Peşə təhsili səviyyəsi əmək bazarına gedən ən kəsə, qısa yol sayılır. 6 aya, 1 ilə hər hansı yeni peşə ilə bağlı ilkin bilik və bacarıqlara sahib olub, həmin peşə üzrə əmək bazarına daxil olmaq mümkündür. Əlbəttə ki, bu təhsil səviyyəsini seçənlər üçün daha qısamüddətli təlimlərlə müəyyən bacarıqlar əldə etmək imkanı var. Peşə təhsil səviyyəsində tədrisin əsas hissəsinin təcrübədən ibarət olması, tələbələrə pedoqoqlarla yanaşı, peşəkar mütəxəssislərin bələdçilik etməsi və istehsalat təcrübəsinin işəgötürən müəssisələrdə təşkili, qısa müddətdə iş tapmaq imkanı da təhsilalanların peşə təhsilinə üstünlük verməsi üçün yetərli səbəblərindəndir.
Şabran Peşə Məktəbi 1966-cı il tarixindən əvvəllər 110 nömrəli Dəvəçi Peşə Məktəbi kimi, hal hazırda isə Şabran Peşə Məktəbi kimi fəaliyyət göstərir və o, əsasən kənd təsərrüfatı profillidir. Təhsil müəssisəsində “Aqroservis mütəxəssisi”, "Heyvandarlıq mütəxəssisi”; ”Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik mantyoru”; ”Elektrik qaz-qaynaqçısı”; ”Xalçaçı”; ”Dərzi”; ”Lobarant-mikrobioloq”; ”Əməliyyatçı-mühasib”; ”Aşpaz” ixtisasları olmaqla 12 qrupda 224 tələbə təhsil alır. Bu tələbələrin təlim tərbiyəsi və tədrisi ilə 12 istehsalat təlimi ustası 7 ixtisas fənn müəllimi məşğul olur. 2013-cü ildən məktəbə 1981-ci ildə indiki Bakı Dövlət Pedaqoji Universitetini Ümumi texniki fənlər ixtisası üzrə bitirmiş Mərziyyə Əsgərova rəhbərlik edir.
Xalçaçı ixtisası üzrə təhsil alan tələbələr tədris emalatxanasında toxuduğu xalçalara görə 12.06.2021-ci il tarixində Azərbaycanın peşə təhsili müəssisələri arasında keçirilən “Bacarıqlı ol! -Milli irsimizi yaşat!” xalçaçılıq müsabiqəsində uğurlu iştirakına görə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Təşəkkürnamə ilə təltif edilmişdir.
Məktəb həmçinin sahibkarlıq fəaliyyəti ilə də məşğuldur. 290 hektar torpaq ərazi var və onun 33 hektarında arpa əkilir. Keçən il məktəbdə «Hərəyə bir ağac əkək» aksiyası keçirilib. Bu aksiyada məktəbin həyətyanı sahəsinə 30-dan çox ağac tingi əkilib, aqrotexniki qaydada qulluq göstərilib. Məktəbin bütün işçi heyəti və tələbələr bu aksiyada həvəslə iştirak ediblər. Bu ildə də" Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar tələbələrin iştirakı ilə həyətyanı sahədə təbiətə qulluq tədbirlər davam etdirilir.
Peşə Məktəbi peşəyönümü fəaliyyəti ilə əlaqədar ümumtəhsil məktəblərinə səfərlərini davam etdirir. Belə ki, bu ilin mart aynda bir qrup müəllim heyəti Şabran şəhər 1 saylı tam orta məktəbinin yuxarı sinif şagirdləri ilə görüşmüş, peşə təhsili haqqında ümumi məlumat vermiş və şagirdləri maraqlandıran sualları cavablandırmışlar.
2024-cü il 7 iyun tarixində Şabran şəhər S.Zülfüqarov adına 3 nömrəli tam orta məktəbin Peşə Təmayüllü Siniflərində təhsil alan şagirdlərə "Bərbər köməkçisi" və "Aşpaz köməkçisi" ixtisaslarından praktik imtahan keçirildi. İmtahanda məktəbin direktoru Fidan Fərzəliyeva, Şabran Peşə Məktəbinin direktoru Mərziyyə Əsgərova, ixtisas müəllimləri Vəsilə Mirişova, Mehmanə Absəlimova, məktəbin texnologiya fənn müəllimləri Günay Dostiyeva, Pərvanə Fərhadova iştirak etdi. Şagirdlər imtahan prosesi zamanı ilboyu öyrəndiklərini təqdim etməklə qiymətləndirildilər. Məktəb yalnız peşə təlimi və tədrislə kifayətlənmir. İlk növbədə təhsilalanların təlim-tərbiyəsinə, xüsusilə də vətənpərvər bir ruhda böyümələrinə diqqət yetiririk. Məktəbin 2 məzunu – Samir Zülfüqarov və Roman Yusifov Milli Qəhrəmandır. Burada onlar üçün xüsusi guşə yaradılıb və vaxtaşırı xatirələri ehtiramla yad edilir.
