KÖŞƏ

Mahir Rəsuloğlu

Terrorçu “qardaşlar”...

01 dekabr 2022 01:35
1331

Künc zərbəsi

Keçmiş ASALA üzvünün etirafları fars şovinizminin iç üzünü bir az da açır  

Vaxtilə erməni terror təşkilatlarının “anası” sayılan ASALA-nın üzvü olmuş Martiros Jamkoçyanın etirafları olmasaydı da İranın Azərbaycana qarşı düşmənçilik və dağıdıcılıq fəaliyyəti, bu yolda hətta cinayətkarlarla əməkdaşlığı bəlli idi. Ancaq bu acı reallığın, təkzibolunmaz faktların bir daha ortaya çıxması üçün daha uzun illərin keçməsinə, arxivlərə baş vurmaq lazım gəlmədi. Martiros Jamkoçyan adlı həmin keçmiş terrorçu Ermənistanın “Hraparak” nəşrinə müsahibəsində hər şeyi açıb danışdı, İranın xüsusi xidmət orqanları ilə ASALA-nın əməkdaşlığını etiraf etdi.

M.Jamkoçyan müsahibəsində açıqlayacağı məlumatın məxfi olduğunu gizlətməyib. Bildirib ki, 1993-cü ildə Qubadlı rayonunun ermənilər tərəfindən işğalından əvvəl farslar (İranın xüsusi xidmət orqanlarının əməkdaşları) ASALA-nın liderlərindən biri, beynəlxalq terrorçu Monte Melkonyana zəng ediblər və görüşmək üçün Gorusa gəliblər. Keçmiş terrorçu onların Monte ilə hesablaşdığını və Qubadlı əməliyyatının hazırlığından xəbərdar olduqlarını da bildirib: “Biz onda Laçında idik. Zəngilan, Qubadlı və Horadizə hücum etmək üçün tank diviziyamızın bir hissəsini ora aparmışdıq. Farslar bu əməliyyatlardan xəbərdar idilər, onu hazırlayanı da tanıyırdılar. Həmin vaxt İran tərəfinin marağı müharibənin nəyin bahasına olursa, olsun Arazın o tayına keçməməsi idi. Ona görə də onlar bizimlə əməkdaşlıq etmək istədilər. Onlar təminat istəyirdilər və bizimlə razılaşmaq üçün gəldilər. Bu, 1993-cü il yazın əvvəlində olub. Əlbəttə, biz əsgərlərimizin və geri çəkilən azərbaycanlıların İran istiqamətində atəş açmasına imkan verməyəcəyimiz haqqında farslara təminat vermişdik. Və belə də oldu.”

Jamkoçyanın müsahibəsində bir neçə məqam xüsusilə diqqət çəkir və görünür, keçmiş terrorçu istəmədən lazım olduğundan daha artıq məxfi məlumatı açıqlayıb. Belə məlum olur ki, İran xüsusi xidmət orqanları ilə erməni terrorçularının əməkdaşlığı əvvəldən mövcud imiş. Əks halda, farslar ermənilərin Qubadlını, həmçinin Zəngilanı və Horadizi işğal etmək üçün hazırladıqları işğal planından xəbərdar olmazdılar və bu planları hazırlayanları tanıya bilməzdilər. Bu fakt başqa bir ehtimalı da gücləndirir – İran tərəfi buna qədərki digər şəhər, rayon və kəndlərimizin işğalından və yəqin ki, ermənilərin Xocalıda törətdikləri soyqırımı planından da xəbərdar olub. Ancaq nəinki qonşu və müsəlman dövləti olaraq hər hansı tədbir görməyib, əksinə susaraq Azərbaycanı bu barədə məlumatlandırmağa da ehtiyac duymayıb.

