31 yanvar 2024 00:45
755

O gün gələcək…

Dövlət başçısı İlham Əliyev böyük əminliklə qeyd edir ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar

Əbəs yerə deyilmir ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Azərbaycanın tarixi həqiqətlərə, real faktlara əsaslanan təbliğatı sayəsində diplomatik mübarizədə qələbsini təmin edir. 30 il Azərbaycan müharibə şəraitində yaşasa da bütün sahələrdə uğurlu inkişafı ilə yanaşı, həqiqətlərimizin təbliği istiqamətində davamlı addımları ilə diqqətdə oldu. Bu mühüm amili də xüsusi qeyd etməliyik ki, dünyaya səs salan tarixi Zəfərimizdə informasiya cəbhəsində üstünlüyümüz əhəmiyyətli rol oynadı. Azərbaycan dövlətinin uğurlu xarici siyasəti nəticəsində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapdı.

Tarix saxtakarlığı sevmir. Saxtakarlar nə qədər həqiqətləri ört-basdır etməyə çalışsalar da zaman keçdikcə bunun mümkünsüzlüyünün şahidinə çevrilirlər. Necə ki, Ermənistan illərdir bu torpaqların onlara məxsus olduğunu bildirirdi. Amma fakt tələb olunanda acizliyi diqqətdən kənarda qalmırdı.

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəsi ilə erməni miflərini dağıtdı. Ermənilərin və havadarlarının apardıqları yalan təbliğata uyğun olaraq illərdir beynəlxalq aləmdə yaratdıqları “yazıq, məzlum, əzilən, döyülən” millət obrazı tamamilə aradan götürüldü. İşğaldan azad edilmiş torpaqlarımız erməni vəhşiliklərinin, vandalizmin təqdimatı oldu. Bütün şəhər və kəndlərimiz tamamilə dağıdıldı, dini və tarixi abidələrimiz yerlə-yeksan edildi. Azərbaycan xalqının izlərini bu yolla silməyə çalışan ermənilər və onlara dəstək verənlər unutdular ki, danışan tarixi faktlardır. Tarixi inkar etmək, saxtalaşdırmaq qeyri-mümkündür.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin 2018-ci ili ölkəmizdə «Azərbaycan Xalq Cümhuriyyəti İli» elan etməsi tariximizin ayrı-ayrı səhifələrinin vərəqlənməsində, tarixi həqiqətlərin faktlar əsasında işıq üzü görməsində öz sözünü dedi. Dövlət başçısı İlham Əliyev hələ 2015-ci ildə AMEA-nın 70 illik yubileyinə həsr olunan ümumi yığıncağında tariximizin mühüm məqamlarına nəzər salaraq tarixçilərimizə xüsusi tapşırıqlarını çatdırmışdır. Azərbaycanın çox zəngin tarixi olduğunu diqqətə çatdıran cənab İlham Əliyev bildirmişdir ki, Azərbaycan alimləri də, ictimaiyyəti də bunu yaxşı bilirlər. Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik. Nəyə görə? İlk növbədə, bizi tanısınlar. Görsünlər ki, nə qədər zəngin tariximiz var: «Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. Budur reallıq.»

Tarixi Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti 200 ildən artıqdır ki, davam edir. Ermənilər məskunlaşdıqları dövrdən etibarən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edən erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir. 1948-1956-cı illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1987-ci ildən başlayaraq daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.

Bunlar tarixdir. Bugünədək beynəlxalq hüququ, ədaləti zamana və məkana görə tətbiq edən dünyanın bəzi aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar tarixi bilmədən Ermənistana dəstək missiyasını yerinə yetirərək dünyada bir etimadsızlıq mühiti yaratdılar. Amma unutdular ki, sonda ədalət zəfər çalır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin daim çıxışlarında bəyan etdiyi kimi, Şuşa 28 il mənfur düşmən tərəfindən dağıdılırdı, məhv edilirdi, tarixi siması dağıntılara məruz qalırdı. Düşmən Şuşada Azərbaycan xalqının irsini silmək istəyirdi. Ancaq Şuşa əyilmədi, sınmadı, öz ləyaqətini, Azərbaycanın milli ruhunu qorudu və bizi gözlədi. Biz də gəlməli idik və gəldik. Bunun üçün güc toplamalı idik və topladıq.

