Mahir Rəsuloğlu |
Komandolarımızın silahları işə düşür və bu baş verərsə Qarabağdakı qanunsuz silahlı birləşmələrin məhv edilməsi əməliyyatı çox uzun sürməz
Qarabağ iqtisadi rayonu ərazisində yaşayan ermənilərin qondarma “Dağlıq Qarabağ respublikası”nın “siyasi rəhbərliyi” yenidən vəziyyəti gərginləşdirmək niyyətlərini nümayiş etdirməyə başlayıb. Ermənistanla sülh danışıqlarında müəyyən irəliləyişə nail olunduğu və konkret nəticə əldə edilməsi imkanı yarandığı bir vaxtda sanki kimlərinsə prosesə zərbə vurmaq istəyi açıq-aşkar sezilir. Bunu Ermənistan səfərindən əliboş dönən qondarma qurumun “prezident”i Araik Arutyunyanın Xankəndidə “ictimai televiziya”ya müsahibəsi zamanı işlətdiyi bəzi fikirlər də təsdiq edir. O, bildirib ki, hər şeydən əvvəl Bakı ilə birbaşa danışıqların ermənlərə nə verəcəyi dəyərləndirilməlidir: “Əgər həmin görüşlərdə faktiki müstəqilliyimizi, sabitliyimizi, sülhü qoruyub saxlamaq, bizim üçün həyati əhəmiyyət kəsb edən məsələləri qaldırıb həll etmək istəyiriksə, əlbəttə ki, görüşməliyik. Ancaq öz müqəddəratını təyinetmə hüququmuzdan əl çəkmədən və müstəqilliyimizin yolunu şübhə altına almadan.”
Beləliklə, Araik Arutyunyan 44 günlük İkinci Qarabağ müharibəsi və Ermənistanın acı kapitulyasiyası olmamış kimi uğursuzcasına hadisələri ilk mərhələyə qaytarmağa cəhd edir, açıq şəkildə sülhə mane olmağa çalışdığını göstərir. Bəs bu siyasi oyun “hansı mətbəxdə” hazırlanıb? Rəsmi İrəvanın bu işlə əlaqəsinin mövcudluğu ehtimalı nə dərəcədədir?
Xatırladaq ki, qondarma “prezident”in və “nümayəndə heyəti”nin oktyabrın 16-da Ermənistanın baş naziri ilə gərgin atmosferdə keçən görüşünün təfərrüatları açıqlanmasa da Nikol Paşinyanın Araikə açıq şəkildə “bizə güvənmə” deməsi ilə bağlı məlumatlar yayıldı. Erməni mətbuatının yazdığına görə, Paşinyan Qarabağdakı ermənilərə deyib ki, ümidinizi özünüzə bağlamalısınız, bizə və ruslara deyil. Paşinyanın konkret olaraq Rusiyanın təkcə Qarabağda deyil, ümumilikdə Cənubi Qafqazda müvəqqəti olduğunu və tezliklə getməli olacağını dediyi də iddia edilir. Əgər Ermənistanın siyasi hakimiyyəti həqiqətən belə bir mövqe nümayiş etdiribsə o zaman qondarma “prezident” nəyə ümid edərək “öz müqəddəratını təyinetmə hüququ”ndan və müstəqillik ideyalarından danışır? Əsl ana vətənlərinin üz döndərdiyi cinayətkarlar bu cəsarəti haradan alırlar? Axı Araik çox yaxşı bilir ki, Azərbaycanın səbri tükənən zaman komandolarımızın silahları işə düşür və bu, baş verərsə Qarabağdakı qanunsuz silahlı birləşmələrin məhv edilməsi əməliyyatı çox uzun sürməz.
Hər bir halda, cinayətkar rejimin başçısının “ictimai televiziya”ya müsahibəsindəki bəzi məqamlar ciddi şübhələr yaradır. O, bildirib ki, müharibənin dayandırılmasında Rusiya Federasiyasının töhfəsini və müharibədən sonrakı iki ildə sülhməramlı missiyanın əhəmiyyətini nəzərə alaraq Qarabağın gələcəyini Rusiyanın iştirakı olmadan təsəvvür edə bilmir: “Təəssüf ki, uzun müddətdir davam edən münaqişənin daha dərin kökləri var. Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalanıb. Bu o deməkdir ki, indi Türkiyənin bu regionda mövqeyi və rolu 44 günlük müharibədə olduğundan qat-qat böyükdür. Bu səbəbdən biz təkcə sülhməramlı missiya təsəvvür etmirik, həm də Rusiyadan daha etibarlı təminatlar gözləyirik.”