Başqa bir məqam: Keçmiş terrorçu etiraf edir ki, İran xüsusi xidmət orqanlarının əməkdaşları onlarla, əsas da qatı cinayətkar Monte Melkonyanla hesablaşırdılar. Keçirilən görüşlər də Azərbaycan əleyhinə razılaşmalarla yekunlaşıb. Fars şovinistlərinin Birinci Qarabağ müharibəsi zamanı əli günahsız azərbaycanlıların qanına bulaşan beynəlxalq terrorçu Melkonyanla əməkdaşlığı daha hansı mənfur planların həyata keçirilməsi ilə bağlı olub görəsən? Bəs bütün bunlardan sonra İranın ali dini lideri Ayətullah Əli Xameneinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti hansı üz(süzlük)lə deyir ki, Azərbaycan Respublikası hər hansı xarici ölkə tərəfindən hücuma məruz qalsa, İran dəstək üçün onun yanında olacaq? Bəlkə Vilayəti 90-cı illərdə olduğu kimi, yenə də Azərbaycana hücum edən tərəfin yanında olacaqlarını demək istəyib? Ölkəmizin Qərblə normal əlaqələrinin inkişafına hər cür neqativ don geyindirmək istəyən fars şovinistləri və onların şərəfini də, Vətənini də satmağa hazır nökərləri ABŞ-ın Kaliforniya ştatından olan terrorçu Monte Melkonyanla əməkdaşlıqlarına nə cür haqq qazandıracaqlar görəsən?

Ermənistan və İranı yaxınlaşdıran həm də riyakarlıqları, terrorçu qruplar yaratmaları və onları himayə etmələri, terrorizmi və cinayətkarlığı maliyyələşdirmək kimi xislətləridir.

Ermənistanın “Hnçak”ı, “Daşnaksütyun”u, ASALA-sı (“Armenian Secret Army for the Liberation of Armenia), “Geqan”ı, “Apostol”u və digər onlarla terror qrupları olduğu kimi, İranın da “Həmas”ı, “Hizbullah”ı, SEPAH-ı, “Ənsarullah”ı, ölkəmizdə din pərdəsi altında pozuculuqla məşğul olmaq istəyən “Hüseyniyyun”u və s. terror təşkilatları vardır. İki ölkəni “qardaş”laşdıran həm də bax, budur.

İranın İkinci Qarabağ müharibəsi zamanı Ermənistana göstərdiyi “xidmətlər” yaxşı yadımızdadır. Azərbaycandakı bir müddət əvvəl ifşa olunaraq həbs edilmiş cinayətkar şəbəkələri vasitəsilə əldə etdikləri hərbi məlumatlar erməni tərəfə ötürülür, qoşunlarımızın torpaqlarımızın işğal azad edilməsi istiqamətində irəliləyişinə hər vasitə ilə mane olmağa cəhd göstərilir,  İrandan Ermənistana silahların daşınması təmin edilirdi. Noyabrın 30-da Bakıda keçirilən “Urmu gölünün harayı” adlı tədbirdə çıxış edən

Hazırda Fransada yaşayan Təbriz əsilli azərbaycanlı tədqiqatçı, İran azərbaycanlılarının insan hüquqları müdafiəçisi, "Ərk" İnsan Haqları Komitəsinin sədri Jalə Təbrizlinin verdiyi məlumata görə, 2020-ci ildə İran ərazisindən ermənilərə hərbi yardımın daşınmasına etiraz edən 300 nəfər Güney azərbaycanlı soydaşımız həbs edilərək işgəncələrə məruz qalıb. Beləmi yanımızda olub İran?

Heç Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il fevralın 26-da – erməni faşistlərinin 1992-ci ildə törətdiklərii Xocalı soyqırımının ildönümü günü yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında İranın Mehr agentliyinin əməkdaşının təxribatçı sualını da unutmamışıq. Yoxsa “yanımızda olmaq” deyəndə İranın molla-fars rəhbərliyi bu cür riyakarlıqlarını nəzərdə tuturdu?

Dünya dəyişib, Azərbaycansa sizlərin orta əsr təxəyyülünüzlə düşündüyünüz kimi zəif dövlət deyil, ağalar! Qarşınızda qüdrətli və güclü Şimali Azərbaycan – Müstəqil Azərbaycan Respublikası var. Və hər şey üçün, eləcə də erməni terrorçuları ilə əməkdaşlığa görə də cavab vermək zamanı gəlir. Bu hesabı sizdən sormaq üçün elə Cənubi Azərbaycanın özündə 40 milyondan artıq Azərbaycan türkü var!