Mahir Rəsuloğlu |
Əmmamələri başlarından qiymətli mollalar və mal fermasına oxşayan yarımçıq konsulluq binası haqqında
Getdikcə İranın iç üzü daha çox açılır. Hərçənd şovinist molla rejiminin riyakar siyasi kursu, əsl sifəti, daha doğrusu sifətsizliyi əvvəldən bəlli idi. Azərbaycan müstəqilliyini bərpa edəndə də, əldə etdiyi azadlığı qoruyub-saxlaya biləcəyi dəqiqləşəndə də və ümumiyyətlə himayəyə möhtac zəif dövlətdən güclənərək Cənubi Qafqazın liderinə çevrilənədək keçən 31 illik dövrdə şimal qonşumuzdan gizli-aşkar eyni münasibət görmüşük – yalan, riyakarlıq, düşmənçilik, hədə-qorxu. Əldə etdiyimiz hər uğur yuxularının ərşə çəkilməsinə, qarınlarının qara sancısına çevrilib.
Halbuki, Azərbaycan həmişə İrana digər qonşularından daha artıq dost münasibəti bəsləyib. Səbəbsiz deyil. Əvvəla ona görə ki, hazırkı İran dövlətinin böyük bir ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Bu, isbat tələb etməyən, bütün dünyanın bildiyi həqiqətdir. Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Xoy və daha neçə-neçə şəhərlərimiz, minlərlə kəndimiz bu gün də azərbaycanlıların ata-baba yurdlarıdır. İran əhalisinin az qala yarısından çoxunu təşkil edən iranlı azərbaycanlılar bizə - Azərbaycan Respublikasının vətəndaşlarına qohum deyillər. Qardaş da deyillər. Onlar bizim özümüzük! Soykökümüz birdir, dilimiz, dinimiz, adət-ənənələrimiz, adlarımız, nağıllarımız, bayatılarımız, qəhrəmanlarımız birdir. Körpələrimiz eyni “laylay”la yuxuya gedirlər, qızlarımız eyni səhənglərlə bulaq başına su daşımağa yollanırlar, aşiqlərimiz üzlərini qəlbiqara, başıqarlı dağlara tutub yanıqlı-yanıqlı eyni mahnıları oxuyurlar. Və ərlər, ərənlər, üzü həyalı, başı örpəkli gözəllər ağ çadırlarda eyni sazın, eyni qara zurnanın havasında “El yallısı”, “Heyvagülü”, “Sarı gəlin”, “Qaytağı”, “Tərəkəmə” oynayırlar. Araz çayını iki yerə böldükləri bu böyük millətin sərhədinə çevirənlər də yaxşı bilirlər ki, biz bir atanın, bir ananın övladlarıyıq. Bu tayda qardaşın barmağına tikan batanda o tayda bacının ürəyi qanayır, o tayda qardaş “qardaş!” deyə həsrətdən sayıqlayanda bu tayda anaların yuxusu qaçır.
Bax, buna görə Azərbaycan İrana digər qonşulardan bir pay artıq mehriban dost, qonşu olub, olmağa çalışıb.
İkincisi də bu gün xristian ermənilərlə qucaqlaşıb, öpüşüb-görüşüb, onlara hamilik etsələr də farslar da bizim kimi müsəlmandırlar. Daha doğrusu, guya müsəlmandırlar. Hətta İran İslam respublikasıdır. Deməli, iranlılarla həm də dindaşıq və bir də buna görə biz millət səviyyəsində də, dövlət səviyyəsində də əmmaməsi başından daha qiymətli qonşulara xüsusi münasibət bəsləmişik. Axı Allah müqəddəs kitabımız Qurani-Kərimdə buyurub ki, müsəlman müsəlmanın qardaşı olmalıdır, haqlıdırsa onun tərəfin saxlamalıdır...
Bəs elə isə bu gün açıq şəkildə Ermənistana himayədarlıq edən, onu gücləndirməyə, hətta silahlandırmağa çalışan, Qafanda mal fermasına oxşayan yarımçıq binada tələm-tələsik konsulluq açmaqla Zəngəzur dəhlizinə maneçilik törətmək istəyən İran rəhbərliyi görəsən Azərbaycan sərhədində hərbi təlimlər keçirəndə Allahın qəzəbinə tuş gəlməkdən qorxmadılarmı? Bax, həmin o mal tövləsinə oxşayan yarımçıq binanın açılışında İranın Qafandakı konsulu Morteza Abedin Varamini açıq şəkildə deyib ki, Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir və ölkəsi heç bir sərhəd dəyişikliyini rəsmən tanımayacaq. Sonra da qafanlılara toxtaqlıq verib ki, narahat olmayın, artıq mən burdayam. Kül başınıza, Qafan erməniləri, görün kimin ümidinə qalmısınız. İran öz içindən dağılır, can verir, ağlayanı yoxdur, sizə nə gün ağlayacaq!..
Anladıq, fars mollaları dini-imanı çoxdan şər əməllərinə qurban veriblər. Ancaq unutmasınlar ki, Azərbaycanın istənilən düşmənə həddini bildirmək, yerini göstərmək, körpülərini Arazın dibinə göndərmək gücündə olan silahlı qüvvələri, adı ermənilərin yuxusunun qarabasmasına çevrilən komandoları var.
Cəhənnəm, Azərbaycana olan münasibəti bildik, yaxşı bəs NATO-nun ən güclü ordularından birinə sahib, yaratdığı ultramüasir silahlarla istənilən müharibənin taleyini bir anda dəyişmək iqtidarında olan “Bayraktar”larla, “Akınçı”larla, daha neçə-neçə hərbi texnoloji yeniliklərlə bu gün bütün dünyada söz sahibinə çevrilmiş Türkiyənin sərhədləri yaxınlığında hərbi təlimlər keçirmək nə deməkdir?
Əbəs yerə “əmmamələri başlarından qiymətli” demədik ki...