Araik 3 ildən sonra Rusiya sülhməramlı missiyasının müddətinin başa çatacağı ilə bağlı suala cavab olaraq bir daha bildirib ki, onların Qarabağın gələcəyi ilə bağlı strategiyalarında ilk növbədə təhlükəsizlik problemlərinin həlli baxımından Rusiyanın iştirakı nəzərdə tutulub. Ancaq bunun hansı formatda olacağı hələ ki, bilinmir.
Araik Arutyunyanın bu yaxınlarda Rusiyaya səfərə getmək istəməsi ilə bağlı Ermənistan KİV-də yayılan məlumatları da nəzərə alsaq son erməni “ssenarisi” haqqında təsəvvür əldə etmək mümkün olur. Ehtimal ki, İrəvanda keçirilmiş qapalı görüşdə Nikol Paşinyan Araikə Ermənistanın Qərbin təzyiqi ilə Azərbaycanın ərazi bütövlüyünü tanımağa və sülh müqaviləsini imzalamağa məcbur edildiyini, Qarabağa iqtisadi yardımdan başqa heç nə etmək imkanının qalmadığını açıq şəkildə söyləyib. Son ümid kimi isə qondarma rejim rəhbərliyinin sığınmaq üçün Rusiyaya üz tutması qərara alınıb. Bu ehtimalı gücləndirən başqa bir məqam da var: Rusiya vətəndaşı olmuş, bir müddət öncə daimi yaşamaq üçün Qarabağa köçdüyünü elan etmiş erməni milyonçu Ruben Vardanyan noyabr ayının əvvəllərindən qondarma rejimin “dövlət naziri” kimi fəaliyyət göstərəcək. Təyinat haqqında Vardanyan rəsmi “Facebook” səhifəsində yazaraq bildirib ki, bütün sağlam qüvvələri öz ətrafında birləşdirəcək və “ölkəni” böhrandan çıxarmaq üçün real işlərə rəhbərlik edəcək: “Noyabrın əvvəlində mən rəsmi olaraq “Artsax”ın (Qarabağ iqtisadi rayonu-M.R.) dövlət naziri vəzifəsini icra edəcəyəm. O zaman strateji məqsədlərimizi, həll edilməli olan prioritet məsələlərimizi açıqlayacam, həmçinin atılacaq ilk addımlar barədə məlumat verəcəyəm.”
İrəvanda hazırlanmış hiyləgər erməni planında diqqətə alınmamış bir vacib məqam var. Araik və onu bu son addıma vadar edənlər yaddan çıxarırlar ki, Azərbaycanla Rusiya arasında da “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” 43 bənddən ibarət Bəyannamə imzalanıb. Həmin Bəyannamədə isə hər iki ölkə bir-birinin ərazin bütövlüyünə hörmətlə yanaşdığını bəyan edib. Hələ 44 günlük müharibə zamanı da Rusiya Prezidenti Vladimir Putin bütün ermənilərin “acı göz yaşlarına” rəğmən həqiqəti – Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisi olduğunu bildirmişdi. Üstəlik, Rusiya iki ölkə arasında münasibətlərin normallaşması üçün aparılan danışıqlarda vasitəçilik missiyasını üzərinə götürüb. Daha mühüm bir faktor isə Türkiyə faktorudur. Məlum olduğu kimi, Azərbaycanla birlikdə olduğunu təkrar-təkrar xatırladan Türkiyənin Rusiya ilə münasibətləri də normal səviyyədədir. Ukrayna ilə müharibə fonunda Rusiyanın Türkiyəyə çox böyük ehtiyacı var və Şimal qonşumuz heç bir halda indiki vəziyyətdə Türkiyə ilə üz-üzə gəlmək istəməz...
Hər bir halda Azərbaycan öz ərazisində olan məsələləri özü həll edəcək. Vaxt isə daralır. Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxşı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi: “2020-ci ilin noyabrında Rusiya Federasiyasının vasitəçiliyi ilə üçtərəfli Bəyanat qəbul edilib. Azərbaycan Bəyanatın bütün müddəalarını yerinə yetirir, o cümlədən Ermənistandan Qarabağa maneəsiz girişi təmin edir. Ermənistan Bəyanatın özünə aid hissəsini icra etmir. Məhz Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etmir, halbuki bu, onun hüquqi öhdəliyidir, həmçinin Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini indiyədək çıxarmayıb. Biz hələ ki, səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq.”