Ümumiyyətlə, peşə təhsil müəssisəsində maarifləndirmə işlərinə də xüsusi diqqət göstərilir. Belə ki, Qadın və Gənc Ailələrin Sosial İnkişafı» və «Azərbaycan Gənclər Fondu»nun dəstəyi ilə «Gender bərabərliyinə dair qanunvericiliyin gənclər arasında təbliği» mövzusunda tədbir keçirilmişdir. Gələn qonaqlar ətraflı olaraq tələbələrə gender bərabərliyi haqqında məlumat verdi, onları mövzu barəsində maarifləndirdi. Tədbir həmçinin tələbələrlə diskussiya formasında davam etdi. Tələbələrə mövzu ilə bağlı videoçarxlar təqdim olundu. Tədbirin sonunda fərqlənən tələbələrə diplomlar təqdim olundu.
Bu ilin iyun aynda məktəbdə İnsan Hüquqları Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Şabran rayon Polis İdarəsinin əməkdaşı polis polkovnik-leytenantı Rauf İsmayılov iştirak etmişdir.
Ölkəmizin ərazisində çoxsaylı hərbi cinayətlər törətmiş Ermənistanın ərazilərimizi minalarla çirkləndirməsi istər hərbçilərimizin, istərsə də dinc sakinlərin həyatı üçün ciddi təhlükə yaradır. Bu baxımdan təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsi çox əhəmiyyətlidir. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müvafiq tövsiyələrini rəhbər tutaraq Peşə Məktəbinin işçi heyəti və tələbələrlə mina təhlükəsinə qarşı marifləndirmə tədbirləri keçirilmiş, təhlükə zamanı atılmalı olan tədbirlər barədə mütəmadi olaraq videoçarxlar nümayiş etdirilir. Mina təhlükəsindən qorunmaq üçün maarifləndiriçi vasitələr və əyani vəsaitlər də istifadə olunur. Belə tədbirlərin əsas məqsədi müəlimlərin, təhsilalanların, eləcə də valideynlərin mina və partlamamış hərbi sursatlara dair biliklərinin artırılmasının təmin edilməsindən ibarətdir. “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil, orta ixtisas və ilk peşə ixtisas təhsili müəssisələrində Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı maarifləndirmə tədbirləri barədə” Elm və Təhsil Nazirliyinin 18.07.2023-cü il tarixli əmrinin icrası ilə əlaqədar Şabran Peşə Məktəbində Tədbirlər planı hazirlanmışdır. Həmin plana uyğun olaraq məktəbdə mütəmadi olaraq tələbələrlə dəyirmi masalar, həmçinin təlimlər keçirilmiş müxtəlif videoçarxlar nümayiş etdirilmiş, təhsilalanların və təhsilverənlərin maarifləndirilməsi məqsədilə məktəbin dəhlizində plakatlar asılmış, valideyn iclaslarında suda boğulma hallarının qarşısını alınma tədbirləri barədə məlumat verilmişdir, Bundan başqa carı ilin iyul ayında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin baş məsləhətçisi Rövşən Ağayev Elm və Təhsil ilə Fövqəladə Hallar Nazirliklərin birgə hazırladığı ‘‘Yaddaş-təlimat kitabçası”nda qeyd olunan tövsiyələrdən irəli gələn vəzifələrin icrası ilə əlaqədar məktəbin müəllimləri ilə fikir mübadiləsi apararaq, bu cür silsilə tədbirlərin həyata keçirilməsinin bir daha vacibliyini, bu sahədə maarifləndirmə prosesinin davamlı olmasını xüsusilə vurğulamışdı.
Bir qrup müəllimlərlə aparılan söhbətdən məlum oldu ki, builki qəbul planına uyğun olaraq məktəbdə kənd təsərrüfat ixtisasları ilə yanaşı digər zəruri ixtisaslar üzrə də tədris təşkil ovunacaqdır. Yeni dərs ilində məktəbdə təlim-tərbiyənin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində yeniliklərin tətbiqini təmin etmək, eyni zamanda tələbələrin dünyagörüşünün formalaşdırılması, onların həyata hazırlanması, ölkənin iqtisadi sosial həyatı ilə əlaqədar məlumatların onlara çatdırılması, bazar iqtisadiyyatına hazır olmaları istiqamətində işin genişləndirilməsi nəzərdə tutulur.
Rövşən Ağayev