Mahir Rəsuloğlu |
Dağılan tifaq, İranın ermənipərəst mollaları, ustad Şəhriyarın ruhunu narahat edən səbəb haqqında
İranda şovinist fars rejiminin zülmünə qarşı aylardır davam edən xalq etirazları səngimək bilmir. Son günlər yenidən ölkənin bir sıra əyalətlərində minlərlə insan küçələrə çıxıb, hakimiyyət əleyhinə yürüşlər keçirilib.
“Amerikanın səsi” radiosunun Fars xidməti “Reuters” agentliyinə istinadən xəbər verir ki, İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin şəhərlərində, o cümlədən əyalətin paytaxtı Zahedanda baş tutan etiraz aksiyalarında hökumət əleyhinə şüarlar səsləndirilib. Yerli fəalların “Twitter” və digər sosial media platformalarında yayımladıqları videogörüntülərdə Zahedan küçələrində böyük izdihamın yürüşü əks olunub.
İranın Xalq Mücahidləri Təşkilatı öz internet səhifəsində ötən həftənin cümə günü Gülüstan əyalətinin şimalındakı Qalikəş şəhərində, eləcə də Kürdüstan əyalətinin mərkəzi Sənəndəcdə rejim əleyhinə etiraz aksiyalarının keçirildiyini bildirib.
Xalqın insan haqları və azadlıq uğrunda başlatdığı mübarizəyə molla rejiminin münasibəti isə dəyişməz olaraq qalır: Səbəbindən asılı olmayaraq etirazçılara qarşı qəddar münasibət, əsassız həbslər, işgəncələr və qətllər. Hakimiyyətin tam səlahiyyət verdiyi güc strukturlarının, aşkar şəkildə kriminallaşmış, cinayətkar qurumlara çevrilmiş İslam İnqilabı Keçikçiləri Korpusunun (SEPAH), ETTELLAT-ın əli zopalı əməkdaşlarının quduzluğu o dərəcəyə çatıb ki, onların xəsarət yetirdikləri, yaraladıqları etirazçıları müalicə etməyə çalışan həkimlər də təzyiqlərə məruz qalırlar. Mərkəzi ABŞ-ən Nyu-York şəhərində yerləşən İran İnsan Haqları Təşkilatının (CHRI ) məlumatına görə, son günlər çox sayda həkim və tibb işçisi yaralı etirazçıları müalicə etdikləri üçün sözügedən güc strukturları tərəfindən həbs olunub. Onların əksəriyyətinin saxlandıqdan sonra işgəncələrə məruz qaldıqları və bir neçəsinin öldürüldüyü bildirilir. Baş verən vəhşiliklərin beynəlxalq hüququn birbaşa pozulması olduğunu bildirən CHRI-nin icraçı direktoru Hadi Qaemi BMT-nin İnsan Haqları Şurasının ötən ilin noyabr ayında İran ilə bağlı yaradılmış missiyasını vəziyyəti araşdırmağa və fars hakimiyyətini məsuliyyətə cəlb etməyə çağırıb.
İnsan haqları fəallarının məlumatına görə, İranda 2022-ci ilin sentyabrında hökumət əleyhinə nümayişlər başlayandan bəri 20 minə yaxın insan həbs edilib. Nümayişlərin zorakılıqla yatırılması fonunda hakimiyyət orqanları tərəfindən azı 527 nəfər qətlə yetirilib.
İranın şovinist fars rejiminin zülmü ölkədə yaşayan bütün xalqları əhatə etsə də istisna kimi iranlı ermənilərin qayğısına qalınır, əksinə say etibarilə əhalinin az qala yarısını təşkil edən 40 milyona yaxın Azərbaycan türkü daha çox qəddarlıqla üzləşir. Maraqlıdır, bu mövzuda ünvanına səslənən ittihamları İsraillə, ABŞ-la əlaqələndirməyə, “sionistləri” günahlandırmağa çalışan İran hakimiyyəti konkret faktlara cavab verə biləcəkmi?
Güney Azərbaycanın Xoy şəhərində baş verən zəlzələ nəticəsində 130 min nəfər evsiz-eşiksiz qalıb. Onlar soyuq qış günlərində sağ qala bilmək üçün mücadilə aparırlar. Fars hakimiyyəti isə başqa ölkələrin yardımlarından imtina edib, özü isə 130 min soydaşımızı Allahın ümidinə buraxıb. Təbrizin “Azərəncümən” xəbər saytının məlumatına görə, guya evləri dağılan azərbaycanlıların çadır düşərgələrində yerləşdirildikləri bildirilsə də, yerli sosial media fəalları düşərgələrdə minlərlə insanın acınacaqlı durumda olduğunu yazıblar.
