Mahir Rəsuloğlu |
Rusiyanın “Birinci kanal”ında Azərbaycana qarşı törədilmş erməni təxribatının günahkarları cəzalandırılmalıdır
Rusiya mətbuatında Azərbaycanın əleyhinə yönəlmiş materialların yayımlanması ilk dəfə baş vermədiyi üçün təəccüb və təəssüf doğurmaya bilərdi. Məlum olduğu kimi, əvvəllər də, xüsusilə 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Rusiyanın əksər media orqanları Ermənistanın ruporları kimi çıxış edir, erməni yalanı, böhtan tirajlamaqla məşğul olurdular. Ancaq əvvəlki dövrlərdən fərqli olaraq 2022-ci il fevralın 22-də Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında Moskvada imzalanmış 43 bənddən ibarət “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə bu kimi halların baş verməməsini təmin etməli idi...
Söhbət bir neçə gün əvvəl, daha dəqiqi, 2022-ci il oktyabrın 20-21-də Rusiyanın “Birinci kanal”ında yayımlanan “Böyük oyun” verilişinin efirində Azərbaycan Respublikasının ərazi bütövlüyünün şübhə altına alınması və dövlət xəritəsinin təhrif edilməsindən gedir. Verilişin aparıcısı, “Vahid Rusiya” fraksiyasının üzvü, Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədrinin birinci müavini Vyaçeslav Nikonov ardıcıl olaraq iki gün efirdən açıq-aşkar anti-Azərbaycan çıxışların edilməsinə, faktların təhrif olunmasına nəinki şərait yaratdı, hətta özü də bu tok-şouda tərəf olduğunu gizlətmədi. Nikonovun və onun timsalında ölkənin əsas telekanalı olan Rusiyanın ümumrusiya federal televiziya kanalının rəhbərliyinin Azərbaycan-Ermənistan məsələsinə münasibəti sözügedən verilişə dəvət edilmiş politoloqların və ekspertlərin siyahısından da aydın görünürdü: Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Andranik Miqranyan, Ermənistandan məxsusi dəvət edilmiş siyasi analitik Ayk Xalatyan, ermənipərəst politoloqlar Aleksandr Artamanov və İvan Safrançuk, Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiyaya inteqrasiya və soydaşlarla əlaqələr üzrə komitəsi sədrinin birinci müavini, ermənilərin artıq keşmiş dostu olan Konstantin Zatulin. Mövzudan kənar olsa da qeyd edək ki, həmişə ermənipərəst mövqeyi ilə tanınmış Zatulin oktyabrın 25-də Ermənistanda persona-non-qrata elan olunub və onun bu ölkəyə girişi qadağan edilib. Düşmən ölkənin “Aysor” agentliyinin məlumatına görə, rusiyalı deputat 44 günlük müharibə ilə bağlı müsahibələrində Ermənistanı ittiham edib, onun məğlub olduğunu vurğulayıb. Bundan başqa, Zatulin Ermənistanın daxili işinə qarışdığına, baş nazir Nikol Paşinyanın istefa verməsini dəfələrlə bəyan etdiyinə görə persona-non-qrata elan olunub. Onun arzuolunmaz şəxs elan edilməsinin daha bir səbəbi isə Nikol Paşinyanın Ermənistan ərazisindən dəhlizin keçməsini də imzaladığını açıqlaması olub.
Azərbaycanla Rusiyanın müxtəlif istiqamətləri əhatə edən çoxşaxəli əməkdaşlıq münasibətləri ilə uyğunluq təşkil etməyən “Böyük oyun”un, yaxud sözün həqiqi mənasında böyük oyunun iştirakçıları və təşkilatçıları təcili şəkildə cəzalandırılmalıdırlar. İlk növbədə ona görə ki, 22 fevral tarixli müttəfiqlik Bəyannaməsinə əsasən, Rusiyanın bu kimi hallarla bağlı öhdəlikləri var. Xatırladaq ki, Bəyannamənin birinci bəndində Rusiya ilə Azərbaycanın öz münasibətlərini digər müddəalarla yanaşı, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət əsasında qurduqları bəyan edilir. “Böyük oyun”da isə açıq şəkildə Azərbaycanın xəritəsi təhrif olunmuş şəkildə göstərilir, suveren sərhədlərimiz daxilində yerləşən Qarabağ iqtisadi rayonunun bir hissəsi həyasızcasına qondarma “Dağlıq Qarabağ respublikası” adı ilə başqa rəngdə təqdim olunur, bununla da ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirilir. Tərkibindən də göründüyü kimi, ekspertlər söhbətin yalnız ermənilərin maraqları çərçivəsində getməsini təmin edirlər və çoxmilyonluq izləyicilərə yalan məlumat verirlər.
Qeyd edək ki, “Birinci kanal”da törədilmiş növbəti erməni təxribatı ilə bağlı Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə rəsmi sərt etiraz notası göndərib. Notada xüsusi vurğulanıb ki, verilişin qonaqları öz çıxışları ilə Ermənistan cəmiyyətində revanşist qüvvələri artıq keçmişdə qalan münaqişəni canlandırmağa təhrik edir və separatizmi açıq şəkildə dəstəkləməklə iki xalq arasında düşmənçilik toxumu səpirlər. Dövlət telekanalında qərəzli bəyanatlardan istifadə edilməsi və aşkar siyasi təxribatlara yol verilməsi Rusiyanın rəsmi mövqeyi ilə də ziddiyyət təşkil edir, üstəlik regionda uzunmüddətli sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində atılan addımlara xələl gətirir. Azərbaycan tərəfi nota vasitəsi ilə Rusiyadan bu ölkənin KİV nümayəndələrinin təxribat xarakterli hərəkətlərinin dayandırılması və gələcəkdə təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görməyi tələb edib.
Maraqlıdır ki, Rusiya telekanallarının Azərbaycana münasibətdə erməni “dəyirmanına su tökməyə davam etdiyi” bir vaxtda Ermənistanda anti-Rusiya meyilləri güclənməkdədir. Düşmən ölkənin “Hraparak” nəşrinin yazdığına görə, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı parlamentdə dinləmələr keçirilə bilər. Belə ki, oktyabrın 21-də “KTMT-dən çıxma assosiasiyası” təşəbbüs qrupu düşmən ölkə parlamentinin spikeri Alen Simonyana “Ermənistanın təhlükəsizlik məsələləri” mövzusunda dinləmələrin keçirilməsi təklifi ilə müraciət göndərib. Müzakirə ediləsi məsələlər sırasında, həmçinin Ermənistanın KTMT-dən ayrılması tələbi irəli sürülüb. İndi belə çıxır ki, Rusiya ona xəyanət edən bir dövlətin maraqlarını müdafiə etməkdədir...
Ümid edək ki, Rusiya rəhbərliyi dövlət televiziyasında Azərbaycana qarşı törədilmiş təxribatlarla bağlı hansısa zəruri addımların atılmasını təmin edəcək. Ən azından ona ümid edək ki, belə halların bir daha baş verməməsi üçün nəzarət gücləndiriləcək. Əks halda, Azərbaycan qarşı tərəfdən icra edilməyən Bəyannaməyə yenidən baxmaq hüququnu özündə saxlayır.