Real olan budur ki, etnik təmizləmə siyasətini açıq, gizli həyata keçirən, bir əsrdə günahsız azərbaycanlıların qətli ilə nəticələnən neçə-neçə soyqırımı törədən ermənilər tarixdə görünməyən vəhşiliklərin müəllifləridir. Qonşu dövlətlərə qarşı himayədarlarının dəstəyi əsasında əsassız torpaq iddiası ilə çıxış edən və buna nail olan işğalçı Ermənistan nə zamansa həqiqətlərin qarşısında aciz duruma düşəcəyini, diz çökəcəyini çox yaxşı bilirdi və 44 günlük Vətən müharibəsində diz çökdü.

Hazırda işğaldan azad edilmiş Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir. Bu gün soydaşlarımızın Laçın və Füzuli şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə qayıdışı davam edir. Dövlət başçısı İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bu hədəfi də açıqladı ki, keçmiş məcburi köçkünlərin bu il qaytarılacaqları şəhərlər arasında Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərləri olacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə inşaat davam edəcək. Laçın rayonunun Sus kəndi hazır olacaq. Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Şuşanın Turşsu kəndlərinin də bərpasına artıq start verilir. Hədəf 2026-cı ilin sonuna qədər 140 min keçmiş köçkünün öz dədə-baba torpaqlarına qaytarılmasıdır. Dövlət başçısı İlham Əliyev böyük əminliklə bildirir ki, buna da nail olacağıq: «Onu da bir daha bildirməliyəm ki, bütün bunları biz öz daxili imkanlar hesabına edirik. Heç bir donor təşkilatı, heç bir digər tərəf bizə kömək göstərmir. Ancaq Özbəkistan və Qazaxıstan Füzulidə iki məktəbin tikintisi ilə bağlı bizə qardaş dəstəyi göstərmişdir, bütün qalan layihələr daxili imkanlar hesabına reallaşdırılır.»

Soydaşlarımış qayıtdıqları torpaqlara yeni həyat verir, onların malik olduğu potensialdan səmərəli içtifadə edərək ölkənin dayanıqlı inkişafına böyük töhfələr verməyə səy göstərirlər. Hər gün mərhələlərlə bu ərazilərə soydaşlarımızın qayıdışının şahidinə çevrildiyimiz üçün qürurluyuq. Ötən ilin oktyabrın 15-də xalqımız daha bir zəfərin sevincini yaşadı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltdı və Xankəndidən xalqa tarixi müraciətini etdi. Bunları sadalamaqda məqsədimiz odur ki, dövlət başçısı İlham Əliyev 20 ildə nəyi dedi, onu da etdi. Özünün də ifadə etdiyi kimi, nəyi, necə və nə vaxt etmək lazımdır bilir. Tarixi ədalətə söykənən siyasətimizin uğurları davamlılığı ilə diqqətdədir. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın tarixi Zəfərində döyüş meydanı ilə yanaşı, informasiya cəbhəsində də üstünlüyü əsas rol oynadı. Bu gün də postmünaqişə dövrünün hədəflərindən bəhs edərkən müdafiə gücümüzün artırılması ilə yanaşı, real faktlara əsaslanan təbliğatımızın da dərinləşdirilməsinin prioritetliyi xüsusi vurğulanır. Buna əsas verən Azərbaycanın müstəqil siyasətini, tarixi Zəfərini, ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsini həzm edə bilməyən dairələrin mövcudluğu və onların qarayaxma kampaniyalarını davam etdirmələridir. Bütün hallarda bu cəhdlər Azərbaycan liderinin gücü, düşünülmüş siyasətimizin uğurları sayəsində boşa çıxır.

Tarixi Zəfərimizdən sonra Qərbi Azərbaycana qayıdış məsələsi gündəmə gətirildi. Bu da təsadüfi deyil. Dövlət başçısı İlham Əliyev hər bir çıxışında tarixi torpaqlarımıza qayıdışı xüsusi qeyd edirdi. Təbii ki, bu hədəflərin zamana böyük ehtiyacı vardır. Qərbi Azərbaycana qayıdışımız da bu hədəflərin tərkib hissəsidir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ münaqişəsinin tarixə qovuşmasından sonra Qərbi Azərbaycana qayıdışdan danışmaq, beynəlxalq ictimaiyyətə çatdırmaq zamanıdır.