Güney Azərbaycanda isə insanlar sosial problemlər məngənəsində əzab çəkirlər. İş o yerə çatıb ki, güneyli millət vəkili hökuməti tənqid atəşinə tutaraq bahalığın, inflyasiyanın tüğyan etdiyini deyib. Bostanabad (Ocan) şəhərinin İran parlamentindəki deputatı Qulamrza Nuri Qızılca hakimiyyətin iqtisadi siyasətinə kəskin etiraz edib, hökumətin iqtisadi məsələlərlə bağlı parlamentə heç bir konkret və aydın proqram təqdim etmədiyini bildirib. Onun sözlərinə görə, hökumət üzvləri müxtəlif sahələrdə şifahi şəkildə verdikləri eyni şüarları təkrar edirlər:
“Artıq xalqın qarşısına çıxmağa üzümüz yoxdur. Vətəndaşlarla danışmağa söz tapmırıq. Bahalıq, inflyasiya tüğyan edir. Məsul şəxslər isə özlərini bilməməzliyə vurub, laqeydlik göstərirlər.”
Yeni dövlət büdcəsinin acınacaqlı vəziyyətdə olduğunu deyən Nuri Qızılca bunu durğunluğa gətirib çıxaracaq inflyasiya büdcəsi adlandırıb: “Nəyəsə ümid etməyə dəyməz, bu büdcə praktiki olaraq heç bir göstəricini yaxşılaşdırmayacaq.”
Problemlər təkcə sosial və iqtisadi çətinliklərlə bağlı deyil. Şovinist fars rejimi soydaşlarımızın yaşadığı ərazilərin, xüsusilə Təbrizin inkişafına mane olmaq, onu inzibati vahid kimi kiçiltməyə çalışır. “GünAzTV” xəbər verir ki, azərbaycanlıların İran parlamentindəki daha bir nümayəndəsi, Təbrizdən olan deputat Əhməd Əlirzabeygi bununla bağlı etirazını bildirib. Onun sözlərinə görə, Təbrizin ətrafını ayırıb rayona, şəhərə çevirmək təklif olunanda hökumət və parlamentdəkilər tez razılaşırlar: “Bu bizə, təbrizlilərə xidmət göstərmək üçün edilmir. Bu addım Təbrizin inkişafına mane ollmaq, onun ərazisini daha kiçiltmək üçün atılır.”
Qeyd edək ki, Tehran rejimi Azərbaycan ərazisini kiçiltmək, şəhərləri balacalaşdırmaq kimi pəhləvilərdən qalma ənənəni davam etidirməkdədir. İndiyədək Güney Azərbaycan ərazilərindən kəsərək yeni əyalətlər yaradıblar. İran hakimiyyəti uzun illərdir Təbriz şəhərinin ərazisini də kiçiltməyə çalışır.
Bütün bunlardan sonra Cənubdakı soydaşlarımıza açıq düşmən mövqeyi nümayiş etdirən fars rejiminin ermənilərə isti münasibəti təəccüb doğurmur. Qatı anti-Azərbaycan və ermənipərəst mövqeyi ilə tanınan iranlı ekspert Salar Seyfəddini özünün “Twitter” hesabında yazıb ki, Ermənistandan olan tədqiqatçılara Təbriz Universitetinin xüsusi mükafatı verilib: “Təbriz Universiteti özünün xüsusi mükafatını (Şəhriyar mükafatı) Ermənistanın iki görkəmli qafqazşünasına təqdim edib. Professorlar Qarnik Gevorgyan və Gevork Asaturyan bu mükafata layiq görülüblər.”
Azərbaycanın böyük şairi ustad Şəhriyarın adına təsis edilmiş mükafatı azərbaycanlıların düşməninə vermək qədər böyük namərdliyi, alçaqlığı, şərəfsizliyi başqa heç kimdən gözləmək olmazdı. Sizin bu rəzilliyinizi kimin adına yazaq, ağeyi mollalar? Bundadamı ABŞ-ın, İsrailin əli var?
Ermənistan tərəfindən Azərbaycan torpaqları 30 il əvvəl işğal olunanda, dinc insanlarımız vəhşicəsinə qətlə yetiriləndə, şəhərlərimiz, kəndlərimiz dağıdılanda, yandırılanda, dinimiz təhqir ediləndə, məscidlərimiz donuzların saxlandığı yerlərə çevriləndə sizin qonşu kimi hayımıza yetməyinizə kim mane oldu? Əksinə ermənilərə evlərimizi sökməyə kömək etdiniz, daşını, taxtasını, dəmirini, qapı-pəncərəsini daşıyıb aparıb İran bazarlarında satdınız. Bircə dəfə olsun hansısa İran rəsmisi çıxıb demədi ki, ay erməni, sən günahkarsan, sən mənim dinimdən olan insanların dövlətinin beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozmusan, torpağına göz dikmisən. Bircə dəfə də “işğalçısan” deyilmədi erməniyə. Əvəzində gizli dəstək göstərildi, silah verildi, qaz, neft, ərzaq göndərildi ki, korluq çəkməsinlər. 30 il İran Ermənistana yardım göndərdi, bizə isə qanunsuz yollarla narkotik keçirməyə cəhd etdi.
Bütün bunlardan sonra böyük Şəhriyarın adına olan mükafatın erməniyə verilməsi təəccüb deyil, sadəcə sizlərə tükənməz nifrət doğurur. İnşallah, əlinizdə bayraq edib ucuzlaşdırdığınız Quran özü sizlərə qənim olacaq! İnşallah, tökdüyünüz günahsızların qanında boğulacaqsınız!..