütün bunlar inkarolunmaz həqiqətlərdir. Biz də uzun illərdən bəri Azərbaycanın bədxahlarına lakeylik edən bu  psevdodemokratın “siyasi fəaliyyəti”i, təmizlənməsi mümkün olmayan ləklərlə dolu siyasi bioqrafiyası ilə bağlı gerçəklikləri indilikdə bir neçə cümlədə ifadə etməyə çalışdıq...

Zahid Rza, “İki sahil”