Cənab İlham Əliyev 2022-ci ildə doğum günündə, yəni 24 dekabr tarixində Qərbi Azərbacandan olan bir qrup ziyalı ilə görüşdü. Dövlətimizin başçısı «Mən ikinci dəfədir ki, bu binadayam. On iki il bundan əvvəl binanın açılışında iştirak etmişəm. Onu da bildirməliyəm ki, bu bina mənim göstərişimlə inşa edilmişdir və ovaxtkı məcburi köçkünlər üçün nəzərdə tutulmuşdur, Qarabağdan olan məcburi köçkünlərin təşkilatı bu binada yerləşmişdi. İkinci dəfədir ki, buradayam və artıq bu binada Qərbi Azərbaycan İcması yerləşibdir. Bu gün biz bu binanın Qərbi Azərbaycan İcmasına verilməsini qeyd edirik» söyləyərək onu da əlavə etmişdir ki, bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var: «Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah.»

Prezident İlham Əliyev 2023-cü ilin yanvarında yerli televiziya kanallarına müsahibəsi zamanı belə bir çağırışı etdi ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur. Bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək: «Yenə də mən orada da İcmanın nümayəndələri ilə görüş zamanı demişdim ki, biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq. Çünki bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır.»

Keçilən yolun təhlili əsasında bu əminlik ifadə edilir ki, necə vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik. Dövlət başçısı İlham Əliyev bu reallığı da diqqətə çatdırır ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq.

Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Bunu bir çox tarixi sənədlər, xəritələr təsdiqləyir. Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bütün tarixi, dini abidələrimizi yerlə-yeksan edib, dağıdıb, azərbaycanlıların tarixi irsini silmək istəyib, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. İndiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə bu reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Ən əsası zaman hadisələrin düzgün dəyərləndirilməsi baxımından zəngin mənbədir. Azərbaycanın illərdir apardığı informasiya mübarizəsinin əsas tərkib hissələrindən biri budur ki, dünya bugünkü Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqlarında yarandığını bilməlidir.

Bu mühüm məqamı da qeyd edək ki, Ulu Öndər Heydər Əliyev 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərman imzalayıb. Fərmanda bildirilir ki, adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır. Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir. Ulu Öndərin 1998-ci il 26 mart tarixində imzaladığı Fərman ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

1988-ci ildə ortaya atılan Qarabağ münaqişəsinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyətində qaldı. Ölkəmizdə keçirilən mitinqlərdə torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də, Azərbaycanın o vaxtkı rəhbərliyi öz mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı öldü, yaralandı, digər fiziki təzyiqlərə məruz qaldı. Separatçı ermənilərin Qarabağda başladığı avantürist hərəkatın nəticəsi olaraq bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salındı. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid oldu, xəsarət aldı. Bunlar tarixi faktlardır. Bu faktları ört-basdır etmək qeyri-mümkündür. Ermənilərin Cənubi Qafqazda törətdikləri soyqırımı və deportasiya siyasətinin bir məqsədi olduğu hər kəsə məlumdur - Nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq.

30 il ərzində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Torpaqlarımızın işğalı azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmişdir.

Azərbaycan xalqı işğalla heç zaman barışmadı. Dövlət başçısı İlham Əliyev bunu ən yüksək tribunalardan bəyan etdi. 2016-cı ilin aprel və 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmadı, Azərbaycana qarşı diversiyaları davam etdirdi, erməni siyasətçiləri xalqımıza qarşı təxribatçı bəyanatlar vermişdilər. Azərbaycan xalqının səbir kasasını dolduran hərbi təxribat 2020-ci il 27 sentyabr tarixində baş verdi. Ermənistan silahlı qüvvələrinin ərazilərimizi müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları xalqın səbir kasasını doldurdu. Belə ki, atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə hərbi qulluqçular ilə yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.

Tarixi Zəfərimizdən əvvəl də Prezident İlham Əliyevin çıxışlarının mahiyyətində bu çağırış dayanırdı ki, İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.

Azərbaycan hər bir hədəfə doğru inamla addımlayır. Bu gün Azərbaycan Bayrağının Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, bütün işğaldan azad edlimiş torpaqlarımızda dalğalanması tarixi ədalətin bərpasıdır. Bütün bütün bunların fonunda böyük əminliklə qeyd edirik ki, tezliklə Qərbi Azçrbaycana qayıdışımız da reallığa çevriləcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin əminliklə qeyd etdiyi kimi, o gün gələcək.

Bütün bunların ümumiləşdirilmiş ifadəsi olaraq qeyd edirik ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan, gələcəyə doğru böyük inamla addımlayan xalq tarixin bütün sınaqlarından şərəflə çıxır. Bu gün dünya bir daha Azərbaycan xalqının timsalında bu reallığın şahidinə çevrilir. Tarixi Zəfərimiz sübut etdi ki, qalib ölkə Azərbaycandır, məğrur, yenilməz xalq Azərbaycan xalqıdır.

Yeganə Əliyeva, «İki sahil»