KÖŞƏ

Mahir Rəsuloğlu

Məntiqi nəticə...

18 noyabr 2022 01:14
1103

Qarabağdakı qondarma rejim ciddi maliyyə problemi ilə üzləşib

Son iki il ərzində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyasının və demarkasiyasının həyata keçirilməsi, kommunikasiyaların açılması məqsədilə aparılan danışıqlar müxtəlif formatlarda baş tutsa da, nəticə etibarilə dayanıqlı sülhü yaxınlaşdırmaqdadır. İstər Rusiyanın, istər Avropa İttifaqı Şurasının timsalında Avropa ölkələrinin, istərsə də ABŞ-ın vasitəçilik cəhdləri Cənubi Qafqazda uzun illər davam etmiş münaqişəyə birdəfəlik son qoya, yeni sülh erasının, bununla da sürətli inkişaf dövrünün başlamasına şərait yarada bilər. Xüsusilə son zamanlar davamlı şəkildə aparılmış danışıqlar, keçirilmiş çoxsaylı görüşlər bu gün nəhayət ki, belə bir tarixi şəraitin yaranmasına səbəb olub. Bütün tərəflər bu tarixi imkanın mövcudluğunu anlayır və hər kəs qəbul edir ki, indi Ermənistanın siyasi rəhbərliyindən, konkret olaraq baş nazir Nikol Paşinyanın qətiyyətindən və iradə nümayiş etdirməsindən çox şey asılıdır.

Ərazi bütövlüyünü müharibə yolu ilə bərpa etməyə məcbur olsa da Azərbaycanın əsas məqsədi düşmənçiliyi bitirmək, regionda mehriban qonşuluq dövrünün başlamasına nail olmaqdır. Baxmayaraq ki, Ermənistandan fərqli olaraq Azərbaycan müharibədən əvvəl olduğu kimi, hətta daha sürətlə inkişaf edir, istər siyasi nüfuzunu, istər iqtisadi gücünü, istərsə də hərbi qüdrətini hər gün bir az daha çox artırır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, iri layihələrin reallaşdırılması, erməni vandalizmi nəticəsində tamamilə dağıdılmış şəhər və kəndlərin bərpa edilməsi, artıq keçmiş məcburi köçkün olan insanların daimi yaşamaq üçün öz doğma ata-baba yurdlarına qayıdışına start verilməsi bir daha göstərir ki, Azərbaycan çoxdan müharibənin “yaralarını sağaldıb”, nəticələrini aradan qaldırmaqdadır. Təkcə cəmi iki ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində inşa edilmiş iki ən müasir tələblərə cavab verən aeroportun – Füzuli və Zəngilan beynəlxalq hava limanlarının açılışını xatırlatmaq Azərbaycanın həyata keçirdiyi işlərin miqyasını təsəvvür etməyə imkan verir.

Deməli, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının gecikməsi daxili siyasi və iqtisadi problemlər məngənəsində boğulan Ermənistana daha çox ziyan vurur, onu düşdüyü vəziyyətdən çıxmaq imkanından məhrum edir. Yeri gəlmişkən, Ermənistanın iqtisadi problemləri, həmçinin Nikol Paşinyan hökumətinin maliyyəni azaltması Qarabağda mövcud olan separatçı rejimi də çətin duruma salıb. Belə ki, Ermənistanın 2023-cü il üçün dövlət büdcəsinin müzakirələri zamanı Paşinyan açıq mətnlə olmasa da Qarabağa əlavə maliyyə ayıra bilməyəcəklərinə eyham vurmuşdu. Erməni baş nazirin müxalifətin kəskin tənqidləri ilə üzləşən bu addımının dolayısı ilə Ermənistanın Qarabağ problemindən birdəfəlik can qurtarması istəyi ilə bağlı olduğu ehtimal edilir.

Qeyd edək ki, Qarabağdakı qondarma qurumun yeni təyin edilən “dövlət naziri” Ruben Vardanyanın sədrliyi ilə keçirilən son iclasda maliyyə məsələləri və “2023-cü ilin büdcəsi” müzakirə edilib. Vardanyan iclasda maliyyə-iqtisadi vəziyyətdən danışaraq bildirib ki, yaranmış ağır şərait artıq əvvəlki rejimdə işləməyə imkan vermir, böhran vəziyyəti mövcud imkan və ehtiyatların düzgün qiymətləndirilməsini və bu günün çağırışlarını nəzərə almaqla onlardan maksimum səmərəli istifadə etməyi tələb edir. Bununla da qondarma “dövlət naziri” ciddi maliyyə problemləri olduğunu gizlətməyib: “Bizim ciddi problemlərimiz, o cümlədən böyük büdcə kəsiri var. Bu problemləri həll etmək üçün çətin, hətta bəzən qeyri-mümkün görünən qərarlar qəbul edilməlidir. Əks halda böhrandan çıxa bilmərik. Mən bunu ona görə deyirəm ki, biz reallığı aydın təsəvvür edək.”

Ruben Vardanyan qondarma qurumun bütün “idarəetmə orqanlarına” və onların tabeliyində fəaliyyət göstərən idarə və təşkilatlara ilin sonuna qədər əlavə satınalma prosesləri təşkil etməkdən və yeni maliyyə öhdəlikləri götürməkdən çəkinməyi tapşırıb. 

Göründüyü kimi, hadisələr öz məntiqi sonluğuna yaxınlaşmaqdadır. Qarabağ erməniləri ya Azərbaycan vətəndaşlığını qəbul edib normal iqtisadi və sosial təminat şəraitində yaşayacaq, ya da rədd olub gedəcəklər. Az qaldı...